Yatıb yuxuda Şuşanı “geri qaytaranlar”… – erməni faşistlərinə kritk Gəncə xəbərdarlığı

0
90

Azərbaycanın xüsusi təyinatlı komando qüvvələri yalnız Bakıda hərbi parad üçün yaradılmayıb; erməni bloger: “Qarabağ üçün bunca qurban verdik, yetər…”

Azərbaycan Prezidenti İlham Əliyevin srağagünkü Gəncə səfəri həm də Ermənistana növbəti xəbərdarlıq mesajları ilə yadda qaldı. Prezident bir daha kapitulyant ölkədə baş qaldırmaq istəyən, revanşist xülyalarla yaşayan radikal qüvvələrə, özəlliklə erməni faşistlərə sərt xəbərdarlıq göndərdi.

Sitat: “Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməli, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”, – Prezident vurğulayıb.

Şübhə yox ki, bu mesaj erməni faşizmindən vasitə kimi istifadə edib bölgəni yenə qarışdırmaq, regionu oda qalamaq istəyən xarici dairələrə də ünvanlanıb.

“Biz erməni faşizmini məğlub etdik, ancaq o məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun”. Bu sözləri də Gəncədəki çıxışı zamanı İlham Əliyev söyləyib.

*****

Prezident: "Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən  bombalanıb" | Report.az

Əslində erməni faşizmindən ən böyük əziyyəti elə erməni xalqının özü çəkir. Demək, bəladan qurtulmaq ilk növbədə onun vəzifəsi, missiyası olmalıdır. Bundan ötrü o, ən əvvəl Ermənistanda faşist-terrorçular – Qaregin Njde, Andranik Ozanyan, Melko Melkonyan, Soqomon Teyleryan və bu kimi digər bəşəri cinayətlər törətmiş cəlladların qəhrəmanlaşdırılmasına etiraz eləməli, onların abidələrinin sökülməsinə nail olmalı, habelə Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan kimi Xocalı hərbi canilərinin Beynəlxalq Məhkəmə önünə çıxarılmasına kömək eləməli, nəhayət, qonşulara da ziyan  vuran  “dənizdən-dənizə Ermənistan” xülyasından həmişəlik imtina eləməlidir.   

Çünki öz günahlarını boynuna almayan, öz terrorçularını lənətləməyən bir millət xoşbəxtliyə və rifaha qovuşa bilməz. Bunlar edilmirsə, deməli, yeni erməni faşist nəslinin yetişməsi qaçılmaz olacaq – növbəti erməni faciələri ilə birgə. Erməni xalqına isə indi tam başqa bir hədəf gərəkdir. Zəif də olsa, gələn bəzi son siqnallar bunun xəbərçisi sayıla bilər.

“Ermənistan məhvə doğru gedir, biz acınacaqlı durumdayıq”.

Bunu Ermənistanda keçirilən son rəy sorğusu zamanı ermənilər yerli mediaya bildiriblər. Kütləvi işsizlik və minimum yaşayış səviyyəsi – əsasən bu səbəblərdən ermənilər ölkəni kütləvi tərk edirlər. Sorğu zamanı onlar yaşamağın çətinliyindən gileyləniblər, pensiya və maaşlarının çox aşağı olduğunu deyiblər. Səbəblərin səbəbi isə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti ucbatından indiyədək blokadada qalmasıdır.

Yada salaq ki, təkcə keçən il rekord sayda – 46 900-dən çox Ermənistan vətəndaşı Rusiyaya üz tutub və orada vətəndaşlıq alıb. 2017-2021-ci illər aralığı üçün bu rəqəm 153.8 min olub. Rəqəmlər rəsmidir…

*****

“Ermənistan xalqına Qarabağ lazım deyil, sizi inandırıram. Heç kim heç kimdən də heç nəyi savaşla geri almayacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış erməni fəal və bloger İşxan Verdyan deyib.

Vəziyyət belədir ki, xalqı müharibəyə hazırlayırlar” - İşxan Verdyan |  KONKRET

 İşxan Verdyan

“Ermənistanda Qarabağla bağlı fikir belədir: biz Qarabağ üçün əlimizdən gələni etdik, övladlarımızı ona qurban verdik. Bunun müqabilində isə Qarabağ klanı Ermənistanı işğal və talan elədi. İndi qoy Qarabağ öz problemlərini özü həll etsin. Ermənistanda Qarabağla bağlı bax belə bir ovqat hökm sürür”, – bloger qeyd edib.

Sözünə davam edən Verdyan deyib: “Ermənilərdə indi heç bir revanşist düşüncə yoxdur. Onlar sülh içində yaşamaq istəyirlər. İstəyirlər ki, müharibə olmasın, sərhəddə güllə atılmasın, insanlar öldürülməsin, əsir götürülməsin, hər şey qaydasında olsun. Ermənistanda istək budur – onları ora-bura çəkməsinlər. Telegram kanallarında gördüyünüz yerdə qalan hər şey isə tamamilə fərqli bir təşəbbüsdür. Elə fikir formalaşdırlır ki, sanki Ermənistanda hamı yatıb yuxuda Qarabağı, Şuşanı necə alacağınıı görür”.

*****

Qarşı tərəfdən belə pozitiv səslər və mövqelər yəqin ki, get-gedə artacaq.

Məntiqlidir ki, bu arada Ermənistan kimi Qarabağdakı “erməni anklavı” da boşalmağa davam edir. Hərgah, Rusiya sülhməramlı qüvvələrinin hesabına Azərbaycan Ordusundan son anda canını qurtarmış və hələ ki həbsdən yayına bilən anklavdakı separatçı kriminal tör-töküntülər yenə “şirə dönməyə” başlayıblar.

Məsələn, separatçı quldurbaşı Araik Arutyunyan srağagün başına özü kimi bir neçə hərbi geyimli qulduru toplayaraq, uydurma “hərbi şura”nın “iclasını” keçirib, mövcud olmayan “artsax”ın mifik “müdafiə ordusu”nun gücləndirilməsinin vacibliyindən dəm vurub. Qondarma “artsax parlamenti” isə həyasızcasına “artsax ərazilərinin işğalı haqda qanun”u müzakirəyə çıxarmağa hazırlaşır. Özü də “işğal olunmuş ərazi” deyəndə təkcə keçmiş DQMV ərazisi nəzərdə tutulmur. Həm də keçmiş Şaumyan, Laçın, Kəlbəcər və heç vaxt ermənilərin yaşamadığı daha bir neçə rayonumuzu ehtiva edir…

*****

Aydındır ki, erməni terrorçu-separatçı qalıqlarına qarşı antiterror əməliyyatı ləngidikcə sonuncular getdikcə bir az da azğınlaşacaqlar. Çünki onlarda əminlik yaranıb ki, Azərbaycan Rusiya hərbi kontingentinin olduğu ərazidə heç vaxt əməliyyat keçirməz. Hərçənd, rəsmi Bakının qanunsuz silahlı quldur dəstələri ilə bağlı hansısa konkret, ildırımsürətli planının olduğuna şübhə ola bilməz. Ordumuzun tərkibində qardaş Türkiyənin təcrübəsi əsasında yeni komando qüvvələri də təbii ki, yalnız Bakıda hərbi paradda göstərmək üçün yaradılmır.

Onların nəyə qadir olduğu Prezidentin son Hadrut səfəri zamanı artıq nümayiş etdirilib. Şuşada, Laçında get-gedə daha mükəmməl səviyyəyə çatdırılan müvafiq çevik qüvvələr də öz yerində. Təlimlər, təkmilləşmə hər gün davam edir.

Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ordumuzda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir”.

Bu barədə Müdafiə Nazirliyinin dünənki məlumatında deyilir.

“Komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bu şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir”, – deyə qeyd olunur.

*****

Yəni söhbət sırf zamana bağlı ləngimədən gedir. Odur ki, “Şaytan yuvası” Xankəndində gizlənənlər odla oynamaq, Azərbaycan xalqının səbrini yenə sınağa çəkməkdənsə, olan-qalan ağıllarını öz boş başlarına yığsalar məsləhətdir…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin