Lalə Şövkət əsgərlərlə çox pis danışdı: “Qeyrətsizlər, şərəfsizlər torpaqları atıb qaçdınız”

0
2818

1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri Azərbaycanın daha bir rayonunu Cəbrayılı tamamilə işğal etdilər. Cəbrayıl işğal olunan ərəfədə artıq Xocalı,  Laçın, Kəlbəcər, Ağdam rayonları tamamilə, Füzuli rayonunun ərazisinin isə xeyli hissəsi, o cümlədən keçmiş Hadrut rayonu ilə həmsərhəd olan ərazilər işğal olunmuşdu. Mövcud vəziyyət və vahid ordunun olmaması rayonun müdafiəsini mümkünsüz etmişdi.

Картинки по запросу Cəbrayıl

Cəbrayılın hər qarış torpağı uğrunda müharibə hələ 1988-ci ildən başlamışdı.

Qızğın döyüşlərdə birbaşa iştirak edən döyüşçülərdən biri də həmin dövrlərdə Cəbrayılın sahə müvəkkili işləyən polis mayoru Aydın Atakişiyev Niftalı oğludur.  Polis mayoru dəfələrlə düşmənlə üz-üzə gəlib. Cəbrayılın hər qarış torpağı uğrunda gedən döyüşlərdə iştirak edib,  günlərlə mühasirədə qalıb, amma təslim olmayıb.

1948-ci il Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. 1988-ci ildən 1997-ci ilədək ermənilərlə vuruşub. Daha sonra qaçqınların məskunlaşdığı Səbail rayonunda sahə inspektoru vəzifəsinə təyin edilib. A. Atakişiyev 2003-cü ildə təqaüdə çıxıb.

Keçmiş döyüşçü ilə qaçqınların məskunlaşdığı yataqxanada görüşdüm.

Ayaqları sözlərinə baxmırdı, illərdir şəkər xəstəsi idi. Cəbrayıl haqqında danışmağa başladıq. İlk sualım elə Cəbrayıl hadisələrinin nə zamandan başlamağı ilə bağlı oldu. Dərin bir ah çəkərək döyüşçü əzmi  ilə danışmağa başladı.

“1988 ci ilin fevral ayında  Cəbrayıl rayonu polis şöbəsində sahə inspektoru vəzifəsində işləyirdim.   Məlumat verdilər ki,  ermənilər Ağdama hücum ediblər. 20 nəfər polislə birlikdə bizi avtobusa yığdılar. Ağdama getdik. Xəstəxanaya hücum olmasın deyə təhlükəsizlik bizə tapşırıldı. Bərdə və Cəbrayıl polisi xəstəxananı qoruyurdu.

Həmin vaxtı 2 nəfər cavan uşağı ermənilər öldürmüşdü.  Müharibə elə oradan başladı.

Gəncə və ətraf bölgələrdən sakinlər yığışıb gəldi ki,  ermənilərə hücum etsin. Camaatın qabağını kəsdilər, imkan vermədilər. Gecə ilə, saat 4-də bizi rəis müavini Novruzovun rəhbərliyi ilə Xankəndinə apardılar.  Hava çox şaxtalı idi. Dəhşət izdiham var idi. Ermənilər “Miatsun” deyə qışqırırdılar.  Aradan bir az keçdi. “1-ci katib Kamran Bağırov Xankəndinə gəlir”-dedilər. Kamran Bağırov  Dağlıq Qarabağın 1-ci katibi vəzifəsinə   Poqasyan adlı ermənini təyin etdi və getdi. Sonra ermənilər sevindilər,  “URA” deyib əl çaldılar. Səhər 4-ə yaxın bizi Şuşaya apardılar. Yataqxanaya getdik, binalar boş idi.   Bizi orada yerləşdirdilər. 3 saat yatdıq. Hava da  dəhşət şaxtalı idi. Orada eşitdik ki,  Cəbrayıla hücum olub. Bizi  qaytardılar Cəbrayıla. Gəldik gördük  ki, Cəbrayıl şəhəri ilə Hərəkül arasına ermənilər alaqapı qoyublar.

Red: – Ermənilər Cəbrayıl şəhərinin şimal çıxacağında bir gecədə Cəbrayılın dağ kəndlərinə qalxan asfalt yolun üstündə, şəhərin 50 metrliyində alaqapı quraşdırıblar. Cəbrayıl müəllimləri arasında əməkdar müəllim adına layiq görülən rus dili müəllimi Yervant Qəhrəmanyan həmin vaxtlarda böyük “aktivlik” nümayiş etdirib. O, erməni dilində kağıza “Bura qədim erməni torpağıdır” yazıb, butulkaya ataraq darvazanın fundamentinə qoyub. O, gündən Cəbrayılın Hadrutla həmsərhəd kəndlərində polis postları qurulmağa başlayıb. 

Alaqapını əvvəllər ermənilər gətirib Cəbrayılın kənarına qoyublar.  O vaxtı cəbrayıllılar imkan verməyib, onu söküb çıxartmışdılar. Ermənilər qapının bünövrəsinə butulkanın içində yazıb qoymuşdular ki, guya bu çoxdanın qapısıdır. Onu da çıxartdılar.

Hadisələr başladı. 1988-ci ilin fevralından sonra ermənilərdə canlanma oldu.  Həmin vaxtlarda mənim əsas vəzifəm Dağtumas, Şahvəlli,   Sirik,  Şıxlar, İsaxlı  kəndlərinə nəzarət etmək idi. Ermənilərin hücumundan qorunmaq üçün gecələr camaatla birgə postda dururduq.   1991-ci ildə ildə bizə  pasport rejimini yoxlamaq əmri verildi.  Rus komendantı bizi harasa getməyə qoymurdu. Cəbrayıl ətrafında ermənilərin məskunlaşdığı 11 kəndi yoxlamağa başladıq. Kəndlərdən erməniləri çıxartdıq.   Hadrutun 11 kəndini boşaltdıq. Cəbrayıldan  başqa heç bir rayon ermənilərin yaşadığı kəndi təmizləmədi.

Erməniləri köçürərkən də ərizələrin aldıq sakit rejimdə köçürdük.

İrəvandan qovulan azərbaycanlıları gətirib orada məskunlaşdırdıq. Ermənilər yenə farağat  durmadılar.  1991-ci ildə Hərəkülə yaxın Zamzura hücum oldu. Orda postlarımız var idi.  Polis işçilərimiz də postda idi. Kazım Məmmədov adlı polis işçisi xeyli erməni öldürmüşdü. Ermənilər onu tutmaq üçün məktəbi yandırdılar. O isə təslim olmadı, amma yandı kül oldu. Şəhidin külünü Cəbrayıla gətirdilər və ona Milli Qəhrəman adı verildi”.

Hadisələri xatırlayıb, danışdıqca keçmiş polis mayorunun  gözləri dolurdu. Buna baxmayaraq, döyüşçü əzmi onu dah şux durmağa məcbur edirdi.  Söhbətimizə davam etdik.

–  Xocalıda qırğın törədiləndə Cəbrayılda nələr baş verdi?

-Xocalı faciəsi olanda mən Cəbrayılda sahə inspektoru idim.  Camaat əlinə dəhrə, balta alıb,  əli yalın getmək istəyirdi. Rus komendantı imkan vermirdi. Xocalıları ruslar qırdı. 366-cı diviziya gəldi camaatı biçdi. Xalq Cəbhəsi bir tərəfdən əmrlər verirdi, ordu yox idi. O vaxtı ordunun işini  polis alayları görürdü. Sonradan ordu yaradılsa da, Vətənə xeyiri olmadı, hər kəs özünə işləyirdi.

1993-cü ilin 15 avqustunadək Daşbaşına 4 dəfə hücum  olmuşdu. Daşbaşı Cəbrayıl üçün xüsusi rol oynayırdı. Daşbaşının alınması Cəbrayılın müdafiəsinin qırılması demək idi. Polis alaylarının köməyi ilə erməniləri sonuncu hücumdan sonra da  ordan qovduq.  Ermənilər həmin gün Daşbaşında posta duran 21 gənci xüsusi amansızlıqla qətlə yetirmişdi.

– Ermənilər Cəbrayılda yerləşən xüsusi məntəqələr haqqında məlumatı haradan və necə əldə edirdilər?

– Satqınlar çox idi. Ermənilərə işləyən kəşfiyyatçılar da az deyildi. Onlar işıqlandırıcı güllələrdən də istifadə edirdilər.  Gəlib yerin deyirdilər. Həmin yeri də ermənilər raketlə vururdu. Biz artıq bilirdik ki, işıqlandırıcı güllədən istifadə edilən yer vurulacaq.  Ermənilər qradla evləri dağıdırdılar.  Evimə də qrad düşmüşdü. Cəbrayılda xeyli adam qrad mərmilərindən elə yaşadığı evdə öldü.

– Cəbrayıl uğrunda qızğın döyüşlər nə vaxt başladı?

-Şiddətli döyüşlər 1993-cü ilin əvvəllindən başladı. Ordu  Sirik, Surda  döyüşürdü.  Döyüşlərdə 16 polis şəhid oldu,  83 polis isə yaralandı. 2 şəhid polisə isə  Milli Qəhrəman adı verildi. Sur, Şayaq uğrunda qızğın döyüşlər başladı. 1993-cü ilin avqustunda Füzuli alındı, daha sonra  Cəbrayıl işğal edildi. Biz Arazboyunda qaldıq.  Horadiz, Arazboyu açıq idi.  1993 avqustun 23-də Əmirvarlı kəndində polis nəfəri ilə xidmətdə olanda Mahmudlu istiqamətində gurultu başladı,  ermənilər rayonu toplarla atəşə tutmuşdu.  Yer-göy lərzəyə gəlirdi.  Biz əhalini  dəmir yolu qırağına yığmışdıq. Həmin vaxtlar Cəbrayıl camaatı üzüm yığımında idi. Top atılan tərəfə getdim.

 Yolda bir nəfər qaça-qaça gəlirdi ki,  bəs erməni Mahmudlunu alıb yolları bağlayıb. 

Əmirvarlıya enəndə gördüm ki, ermənilər Şıxalı istiqamətində gəlirlər, iki kənd qalıb. Camaatı sərhəddə, dəmir yolu qırağına yığdıq. Ermənilər hücum etsə heç olmasa, İran tərəfə, Araz çayı ilə keçə bilsinlər.  Səhər tezdən komanda verildi,  Cəbrayıl rayon Polis Şöbəsinin rəisi Vaqif  Məhərrəmov da gəldi. Camaatı Xudafərinə səfərbər etdik. Cəmi 17-18 polis qalmışdı. Şıxalı, Əmirvarlı, Göyərçinli, Veysəlli, Soltanlı, Alıkeyxalı, Hasanlı, Maşanlı, Xələfli kəndlərinin camaatını Xüdafərin körpüsünə topladıq. Ermənilər bu zaman Cəbrayıl camaatına qarşı qırğın törədəcəkdi. Camaatın görünməməsi üçün Xüdafərin körpüsü istiqamətdə getmələri haqda göstəriş verdik.

Ermənilər artıq Xudafərinə tərəf irəliləyirdilər. Səhər kəndə baş çəkmək üçün geri qayıtdım, dərəni düşəndə gördüm ki, iki qoca qadın  bir tay buğda unu, ulaq yüklü araba da yanlarında dərədə ağlaşır. Araba aşmışdı. Qadınları da maşına mindirib dərəni çıxdıq. Təpənin üstünə çıxanda gördük ki, ermənilər Zəngilan tərəfdən gəlir.  Qabaqda ağ Niva, ZİL-131,  top çəkən maşınlar ata-ata gəlirlər. Gəldik təpədən enəndə, Qumlağ yoluna girəndə az qaldı ermənilərlə qarşılaşaq. Sürücü maşını ehtiyatla sürdü.

100 metrlikdə erməni ilə qarşılaşdım. Dedim artıq gecdir, formadayam, bizi vuracaqlar.

Ermənilər nədənsə qarşıdakı yola çatmamış dayandı. Biz dağı  hərlənib Xüdafərin körpüsünə çıxdıq. Qubadlı və Laçın korpusu  Vaqif Cabbarov və İlqar Məmmədovun komandası da orda idi. Silah-sursat da ora yığılmışdı. Ermənilər camaata hücum etməsin deyə postlar qurduq. Bir tərəfdən də Cəbrayıl rayon Polis İdarəsinin rəisi Vaqif Məhərrəmovla birgə İranla danışıqlar aparırdıq. Axırda camaatı sərhəddən  buraxdılar. Camaata payladığımız silahları yığdıq. Avqustun 25-i kəndlərdən gələn camaatın hamısı İrana keçdi. Dərin nəfəs ala bilərdik.  18 polis işçisi qalmışdı və Daxili İşlər Nazirliyindən 43 yanğınsöndürən işçisi də köməyə gəldi. Bizə dedilər ki,  silahları təhvil verməsəz, siz keçməyəcəksiz,  polis və əsgərlər buraxılmadı. Mülki vətəndaşlar isə keçdi.  Biz isə silahları və 2 qradı vermədik.

Noyabrın 1-dək ac-susuz neytral zonada qaldıq. İran tərəfdən ara-sıra lobya konservləri gətirirdilər.  Oktyabrın 28-də dedilər ki, dövlət katibi Lalə Şövkət və  polis polkunun komandiri Fətullah Hüseynov gəlir. Lalə Şövkət əsgərlərlə çox pis danışdı.  “Qeyrətsizlər,  şərəfsizlər torpaqları atıb qaçdınız”. Əsgərlər az qaldılar ki, onu öldürələr, polislərlə birgə onu əhatəyə alıb birtəhər ərazidən çıxartdıq.  Fəthullah Hüseynovun isə heç bir köməyi dəymədi.

Noyabrın 1-i idi, bərk yağış yağırdı.   Körpünün üstünə çıxdıq və bizi buraxdılar. İrandan keçib, İmişli sərhəddinə gəldik. Aylardır mühasirədə idik,  üst-baş pis günə qalmışdı.

 Polislərin ailəsindən heç xəbəri də yox idi.

Sonra ailəmin hərəsini bir tərəfdən tapdım.  Camaatın çoxu Beyləqan düzünə yığılmışdı. Bəzilərini düzdə ilan vurdu,  həyatlarını itirdilər.

Daha sonra Biz cəbhə bölgələrində vuruşduq.  Füzulidə gedən qızğın döyüşlərdə iştirak etdik. 1994-cü ilin 5-7 yanvarında Füzulidə Horadiz və Cocuq Mərcanlını geri almaq üçün hücuma keçdik,  amma Lələtəpə yüksəkliyi erməninin nəzarətində olduğundan irəli gedə bilmədik.  Həmin günlərdə 20-dən çox kənd işğaldan azad edildi.

Polis mayoru danışmaqda çətinlik çəkirdi. Deməyə çox sözü var idi, amma xatırlamaq istəmirdi.

“Ən böyük arzum o torpaqları görməkdir. Güclü ordumuz var. Aprel döyüşləri erməni mifini dağıtdı. Bundan sonra da uğur bizimlədir. Cəbrayıl alınarsa, torpağını öpə-öpə gedərəm”-deyərək doluxsundu,  amma döyüşçü qüruru ağlamağa imkan vermədi.

Vüsalə Əlövsətqızı, A24.Az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin