YAP seçkiöncəsi öz sıralarını Rəfael Pəsiyev kimi funksionerlərdən təmizləməlidir-TƏFSİLAT

0
2107

Yeni Azərbaycan Partiyası artıq qurultay gözləmədən baş nazirin müavini Əli Əhmədovun dili ilə 2018-ci ilin prezident seçkisi üçün öz vahid namizədinin adını açıqlayıb. Həmin şəxs hamının gözlədiyi, tərəqqipərvər Azərbaycan vətəndaşarının arzuladığı kimi, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevdir.

Bəs gəlin görək, seçki öncəsi təbliğat-təşviqat işlərini səmərəli qurmaq üçün YAP öz sıralarının təsadüfi şəxslərdən təmizlənməsi istiqamətində hansı addımları atır? Bilirik, oxucularımız sırasında hakim partiyanın həm üzvləri, həm də funksionerləri az deyildir. Yalnız deməyin ki, partiyada üstündə təşkilatın sədri cənab İlham Əliyevin imzası olan bileti gəzdirməyə haqqı-ləyaqəti olmayanlara rast gəlinmir. Axı, son illərin gurultulu hadisələri olan “MTN işi”ndə, “Rabitə işi”ndə, FETÖ ilə əlaqədə suçlanıb məsuliyyətə cəlb olunan vəzifəli şəxslər arasında da YAP-çılar az deyildir. Bütün bunlar ona görə baş verir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, xəmiri halallıqdan, səmimilikdən yoğrulan partiyanın qapısı hamının üzünə açıqdır. Lakin…

Rəfael Pəsiyev də YAP-ın hələlik vacib sayılan funksionerlərindən biridir – YAP Beyləqan rayon Təşkilatının sədridir. Vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə rəhbərlik edib. Komitənin ləğvindən sonra Beyləqan Kənd Təsərrüfatı İdarəsinə rəis təyin olunub. Onun adı indiyədək bir sıra hüquqpozmalarda, eləcə də nurçularla əlaqələrdə bulunan keçmiş PA rəsmisi Elnur Aslanovla və Rəbiyyət Aslanova ilə sıcaq münasibətlərdə hallanmışdır. Pəsiyevin adı gündəmi bir dəfə də bank filialında inkassator işləyən qardaşı Elbrus Pəsiyevin təh-təl hesabında olan külli miqdarda pulu oğurlayıb qaçması ilə gündəmə gəldi. Çoxları Rəfail Pəsiyevin Kənd Təsərrüfatı İdarəsiniun rəisi vəzifəsindən kənarlaşdırılmasını məhz həmin hadisə ilə əlaqələndirdi. Hərçənd, bu o demək olmayıb ki, R.Pəsiyevin hazırda yeganə qazanc yeri seçkidən-seçkiyə fəalliyyətində canlanma hiss olunan YAP rayon təşkilatının sədrinin məvacibidir. Pəsiyev məhz hakim partiyanın adı altında öz nüfuzunu, həmçinin, əvvəlki vəzifələrindən sui-istifadə edərək çırpışdırdığı haram kapital hesabına qurub-yaratdığı mal-mülkü, sər-səltənəti əlində qoruyub saxlaya bilir. Rayonda uşaqdan-böyüyə hamıya məlumdur ki, Pəsiyevin yüz hektarlarla torpağı var. Olsun, nə deyirik. Necə əldə etməsi indinin, bu yazının müzakirə mövzusu deyil. Tərəqqipərvər iş adamı kimi səmərəli istifadə etsə, əlbəttə ki, tək özü deyil, zəhmətkeş beyləqanlılar da o torpaqda çalışıb fayda götürə bilərlər. Səmərəli isifadə yolunu isə iqtisadiyyatımızın şaxələndirilməsinin vacibliyini vurğulayan möhtərəm Prezidentimiz İlham Əliyev göstərmiş, zonanın sahibkarlarına pambıq əkininə üstünlük verməyi tövsiyə etmişdir. Çünki “qara qızıl”ı “ağ qızıl”la əvəz etmək respublikamızın həm də ixrac potensialının artırılmasına xidmət edir.

Lakin bütün müşahidə olunanlar belə düşünməyə əsas verir ki, dövlətimizin başçısının pambıqçılığın əvvəlki şöhrətini özünə qaytarmaq göstərişlərinə həvəslə əməl edən sahibkarlardan fərqli olaraq R.Pəsiyev ixtiyarında olan hüdudsuz torpaqlarda pambıq deyil, məhz taxıl əkməklə ölkə rəhbərliyinin nikbinliklə yanaşdığı pambıqçılığın perspektivinə əsla ümid etmir, xalqın boğazından yapışmağa üstünlük verir.

Yeri gəlmişkən xatırladaq ki, R.Pəsiyevin savad səviyyəsi də YAP təşkilatı sədri statusu üçün yetərli deyildir. Vaxtilə R.Pəsiyev Beyləqan polisi tərəfindən sabiq prezindent Heydər Əliyevin anım gününə ilə bağlı təşkil etdiyi toplantısında çıxış edərkən biabırçılıq yaşanmışdı. YAP sədri iştirak etdiyi tədbirin Heydər Əliyevin anım günü ilə bağlı təşkil edildiyinin fərqində olmadığından polis işçilərinin peşə bayramını təbrik etmişdi. Pəsiyevin bu çıxışı təbbir iştirakçılarının gülüşünə səbəb olmuşdu.

Roma Turan,

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin