Rəşad Həsənov: “Hazırda bazarda tələbi formalaşdıran əsas faktor əhalinin alıcılıq qabiliyyəti və qiymətlərdir”
Azərbaycanda benzin ucuzlaşıb. Belə ki, Aİ-95 markalı benzinin qiyməti 1,20 manat təşkil edir. Aİ-98 markalı benzin isə 1,40 manat olub. Qeyd edək ki, əvvəl Aİ-95 markalı benzinin qiyməti 1,50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 manat olub. Adı çəkilən iki benzin markası xaricdən idxal olunur və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən bu benzinin də maya dəyəri aşağı düşüb.
Hazırda hər kəsi düşündürən sual bu qiymətlərin nə qədər davamlı olacağıdır. Digər tərəfdən, Aİ-95 markalı benzinin ucuzlaşması ondan daha aşağı keyfiyyətdə olan və 90 qəpiyə satılan Aİ 92 markalı benzinə tələbatı azalda bilərmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu durumun bazarda vəziyyətə ciddi təsir edəcəyi qənaətində deyil: “İdxal olunan benzinin qiyməti dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda maya dəyərinin aşağı düşməsindən qaynaqlanır. Azərbaycanda da qiymətlərin buna uyğun olaraq ucuzlaşmasının əsas səbəbi ondan ibarətdir ki, hazırda iqtisadi şərait sürətlə dəyişir və xüsusilə də ”Premium” markalı benzinə olan tələbat sürətlə azalacaq, insanlar bu kimi lüks kateqoriyalı məhsulların istehlakında daha konservativ mövqe ortaya qoyacaqlar. Böyük ehtimalla, bu istiqamətdə monopolist rolu oynayan şirkətlər çalışır ki, müəyyən qədər öz xidmətlərinə tələbi artırsınlar. Aİ-95 markalı benzinin qiyməti 20 faiz, Aİ-98 markalı benzinin qiyməti isə 12,5 faiz ucuzlaşdırıblar”.
R.Həsənovun sözlərinə görə, mövcud qiymətin nə qədər davam etməsi, daha çox dünya bazarlarında təklif olunan benzinin qiymətindən asılı olacaq: “Eyni zamanda, daxili bazardakı tələb də bu istiqamətdə prosesə təsir göstərə bilər. Əgər qiymətin ucuzlaşması qeyd edilən benzin növlərinə tələb yaradacaqsa, böyük ehtimalla qiymətin yenidən artması prosesi müşahidə oluna bilər. Çünki Azərbaycanda bu bazarda rəqabət yoxdur. Eyni zamanda yanacaqdoldurma məntəqələri də bir neçə qrupun əlində cəmləşib ki, onlar qiymətlərdə karter mövqeyi ortaya qoyurlar. Buna görə də, indiki şərtlər daxilində sadəcə, tələbin aşağı düşməsi ehtimalına qarşı qəbul edilmiş qərarlardan biridir”.
İqtisadçı Aİ 92 markalı benzinin qiymətində isə indiki şərtlər daxilində ucuzlaşma gözləmir: “2015-ci ildə neftin qiymətinin ucuzlaşması dövlət büdcəsi üçün risklər yaratdı və azalan büdcə daxilolmalarının müəyyən bir qisminin kompensasiyası məqsədi ilə Aİ 92 markalı benzinə əlavə vergi və aksiz dərəcələri tətbiq edildi və beləliklə qiyməti artırdılar. İndiki halda yaxşı olar ki, həm biznesin, həm də vətəndaşın müəyyən qədər enerji sərfiyatının aşağı salınması üçün, təklif olunun mal və xidmətlərin maya dəyərinin aşağı salınması üçün Aİ 92 markalı benzinin qiyməti də ucuzlaşsın. Ancaq nəzərə almaq lazımdır ki, bu qərarın qəbulu ilə bağlı təşəbbüs hökumətdə olmayacaq. Hökumət ən yaxşı halda qiymətləri dəyişmədən bundan sonrakı dövrdə sabit saxlayacaq”.
Ekspertin sözlərinə görə, xaricdən idxal olunan 95 və 98 markalı benzinin ucuzlaşması müəyyən qədər tələbi dəstəkləyə bilər: “Qiymətin tələbə təsiri danılmazdır. Həmçinin keyfiyyət fərqi var. Aİ 92 markalı benzinin keyfiyyət standartlarına uyğun gəlməməsi ilə bağlı da mütəxəssis rəyləri var. Ümumiyyətlə götürdükdə isə, hazırda bazarda tələbi formalaşdıran əsas faktor əhalinin alıcılıq qabiliyyəti və qiymətlərdir. Əhalinin alıcılıq qabiliyyətinin növbəti mərhələdə azalacağı ehtimalı daha yüksəkdir. Faktiki olaraq iqtisadi fəaliyyət növləri üzrə bir sıra sektorlarda tələb azalacaq. Həm qlobal iqtisadiyyatın, həm də Azərbaycan iqtisadiyyatının artım tempi aşağı düşəcək. Bu kimi böhranlı vəziyyətlərdə insanlar daha çox yığım mövqeyi ortaya qoyurlar, xərcləməyə meylli olmurlar. Bu da daha çox qiymətin artım tempinin azalmasına və ya gözlənilən səviyyədə olmamasına səbəb ola bilər. Ancaq az da olsa artımlar olacaq”.
Nərgiz LİFTİYEVA