Zelenskini dinləmədi, vəzifəsini itirdi – “Belələri siyasətdə olmayacaq…”

0
56

Ukraynada davam edən müharibə Volodimir Zelenski hakimiyyətini iki cəbhədə döyüşməyə vadar edir. Belə ki, hökumət təkcə Rusiya işğalçı qoşunları ilə deyil, hakimiyyət daxilindəki korrupsiya, məmur özbaşınalıqları faktları ilə də mübarizə aparmalı olur.

Ukrayna mətbuatı yazır ki, Ukrayna Baş prokurorunun müavini Aleksey Simonenko istefaya göndərilib. Rəsmən istefanın səbəbi Simonenkonun şəxsi ərizəsi ilə izah olunsa da, mətbuatda əsl səbəb kimi onun yeni il bayramını İspaniyada qeyd etməsi və tanınmış ukraynalı iş adamı, deputat Qriqori Kozlovski ilə müəmmalı əlaqələri göstərilir.

Belə ki, 2022-ci ilin dekabrında Prezident Volodimir Zelenski məmurlara və deputatlara müraciət edərək, onlardan müharibə davam etdikcə istirahət üçün xaricə getməmələrini tələb edib. Buna baxmayaraq, Simonenko öz ailə üzvləri ilə birgə dekabrın 30-da iş adamı Q.Kozlovskinin şirkətinə aid avtomobillə Ukraynanı tərk edərək, İspaniyaya istirahətə yollanıb və bir də on gündən sonra geri qayıdıb.

Bu faktı ukraynalı jurnalist Mixail Tkaç açıqlayıb. O, həmçinin Simonenkonun həyat yoldaşının İspaniyadakı istirahətə dair fotoları öz “İnstaqram” səhifəsində paylaşdığını qeyd edib.

Bundan sonra cəmiyyətdə və mətbuatda Baş prokurorun müavininə qarşı təzyiq və tənqidlər çoxalıb. Nəticədə Simonenko vəzifəsi ilə vidalaşmalı olub. Zelenski isə Simonenko kimiləri nəzərdə tutaraq deyib ki, “belələri siyasətdə olmayacaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin