Yumşaldılan karantin günlərində Bakıdan VİDEOREPORTAJ

0
160

Azərbaycanda mayın 4-dən etibarən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən  karantin rejimi yumşaldıldı. Budəfəki yumşaltma ilə ölkə üzrə bir çox obyektlərin fəaliyyəti bərpa edildi, rayonlararası gediş-gəlişə icazə verilib  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub. 

Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.

Bəs hazırda Bakı küçələrində vəziyyət necədir?

Musavat.com-un reportyor qrupu olaraq paytaxtın mərkəzi küçələrindəki vəziyyəti sizə təqdim etməyə çalışdıq.

İlk olaraq yollandığımız İçərişəhərdə karantin rejiminin ab-havasını hiss etmək mümkün idi. Belə ki, qala divarları arasında nəyinki, turistə heç yerli sakinlərə də rast gəlmədik. İçərişəhərdə fəaliyyət göstərən bütün ictimai-iaşə obyektlərinin qapısı bağlı idi. Onların əksəriyyəti heç çatdırılma xidməti də göstərmirdilər.

“Nizami” küçəsində isə vəziyyət fərqli idi. Burada insanlar gəzir, hava alır, yeni açılan geyim mağazalarına yollanırdılar. Əksər insanların ağızlarında qoruyucu maska görmədik. Söhbətimiz zamanı bildirdilər ki, maskanı ancaq ictimai nəqliyyatda istifadə edirlər.

Geyim mağazalarının bir çoxu bağlı olsa da, fəaliyyət göstərən mağazalarda soyunub-geyinmə otağının istifadə edilmədiyini öyrəndik.

Mağazanın rəhbərliyi bildirdi ki, müştərilərin özləri də geyinib-soyunma otağına keçməkdən imtina edirlər: “Biz müştərilərə bildiririk ki, yalnız ölçülərinə uyğun olan malı götürüb, alsınlar. Hazırda qaytarılan mal da risklidir. Yəni o malda da virus ola bilər. Ona görə bu kimi xəbərdarlıqlar edirik”.

Bakı küçələrində rastlaşdığımız insanların əksəriyyəti bildirdi ki, onlar işləri ilə bağlı xüsusi qaydada icazə aldıqları üçün çölə çıxıblar. Söylədilər ki, zəruri olmadığı halda evdən çıxmırlar.

Avtobus dayanacaqlarında isə sıxlığın yaşandığını müşahidə etdik. Söhbət etdiyimiz sərnişinlər metronun açılmasını tələb edirdilər. Xüsusilə də Bakı Nəqliyyat Agentliyi tərəfindən xəttə buraxılan M2 ekspress avtobuslarında sıxlıq yaşanırdı. Həmin marşrutun getdiyi istiqamətə yollanan sərnişin çox, avtobus isə az olduğu üçün bütün avtobuslar dolu gəlirdi.

Hətta bəzilərində ayaq üstə durmağa da yer tapılmırdı… Dayanacaqlarda da sıxlığın olduğunu müşahidə etdik. Mövcud durumla bağlı ekspertlər də bildirirlər ki,  4 maydan sonra çölə çıxan insanlar əsasən dayanacaqlarda və avtobuslarda təhlükə ilə üzləşirlər. Onların maskadan istifadə etməməsi isə təhlükəni ikiqat artırır.

Bakının mərkəzində hazırkı durumla bağlı videoreportajı təqdim edirik…

Əli Rais,
Elçin Əkbərov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin