Vətən Müharibəsinin 10-cu günü – böyük qələbəyə doğru…

0
717

Ermənistanın təxribatlarından sonra Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi düşməndən təmizləmək üçün başlatdığı Vətən müharibəsinin 10-cü günüdür. Hər şey istədiyimiz kimi gedir. Şanlı ordumuz uğurlu əks-hücum əməliyyatı ilə indiyə qədər kəndləri, strateji mövqeləri azad edirdisə, artıq buna şəhər də əlavə olundu. Qəhrəman hərbiçilərimiz oktyabrın 4-də xalqımızın 27 illik, daha dəqiq desək, 9905 günlük Cəbrayıl həsrətinə son qoydu.

Cəbrayıl qələbəsinin ardından ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti yayımlandı və əməliyyatların Dağlıq Qarabağın son qarış torpağı azad edilənə qədər davam edəcəyi qətiləşdi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert  Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında dedi ki, ordumuz hərbi plana uyğun olaraq, çox ləyaqətlə tapşırıqları yüksək səviyyədə, peşəkarcasına yerinə yetirir: “Azad edilən strateji yüksəkliklər gələcəkdə bu istiqamətdə hücumlarımızın davamlı xarakter almasını təşkil edəcək, düşmənə ehtiyat toplamağa imkan verməyəcək, düşmənin o istiqamətdən cəmlənmiş qüvvələrini sıradan çıxaracaq. Düşmən artıq geri çəkilir, ordumuz uğurla irəliləyir. Ermənilərin illərlə qurduqları sistem sıradan çıxarılır. Keçilməz xətt dedikləri sistemlərini darmadağın edirik. Düşmənin əsas döyüş texnikası və canlı qüvvəsi sıradan çıxarılır. Ona görə də çaşqın vəziyyətə düşən düşmən həm də xarakterindən irəli gələrək Gəncə və digər ərazilərimizi vurmaqla istəyir ki, daxilində bir inam yaratsın. Bu da çox mənasız, boş bir inamdır. Azərbaycan dövləti müharibəni davam etdirəcək. Müharibə bütövlükdə Qarabağ torpaqları azad olunandan sonra dayanacaq. Paşinyanın nə zaman razılaşıb, danışıqlar masasına oturmasına gəlincə, deyim ki, Paşinyan siyasətdən uzaq, ağılsız bir adamdır. Ümumiyyətlə, indiyə qədər Ermənistana rəhbərlik edən şəxslər heç vaxt reallığı qiymətləndirməyiblər. Digər tərəfdən, xalqı aldadıblar. 2016-cı ilin aprel savaşından sonra heç bir dövlətin mənəvi haqqı yoxdur ki, atəşkəs istəsin. Cənab Prezident şərtlərini irəli sürdü. Paşinyan üzr istəməli, ermənilər Qarabağdan çıxmalı, BMT qətnamələri yerinə yetirilməli, işğal altındakı torpaqlardan çıxmaq qrafiki göstərilməlidir.

Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın  etdi” - FOTOLAR

Emin Həsənli: “Başqa ölkələrin rəhbərlərində Qarabağın açarı yoxdur”

Başqa heç bir halda hər hansı bir danışıqdan, atəşkəsdən söhbət gedə bilməz. Həm 90-cı illərin əvvəllərində,  həm də 2016-cı ilin aprelində biz o atəşkəsi gördük. Artıq bu hiylələrin hamısı keçib. Bircə yol qalıb, bütövlükdə Qarabağ azad edilməlidir. Başqa alternativ yol yoxdur. Paşinyan vaxtında razılaşsaydı, torpaqlarımız mərhələ-mərhələ qayıtsaydı, bu ərazilər ərazilərimiz kimi tanınsaydı, belə itkilərlə, rəzil durumla üzləşməzdi. Son anda onlar yalvaracaqlar. Ziyanın yarısından nə vaxt qayıtsan xeyirdir. Ağıllarını başlarına toplasınlar. Yaşı orduya çatmayanları, yaşlı adamları qırdırırlar. Onlar döyüşmək istəmirlər. Paşinyan öz xalqının da düşmənidir. Xəstə bir təfəkkürə xidmət edir. Siyasətdən, diplomatiyadan, idarəetmədən uzaq adamdır.  Küçədən hakimiyyətə gəlib və küçə adamlarının fikirləri ilə ölkəni idarə edir. Belə idarəçiliyin isə nəticəsi bu cür olur. Hələ bundan da ağır olacaq. Ermənistanı daha ağır böhran gözləyir. Azərbaycan soyqırıma, işğala məruz qalmasına baxmayaraq, illərlə onlara səbir etdi, danışıqlar apardı. İndi də bu qədər məğlub olduqları bir vaxtda Gəncə, Bakı və digər ərazilərimizə mərmilər, müxtəlif raketlərdən silahlar atırlar, mülki əhalini hədəfə alırlar, beynəlxalq konvensiyaları pozurlar. Bir sözlə, riyakarlıqlarından əl çəkmirlər. Amma yanılırlar. Güclü Azərbaycan dövləti, ordumuz var. Ən əsası, vətənpərvər Azərbaycan xalqı var. Necə bir düşmənlə üz-üzə qaldığımızı bütün dünya yaxşı bilir. Paşinyana bir tövsiyəm var ki, açarı orada, burada axtarmasın. Bu məsələnin açarı Bakıda cənab Prezidentdədir. Başqa ölkələrin rəhbərlərində Qarabağın açarı yoxdur. Qarabağ Azərbaycanın ərazisidir, Qarabağ Azərbaycandır. Bu məsələni dövlətimiz öz ərazi bütövlüyü çərçivəsində yaxın günlərdə həll edəcək”.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar” - ONN İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “Silahlı Qüvvələrimiz işğalçı ölkəni sülhə məcbur edənədək əməliyyatları davam etdirəcək”

Siyasi şərhçi Elçin Mirzəbəyli: “Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin azad olunması istiqamətində uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Ordumuzun hədəfləri ilk gündən Ali Baş Komandan tərəfindən elan olunub və Silahlı Qüvvələrimiz işğalçı ölkəni sülhə məcbur edənədək əməliyyatları davam etdirəcək. Qeyd edim ki, sülhə məcburetmə əməliyyatlarının beynəlxalq hüquqi bazasını isə BMT Nizamnaməsinin VII və VIII fəsilləri, BMT Nizamnaməsinin 51-ci maddəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Müharibənin nə zaman bitəcəyinə, Ermənistan rəhbərliyinin hansı mərhələdə danışıqlar masasına oturacağına dair konkret fikir söyləməyin mümkün olmadığını düşünürəm. Həs şey hadisələrin inkişafından asılıdır. İndiki şəraitdə təkcə rəsmi İrəvanın deyil, Ermənistanın da mövcud reallıqları anlaması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qeyd-şərtsiz əməl etməsi üçün sülhə məcburetmə əməliyyatlarının davam edəcəyini düşünürəm. Atəşkəsin əldə olunması, danışıqlar prosesinin başlaması üçün isə Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin xalqa müraciətində elan etdiyi şərtlərə əməl etməlidir. Bunun alternativi yoxdur”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin