Yenə də DYP özbaşınalığı – Məsuliyyətsizlik, səhlənkarlıq, yoxsa sui-istifadə?

0
1499

Heç kəsə sirr deyil ki, sürücü məsuliyyətsizliyi ucbatından hətta qəzaya, ziyana səbəb olmadığı halda belə yol hərəkəti qaydası pozulduğu halda yol polisi əməkdaşları tərəfindən dərhal qanun tətbiq olunur və hərəkət iştirakçısı cəzalandırılır. Ancaq söhbət DYP işçisinin məsuliyyətsizliyindən gedəndə qanun “donur”, çox nadir hallarda səbəbkara qarşı tədbir görülür. Niyə?

Bu günlərdə yol polisinin qanunsuz hərəkətləri ilə üzləşmişəm. İdarə etdiyim 99 EP 106 dövlət nömrə nişanlı avtomobilimin üzərinə Dövlət Yol Polisi Idarəsinin 7-ci tağımının Muğumov Ruslan adlı əməkdaşı tərəfindən qərar çıxarlaraq həbs qoyulub. Güya kı, Ruslan Muğumov “Nəvai”postunda məni saxladaraq müxtəlif vaxtlarda yol hərəkəti haqqında qanunun tələblərini (yolda müəyyən olunmuş hərəkət sürətindən artıq sürdüyüm üçün) pozduğuma görə cərimə protokolu tətbiq edərək mənə rəsmi bildiriş verib. Və mənim həmin cəriməni vaxtında ödəmədiyimi əsas götürülərək avtomobilimin üzərinə həbs qoyulub. Əvvəla bildirim ki, məni Muğumov Ruslan adlı yol polisi əməkdaşı saxlamayıb, protokol yazmayıb, nə də ki, məni sözügedən pozuntuya görə nə rəsmi, yaxud, qeyri – rəsmi məlumatlandırmayıb. Düşünürəm ki, bunlar DYP əməkdaşlarının sürücülərə qarşı yeni hiylə mexanzmidir, yol hərəkəti iştirakçılarının mülkiyyətində olan avtomobillərin üzərinə qanunsuz həbslər qoyurlar. Buna ən yumşaq ifadə ilə DYP əməkdaşlarının yerinə yetirməli olduqları vəzifələrinə məsuliyyətsiz və səhlənkar yanaşması demək olar.

Biz bilirik ki, yolda hərəkət sürətini müəyyən edən xüsusi qurğular var. Hansısa avtomobil müəyyənləşdirilmiş sürət həddini aşarsa, dərhal bu, xüsusi qurğu vasitəsilə qeydə alınaraq, BDYPI-də Məlumat Mərkəzi Xidmətinin (MMX) bazsına ötürülür və həmin avtomobil üçün elektron protokol tətbiq edilir. MMX -dən sürücünün ünvanına protokolun bir sürəti göndərilir. Sürücü protokolu aldıqdan bir ay müddətində cəriməni ödəməlidir ki, üzərinə debbe gəlməsin. Ödənilmədiyi halda isə həmin cərimənin üzərinə faiz hesablanmaqla nəhayətdə avtomobilin üzərinə həbs qoyula bilər. Lakin mənim avtomobilimin üzərinə həbs qoyularkən bu ardıcıllıq gözlənilməyib, başqa sözlə, qanunsuzluq edilib.

Məsələylə bağlı DYP-nin sözçüsü Kamran Əliyevdən münasibət öyrənərkən, o, araşdırma aparmadan bildirdi ki, hər halda avtomobilin üzərinə əsaslı şəkildə həbs qoyulub: “Ünvanınıza elektron protokol göndərilib ki, Sizdə həmin cəriməni ödəməmisiniz deyə bu gün avtomobilinizin üzərinə həbs qoyulub”. Mən isə bildirdim ki, mənim avtomobilimin üzərinə qoyulan həbs qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunub. Nəticə olaraq mənim mülkiyyət hüququm da pozulub. Azərbaycan Respublikasının mövcud qanunvericiliyi imkan vermir ki, şəxsin əmlakına-mülkiyyətinin üzərinə əsassız şəkildə həbslər qoyulsun və ya əmlakdan istifadə məhdudlaşdırılsın. Mülki prossesual tələblərə görə şəxsin mülkiyyətinə o zaman həbs qoyula bilər ki, törədilmiş inzibati xətaya görə (rəsmi bildirişi aldıqdan sonra) sürücü məsuliyyətdən boyun qaçıra və törətmiş olduğu inzibati xətada nəzərdə tutulmuş cəriməni ödəməyə. Yalnız bundan sonra həmin avtomobilin üzərinə müvəqqəti həbs qoyulduqdan sonra həmin nəqliyyat vasitəsi DYP əməkdaşı tərəfindən müvəqqəti duracağa aparıla bilər.

Qeyd edim ki, üzləşdiyim özbaşınalıqlarla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova və DİN-nin “102” xidmətinə müraciət edərək məsələnin araşdırılmasını xahiş etmişəm. Ümid edirəm ki, cavab özünü çox ləngitməyəcək.

Ramin Məhəmmədoğlu,

RealMedia.az-ın baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin