Yeni rəisin məhkum qadınlara zərif münasibəti – 4 saylı CÇM-də məhbus qadınlara diqqət və qayğı artıb

0
279
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində cavanlığını puç edənlərlə yanaşı, ahıl yaşlı ağbirçəkləri də görmək mümkündür. Bu məhbus qadınlar arasında uşaqları ilə birgə burada yaşayanlar da var. Müəssisə rəhbərliyinin qarşısında duran əsas vəzifə taledən zərbə almış bu zərif cinsin nümayəndələrinin həyata inamını, nikbinlik hisslərini qorumağa və artırmağa yönəlik məqsədyönlü iş aparmaqdır ki, buna da nail olunur.
4 saylı CÇM-də məhbus qadınlar üçün xalça və şirniyyat sexləri, təndirxanalar fəaliyyət göstərir. Məhbuslar xalı toxumağı, dərziliyi öyrənməklə satış üçün məhsullar hazırlayırlar. Beləliklə, onlar işləyib özlərinə büdcə yığırlar. Belə bir fəaliyyətin yaradılmasında məqsəd həm məhbus qadınlar üçün buradan çıxdıqdan sonra bir bacarıq, peşə formalaşdırmaq, həm də vaxtlarının daha səmərəli keçirilməsini təşkil etməkdir.
Əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış və PX ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.
Elgiz İsmailov CÇM-də rəhbər vəzifəyə təyin olunandan sonra isə burada vəziyyət daha da yaxşılaşmışdır. Belə ki, E.İsmailov rəis təyin olunan kimi məhbusların ərzaq dükanına (məhbuslar öz pulları ilə normativ qida ratsionundan əlavə ərzaq ala bilərlər), telefon danışıqlarına olan borclarını sildirmişdir. Üstəgəl, müəssisənin nəzdindəki dükanla kənar dükanlarda satılan ərzağın qiymətləri arasındakı fərq (daşınma xərci və s.) götürülmüşdür.
CÇM-də məhkumlar arasında heç bir fərq qoyulmur, hamısına xoş rəftar göstərilir. E.İsmailov məhbus qadınların hamısına hörmətlə “xanım” deyə müraciət etməklə, penitensiar müəssisənin digər işçilərinə də gözəl nümunə göstərir. Rəis məhkumlarla onların azadlığa çıxandan sonra cəmiyyətə adaptasiya olunmalarına kömək edəcək faydalı psixoloji iş aparır.
İsmailov rəhbər vəzifəyə təyin olunan kimi müəssisədə səliqə-sahman işləri aparılmış, yeməkxana təmir olunmuş, yataq və istirahət yerləri qaydaya salınmışdır. Əvvəllər məhkumlara baş çəkməyə gələn ailə üzvləri, qohum-əqrəbaları gözlədikləri vaxt yayda günün istisindən kölgələnməyə, qışda qardan, çovğundan daldalanmağa mansard tapmadıqları halda, indi artıq təzə rəisin təşəbbüsü ilə “gözləmə zalı” inşa olunmaqdadır.
Müəssisənin yerləşdiyi ünvan – Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi paytaxtın hərəkət intensivliyi ilə seçilən izdihamlı yerlərindəndir. O səbədən nəinki məhkumnlarla görüşə gələn vətəndaşların, hətta penitensiar müəssisənin özünün işçilərinin belə nəqliyyat vasitələrinin saxlanması üçün yer tapmaq, yolun hərəkət hissəsinə maneçilik törətməmək müşkül məsələ idi. Elgiz müəllimin göstərişi ilə müəssisənin ərazisində dəmir barmaqlıqlı hasarla əhatələnmiş bir hissə səmərəli istifadə olunaraq nəqliyyat vasitələrinin parklanmasına ayırıldı və səmərəli istifadə olunmağa başladı.
İnanmaq istərdik ki, Elgiz İsmailovun 4 saylı CÇM-dən yola saldığı xanımlar azadlıqlarının qədrini biləcək, onların cəmiyyətdən təcrid edilmələrinə səbəb olmuş səhvlərini bir daha təkrar etməyəcəklər.
Ramin Məhəmmədoğlu
RealMedia.az-ın baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin