Zöhrab Əmirxanlı bizə vicdansızlıq elədi… – Jalə

0
1268

“Portret” layihəsində Jalə Mütəllimova mərhum jurnalist Zöhrab Əmirxanlı haqqında danışır.

– Jalə xanım, Zöhrab Əmirxanlı ilə çoxdan dost idiniz? Bir-birinizi nə vaxt tanıdınız?

– 1990-cı illərin əvvəllərində. Mən işləmək üçün “Azadlıq” qəzetinin redaksiyasına müraciət elədim, onlar da məmnuniyyətlə qəbul elədilər. Və Zöhrabı da ordan tanımışam. Amma yaxın dostluq münasibətlərimiz illər sonra başladı. Sonra Mirzə Xəzərdən Azadlıq Radiosuna dəvət aldım, “Azadlıq”dan gedəndə Zöhrab məndən incidi. Özü də çox qəribə bir inciməyi vardı. Uzun müddət üzünə baxmazdı, hətta salam verərdin, almazdı. Bilirdin ki, bu küskünlük doğmalıqdan irəli gəlir. Düzü, bu cür küskünlük adama bir az da xoş gəlir. Amma buna baxmayaraq, mən getdim. Çünki “Azadlıq” qəzetində kağız problemləri vardı, maaşlar yubanırdı. Biz isə ailəmizə baxırdıq.

Daha sonra “Kaspi” qəzetində çalışmağa başladıq. Mövqe baxımından “Kaspi” bir az fərqli istiqamət idi deyə Zöhrab və “Azadlıq”da çalışan başqa dostlar yenə bizdən küsdülər. Biz isə sadə şəkildə izah elədik ki, burada mövqe dəyişikliyindən söhbət getmir, sadəcə, insanların ailələri qarşısında məsuliyyətləri var. Bizi “Azadlıq”dan getməyə sırf valideynlərimiz və ailəmizin digər üzvləri qarşısında daşıdığımız məsuliyyət vadar eləmişdi. Bu, dostları, insanları, mövqeni dəyişmək deyildi. Beləcə yollarımız ayrıldı…

– Zöhrab da səhv eləmirəmsə, “Azadlıq” qəzetindən ayrıldı, müstəqil jurnalist kimi fəaliyyətə başladı…

– Hə, sonralar müstəqil jurnalist fəaliyyəti ilə məşğul olmağa başladı. Hətta bir dönəm qəzet də çıxarırdı. Rusiyada azərbaycandilli qəzet buraxmaq məsuliyyətinin altına girmişdi və bu da çox ağır yük idi. Zöhrab bu işi bir müddət çox uğurla həyata keçirdi.

– Qəzetin pulunu kim verirdi? O vaxt qəzet çıxarmaq asan məsələ deyildi.

– Zöhrabın qardaşları bizneslə məşğul idi. Zöhrab da onlara qoşulmuşdu. Amma onun mətbuat sevgisi o qədər idi ki, biznesindən qazandığı pulun xeyli hissəsini Rusiyada azərbaycandilli qəzet buraxmağa sərf edirdi.

– Bəs Zöhrabla sonrakı münasibətləriniz necə davam elədi?

– Mən elə oldu ki, Azərbaycan Dövlət Televiziyasından iş dəvəti aldım. Demək olar ki, 10 ilə yaxın da burada çalışdım. Bu müddətdə təbii, ailə qurursan, övladlar dünyaya gəlir, xarici görkəm də xeyli dəyişir… Və günlərin birində sosial şəbəkədə Zöhrabı təzədən tapdım. Zöhrab məni xeyli danladı. Onun öz söyüş dili də vardı. Allah səni elə eləsin, belə eləsin… (gülür) Sən çıxıb getdin, yazmadın. Yazsaydın, səndən filan şey olardı və s. Dedim ki, abi, qayıdacam. Bu danışıqdan sonra mənim Zöhrabla “Azadlıq”dakı münasibətimiz bərpa oldu.

– Siz onunla necə bir dost idiniz? Bunu hansısa sözlərlə izah eləmək mümkündür?

– Bu, necə bir münasibət idi, deyim. Adamların çox dar bir məqamları olur. Və sən hiss eləyirsən ki, lap quyunun dibinə ensən belə, orda mütləq bir əl görəcəksən. Mənim həyatımda iki-üç insan bu cür insan var, onlardan biri də Zöhrab idi.

– Həyat yoldaşı Mehriban xanımı da tanıyırdınız?

– Tanıyırdım, amma çox yaxın münasibətlərimiz olmayıb. Sadəcə, yazar olaraq çox gözəl bir qələmi olduğunu bilirdim. Mehribanla Zöhrabın universitetdən bu yana çox gözəl bir sevgi macəraları var idi. Zöhrabın ölümünü tezləşdirən də, ümumiyyətlə, onun həyatını alt-üst edən də Mehribanın ölümü oldu. Özü də həmişə deyirdi ki, yaxşı görünməyimə baxmayın, mən viran qalmışam.

Məni Azərbaycan mətbuatında iki ölüm həmişə yandırıb və yandıracaq. Bir Elçin Səlcuq, bir də Zöhrab. Bilmirəm, kim bunu necə qəbul edəcək, mən bu iki adama hələ də Allah rəhmət eləsin deyə bilmirəm. İkisi də dəliqanlı idi, ikisi də çevik idi, ikisi də canıyanan adam idi. İkisinin də ürəyiyanmışlığından irəli gələn söyməkləri vardı. Biri var ki, kimisə nifrətdən söyəsən, nifrətdən acılayasan. Biri də var sevgidən söyəsən. Söyəndə, acılayanda biləsən ki, səni çox istəyir, ona görə belə edir. Elçin Səlcuq da, Zöhrab da adamı sevgi ilə söyürdülər. Onların heç birində kiməsə nifrət görmədim. Ancaq uşaq kimi küsürdülər.

– Zöhrab uşaqlıqdan şəkər xəstəsi idi, eləmi?

– Hə, uşaqlıqdan belə bir problemi vardı. Amma Mehribanın ölümündən sonra xəstəliyi daha da güclənmişdi. O öz xəstəliyinə həm də içkini əlavə elədi. Onun səhəti üçün içki qəti olmazdı. Hər görüşəndə deyirdim ki, abi, içki sənə olmaz, ziyandır. Siqaret olmaz, ziyandır. Çox yaxşı evi-eşiyi vardı, yaxşı şəraiti vardı. Çox gözəl, istedadlı balaları vardı. Amma o qadını ölümünü heç cürə qəbul eləyə bilmirdi. İkinci dəfə ailə də qurmadı. Ona çox dedim ki, bəlkə, səni ailə qurmaq ovudar. Xeyri olmadı. Evindən şəkillər çəkib mənə göndərirdi, deyirdi ki, divarın bu yerini Mehribanla bəzəmişik. Döşəmənin şəklini çəkib göndərirdi ki, buranı biz bir yerdə silmişik, burda onun ayağı sürüşmüşdü, qolundan mən tutdum. Bu xatirələrin üstündə heç bir qadın dura bilməz. Deyirdi ki, oğlumun gözünün qabağında mən başqa qadına necə qayğı göstərim?

– Bildiyimizə görə, iki qızı, bir oğlu var…

– Hə… Qızının biri ailə qurub, indi Amerikada yaşayır. O biri qızı da çox intellektlidir. Səhv eləmirəmsə, yaxınlarda o da Amerikaya getməli idi. Hərdən oğlu Mətinlə danışıram. Oğlan uşaqlarının müəyyən bir yaş dövrü var, onda ona ata yox, ana lazım olur. Buna görə də Mətinin yeniyetməlik dövründə Zöhrab çox əziyyət çəkirdi.

– Jalə xanım, Zöhrabın ölüm xəbərini necə eşitdiniz? Bu cür xəbərlərin hansı şəraitdə eşidilməsi nədənsə, mənim üçün maraqlıdır.

– Səhər tezdən Azər Sarıyevin statusun oxudum, yazmışdı ki, Zöhrab Əmirxanlı dünyasını dəyişib. İki gün əvvəl telefonda danışmışdıq. Soruşdum ki, Zöhrab, yeməyin-içməyin varmı? Yanına gəlimmi? Dedi, heç nə lazım deyil, bacım gəlib, yanımdadır. Mehribanın ölümündən sonra hamı Zöhraba iyirmi ildən sonra dünyaya gələn uşaq kimi qayğı göstərirdi. Hamı onu əl üstündə gəzdirirdi ki, bir şey olmasın. Biz də Zöhraba bu cür baxırdıq. İlqar Rəsulla tez-tez görüşürdü. Başqa yazarlarla, jurnalistlərlə də ünsiyyəti olurdu. Zöhrab çox kaprizli adam idi. Qəfil dəlisovluğu tuturdu, özündən çıxırdı. Ancaq umduğu adamlardan küsürdü.

– Bir neçə dostu ilə onun haqqında danışmaq istədim. Sən demə, hamısı ilə problemləri varmış…

– Hə, elə idi. Mənim özümlə də çox problemi olurdu. Hərdən onu evdən dartıb çıxarırdım ki, gəlsin, söhbət eləyək. Nizami Kinoteatrının arxasında balaca bir kafemiz vardı. Orda oturub söhbət eləyirdik. Mənimlə oturanda onu içməyə qoymurdum. O da hirslənirdi. Nə qədər başını bişirib yola gətirməyə çalışırdım, xeyri olmurdu. İnsanın müəyyən bir məqsədi ilə bağlı qərarı olur. Məsələn, deyir ki, filan şeyi edəcəm, filan yerə gedəcəm və s. Zöhrab da ölümünə qərar vermişdi. Və özünü cəzalandıra-cəzalandıra ölümə doğru gedirdi.

– Nəyə görə cəzalandırırdı? Günahı nə idi?

– Mehribana görə cəzalandırırdı. Mən hərdən elə sevgilərə inanmıram. Amma onların münasibətləri yadıma düşəndə qəribə hislər keçirirəm. Zöhrabın sevgisi möhtəşəm bir kişi sevgisi idi. Adam inana bilmir ki, hər kişi qadınına o qədər bağlı ola bilər, o qədər sevə bilər, o qədər rəğbət bəsləyə bilər… Həmişə deyirdi ki, Jalə, məndə yaşamaq alınmır. Evə girirəm, alınmır. Uşaqlarla ünsiyyət qurmaq istəyirəm, alınmır. Baxmayaraq ki, nə qədər istedadlı, nə qədər bacarıqlı idi, amma deyirdi ki, alınmır. Onun nə maddi problemi vardı, nə evsizlik, nə də övladları ilə problemi vardı… Sadəcə, Mehribanın ölümündən sonra yaşaya bilmirdi. Bilə-bilə ki, şəkərdir, bilə-bilə ki, olmaz, yenə içkisini də içirdi, siqaretini də çəkirdi.

Son mərhələdə onun gözləri tutulmağa başlamışdı. Hətta yaxın məsafədən də görə bilmirdi, əziyyət çəkirdi. Düz gözünün qabağında dayanmışdım, amma o, məni səsimdən tanıdı. Dedim ki, Zöhrab, sən mən boyda adamı görmürsən? Məni görməmək olar? Onda qayıtdı ki, çox qalmayıb.

– Bu, nə vaxtın söhbətidir?

– Təxminən, ölümündən bir ay yarım qabaq olmuşdu. Orqanizmini bilirdi. Müalicə alırdı. Elə dərmanları vardı, yalandan deyirdi ki, atıram. Amma atmırdı. Bir dəfə Votsapda dedim ki, Zöhrab, gəlim səni görüm. Sən demə, lap ağır vaxtları imiş. Gözləri görmürmüş. Fiziki cəhətdən xeyli zəifləyibmiş. Dedi ki, nənə, yaxşıyam, gəlmə, başqa bir vaxtda danışarıq. Üstündən iki-üç gün keçəndən sonra Azər Sarıyevin statusun oxudum. İlahi, necə yəni Zöhrab ölüb? Axı iki gün qabaq danışmışdım. Tez Elbrusa yığdım, cavab vermədi. İlqar Rəsula zəng elədim, dedim ki, belə bir şey eşitmişəm. İlqar dedi ki, biz yoldayıq, onu Şamaxıya dəfn eləməyə aparırlar. Məni götürə bilmədilər, artıq Şamaxıya çatırdılar…

Sonra düşündüm ki, nə yaxşı onun dəfnini görmədim. Onsuz da Zöhrabın ölümünü mən yaşaya-yaşaya görmüşdüm. Onun əslində, çoxdan öldüyünü üz-üzə söhbət eləyəndə görmək olardı.

– Feysbukda yazdığı statuslarını oxuyanda görürsən ki, nələrəsə işarə edirmiş. Adam həyatda olanda hiss eləmirsən, dünyasını dəyişəndən sonra o işarələri aydın görürsən.

– Hə, işarə edirdi. APA TV-də bir bölümümüz vardı, mən orda şeirlər səsləndirirdim. Bəzən Zöhrab mənə yazırdı ki, sənin səsini eşidəndə ölməkdən də betər oluram. Bu şeirləri oxuma, səsləndirmə. Mənə təsir edir, pis oluram. Hiss edirəm ki, şeiri səsində yaşantıya çevirirsən. İçkili vəziyyətdə olanda məni söyüb-batırırdı. Amma Zöhrab elə dost idi ki, onu hər dəfə bağışlamağa dəyərdi. Qəlbimə dəyirdi, amma yenə ondan soruşurdum ki, necəsən, dərmanlarını içmisənmi? Evə getmisənmi? Uşaqlar necə oldu?

– Ailə qursaydı, sizcə, nəsə dəyişəcəkdimi?

– İnanmıram nəsə dəyişəydi. Mənə elə gəlirdi ki, o, yenidən ailə qurub hansısa qadını bədbəxt edəcəyindən qorxurdu. Çünki səhhətində problemi vardı, şəkər, ciyər də sıradan çıxmış durumda idi, gözləri get-gedə zəifləyirdi… Deyirdi ki, proqnozlaşdıra bilmirəm o qadın mənim uşaqlarımla necə davranar. Birdən uşaqlara münasibəti xoşuma gəlməz, bəs mən ona necə davranaram? Mənə bir dəfə demişdi ki, Jalə, ailə adama bir dəfə verilir, ya onu kişi kimi qurursan, ya da qura bilmirsən, alınmır…

– Bəs Mehriban xanımın Zöhraba münasibəti necə idi, sevgiləri qarşılıqlı idimi?

– Onların sevgisi həm ər-arvad münasibəti idi, həm sevgili, həm bacı-qardaş, həm də dost. Onların sona qədər qəribə münasibətləri vardı. Bir dəfə təklif elədim ki, Zöhrab, bu evi sat. Qızının toyqabağı evdə mebellərini dəyişmək fikirləri vardı. Zöhrab mənə dedi ki, mebelləri dəyişə bilmirəm, bu rənglərin hamısı Mehribanın arzularıdır. Deyirdi ki, Mehribanın evimizlə bağlı arzuları vardı, filan şey elə olsun, filan şey belə olsun. Onların bir qismini Mehriban görə bilmədi, amma Zöhrab eləmişdi. Uşaqları isə daha müasir əşyalar istəyirdi, Zöhrab Mehribanın köhnəlmiş arzularının üstündən xətt çəkə bilmirdi. Amma bu şeylərin heç birini uşaqlarına demirdi. Anaları ilə bağlı onların dərdini təzələmək istəmirdi. Zöhrabın belə sarsıntıları vardı.

– Mehriban xanım ondan daha cavan rəhmətə getmişdi…

– Hə, o, lap cavan idi.

– İkisi bir yerdə hansısa antikvar şair qədər yaşamadı…

– Yaşamadı… Bəlkə də xoşbəxtlik budur. Yəni beş il, üç il o cür xoşbəxt yaşayırsan ki, sən dünyanı dəyişirsən, gedirsən, bu dünyada isə kimsə arxanca gəlmək istəyir.

– Maraqlıdır, sizin dini dünyagörüşünüzə görə, Mehribanla Zöhrab indi bir yerdədirlər?

– Mən inanclı insanam. Allaha da inanıram. Amma vallah, düşünürəm ki, indi onlar bir yerdə deyillərsə, bu, Allahın günahıdır. Mən bu günahı yalnız Allahın ayağına yaza bilərəm. Baxmayaraq ki, mənim övladdan da qabaq bir Allah sevgim var.

– Mehribanla Zöhrab qrup yoldaşı olublar…

– Hə, bir qrupda oxumuşdular.

– Mirşahin də onlarla oxumuşdu?

– Hə… Mirşahin, Afaq Vasifqızı, Mehriban, Zöhrab Əmirxanlı və s. Onların sevgi münasibətlərini Afaq Vasifqızı daha yaxşı bilir. Bir şey də deyim. Deyirlər ki, sevgi transfer olur. Sevdiyin insanla ailə qurursan, sevgin bir az övlada keçir, bir az ataya, bir anaya keçir və s. Mehribanla Zöhrabda belə bir şey olmadı. Bu cür sevgilər isə hər qadına, hər kişiyə nəsib olmur. Deyim ki, ideal xarici görkəmləri var idi? Yox! Vazkeçilməz idilərmi? Yox! Elə də xarici görkəmləri yox idi. Amma ruhları gözəl idi. Mehribanla Zöhrab ruh əkizi idilər. Həyat yoldaşın fizioloji olaraq sənin ola bilər. Amma sən o kişiylə, o qadınla xoşbəxt olursan ki, o, həm də sənin ruh əkizin olur. Yəni siz ruhən də ər-arvad olursunuz. Mehriban dünyasını dəyişəndə Zöhrab dedi ki, biri var adam ölür gedir, bir müddətdən sonra unudursan. Amma mənim ruhum da getdi. Zöhrab tez-tez deyirdi ki, mən ruhən ölmüşən. Sadəcə, elə-belə yaşayıram, uşaqlara lazımam, gedirəm, gəlirəm. Onun dostlara olan hikkəsi də Mehribanla bağlı idi.

– Jalə xanım, deyirlər, torpağın üzü soyuqdur. Siz bu fikirlə razısınız?

– Torpaq ac insan kimi bir şeydir. Və o da yaşamaq uğrunda mübarizə aparır. O da ən kefiyyətlisini istəyir. Elə adamlar vaxtsız dünyasını dəyişir, fikirləşirəm ki, bu adam ən azı 15 il də yaşamalı idi. Sonra isə düşünürəm ki, mən canlı orqanizməm, isəyirəm ki, yaxşı yeməklər yeyim, yaxşı qidalanım. Torqaq da canlıdır. O da nəsə yetişdirir, ondan da nəsə yetişir, bitir. Ona görə də hər şeyin kefiyyətlisini istəyir. Bəlkə də yaxşı insanlar ona görə tez ölürlər ki, torpaq olsunlar, torpaq qalsın, torpaq yaşasın. Torpaq da bizim kimi yaşamaq uğrunda mübarizə aparır.

Kəramət, dünən sən mənə zəng elədin, biləndə ki, Zöhrab haqqında danışacağam, mətbəxə keçdim, uşaqlara dedim ki, gəlməyin. Mətbəxdə suyu açdım, bir küncə qısılıb hönkür-hönkür ağladım. İndi də danışanda ağlamamaq üçün özümü güclə saxlayıram. Zöhrab bizə vicdansızlıq elədi…

Kəramət Böyükçöl, Çinarə Böyükçöl

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin