Yeni siyasi məhbus siyahısı yenə narazılıq yaratdı

0
734

Əvəz Zeynallı: “Hüquq müdafiəçilərinin fikirləri arasında fərqlər ola bilər”; Novella Cəfəroğlu: “Görək o 162 nəfərdən hansını azad etdirəcəklər?”

Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) aprelin 1-də elan etdiyi 162 nəfərlik yeni siyasi məhbus siyahısı ətrafında yaranan narazılıq səngimək bilmir. Əksər hüquq müdafiə təşkilatları, siyasi qurumlar, hüquq müdafiəçiləri siyahının əleyhinə çıxış edirlər.
Onlar hesab edirlər ki, ölkədə hazırda bu sayda siyasi fəal həbsdə deyil, siyahının xarici təşkilatlardan yüksək məbləğdə qrantlar almaq üçün qəsdən şişirdildiyini iddia edirlər. Arqumentlərdən biri də ondan ibarətdir ki, siyahılar nə qədər geniş olarsa, bir o qədər qanuni siyasi məhbusların azadlığa buraxılmaları ləngiyir. Hakimiyyətin bu cür siyahılara sərt münasibət bəslədiyi vurğulanır. Siyahını tərtib edənlər isə Nardaran hadisələrində də həbs edilənlərin siyasi məhbus olduğunu bildirir, məhz bu səbəbdən siyahının uzun olduğunu söyləyirlər. “Ölkədə siyasi məhbus yoxdur” deyən hakimiyyət tərəfindən də siyahıya sərt təpkilər gəlməkdədir.

Image result for əvəz zeynallı

SMMM üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında tənqidlərə tuş gəlmələrinə bu cür münasibət sərgilədi: “Burada əsas söhbət dindarlardan gedir. Onların hamısı siyasi məhbusdur, ya yox? Nardaran hadisələrində həbs edilənləri nəzərdə tuturam. Biz hesab edirik ki, Tale Bağırzadə başda olmaqla, Nardaran hadisələrində həbs edilənlərin hər biri siyasi məhbusdur. Hətta mən onları vicdan məhbusu hesab edirəm. Çünki ortada heç bir cinayət yoxdur. Amma olmayan cinayətin üstündə çoxsaylı insan azadlığını itirib. Bu ”şər əməliyyatı”nı dövlət orqanları qurublar. Burada bizim fikirlərlə bəzi hüquq müdafiəçilərinin fikirləri arasında fərqlər ola bilər. Bu cür siyahıların siyasi məhbusların azad olunmasına mane olduğuna gəlincə, açığı, fərqli düşünürəm. Çünki illər əvvəldən müxtəlif siyahılar olub. Kifayət qədər tanınmış siyasi məhbuslar olublar. Amma bunların heç birinin hakimiyyətin verəcəyi əfv fərmanında əhəmiyyəti yoxdur. Əfv siyasətinə siyahıların heç bir dəxli yoxdur. Çünki hakimiyyət hesab edir ki, ölkədə siyasi məhbus yoxdur. Mən düşünürəm ki, Azərbaycanda siyasi məhbusların sayı yüzlərlə deyil, minlərlədir. 162 nəfərlik siyahı mənim üçün natamam siyahıdır. Çünki həbsxananı görmüşəm. Orada məhbusların necə həbs olunduqlarını görmüşəm. Həbsxana gündəliyimdə yüzlərlə insanın taleyi var. Onların hamısı siyasi məhbusdur. Hər zaman demişəm, yenə də deyirəm, ölkədə nə qədər məhbus varsa, bir o qədər də siyasi məhbus var”.

Related image

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu bildirdi ki, həqiqi siyasi məhbusların azadlığı üçün işıq yananda bu cür böyük siyahılar ortaya atılır: “Çalışırlar ki, siyasi məhbus olanların işlərini çətinləşdirsinlər. Olsun 162 nəfər, görək o 162 nəfərdən hansını azad etdirəcəklər? Boş-boş siyahılardır. Biz dindarların işi ilə ayrı maraqlanırıq. Onları biz də müdafiə edirik. Amma siyasi məhbuslarla dindarları bir yerə salmaq olmaz. Dindarların işi bizim də nəzarətimizdədir”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin