Xuraman Rüstəmova topdağıtmaz varidata necə sahib olub?..

0
2113
İcra başçısının qəbuluna gedərək, “məni jurnalistin ayağına vermə” deyə yalvar-yaxar edən xanım şöbə müdiri  prokurora da göz yaşı axıdaraq özünün qanunsuz əməllərinə göz yummağa razı salmışdır.

Xəbər verdiyimiz kimi, Sonolay.org saytı Beyləqan rayon təhsil şöbəsinin (RTŞ) müdiri Xuraman Rüstəmovanın rəvac verdiyi qanunsuzluqlar haqda məlumatlar əsasında hazırladığı tənqidi məqalələri oxuculara təqdim edəndən və toplanmış materialı hüquqi qiymət verilməsi üçün inzibati orqanlara göndərəndən sonra o vaxtadək barəsində yazılanlar X. Rüstəmovanın rahatlığını əlindən aldığından, o, xüsusi ittiham qaydasında saytın baş redaktoru Ramin Məhəmmədoğlunu məhkəməyə vermiş, barəsində müvafiq maddə üzrə ən ağır cəza hökmü çıxarılmasını xahiş etmişdi.

Baş redaktor öz növbəsində qarşılıq verərək, təhsil müdirəsini KİV-ə informasiya verməmək nədəni ilə məhkəməyə verərək çəkişməni ilk mərhələdə udmuş, ötən il dekabrın 23-də baş tutan proses nəticəsində cavabdehin inzibati xəta törətdiyi təsdiqlənərək, onun cərimələnməsi qərara alınmışdı. Lakin hakim işi apellyasiya məhkəməsinə göndərmişdi ki, X. Rüstəmova vaxt uda bilsin. Əslində isə bu vaxtı ona məhkəməyə təsir edən rayon icra başçısı qazandırmışdır. Çünki X. Rüstəmova məhz başçı Vaqif Abdullayevin qəbuluna gedərək, “məni jurnalistin ayağına vermə” deyə yalvar-yaxar etmişdir. Xanım şöbə müdiri onu yanına çağırıb izahatını alan rayon prokurorunu da göz yaşı axıdaraq özünün qanunsuz əməllərinə göz yummağa razı salmışdır.

Qol qoyduğu korrupsiya hüquqpozmalarının nə TN, nə də prokurorluq tərəfindən araşdırılmadığını görüb ürəklənən Rüstəmova baş redaktora üçüncü şəxslərin vasitəsilə hədə-qorxu gəlməkdən də çəkinməmişdi. Belə ki, 11.02.2017-ci il tarixdə gün ərzində üç ayrı-ayrı şəxs tərəfindən R. Məhəmmədoğlunun mobil telefonuna zənglər edilərək hədələnmiş, həmin şəxslərdən biri X. Rüstəmovanın qardaşı olduğunu deyərək, yazılanları saytdan çıxarmayacağı təqdirdə baş redaktora başına oyun açacağını, əlinə keçəcəyi halda pislik edəcəyini bildirmişdi.

R. Məhəmmədoğlu məruz qaldığı hədələri, telefon danışıqlarını qeydə alaraq Beyləqan polisinə məlumat versə də, Beyləqan RPŞ materialı prokuraturaya göndərmək əvəzinə, baş redaktora rəsmi məktubla məhkəməyə müraciət etməyi tövsiyə etməklə kifayətlənmişdi. Hüquq – mühafizə orqanlarının X. Rüstəmovanın cinayət əməllərinə (artıq bunu tam əminliklə demək olar) loyal yanaşması gətirib ona çıxarmışdır ki, xanım şöbə müdirinə qahmar çıxıb baş redaktora zor nümayiş etdirən qardaşlarına onun oğulları da qoşulmuş, hələ bu azmış kimi onların əllərinin altında qoçu saxladıqları da məlum olmuşdur. Bu barədə bir az sonra…

Şöbə müdirəsi vəzifəsinin icrasına başlayandan indiyədək 35 nəfəri qanunsuz olaraq müəllim işinə götürməsi, onların maaş davasının aylardır sürməsi, bir çoxunu qeyri-qanuni işdən azad etməsi, direktorlara hədə-qorxu gələrək onlara öz şərtlərini qəbul etdirməsi, bütün bu özbaşına qərarların kökündə korrupsiya motivlərinin durması barədə yazdıqlarımızı Xuraman Rüstəmovanın yığıb topladığı nəhəng haram kapital, ölçüyəgəlməz var-dövlət, qurub-yaratdığı mülk-səltənət də təsdiqləyir. Bundan əlavə, X. Rüstəmova təkcə var-dövlət toplamaqla kifayətlənməmiş, oğullarına cəmiyyətdə layiq olmadıqları üstün mövqe və imtiyazlar qazandırmışdır. Onlardan biri – Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakim köməkçisi işləyir, digəri – Elgün Əliyev DTX-nin Beyləqan rayon şöbəsində çalışır, üçüncüsü – Tural Əliyev isə Beyləqan RPŞ ilə ictimai polis kimi əməkdaşlıq edir. Bu ailənin üzvlərinin dövlətdən aldıqları məvacibin ortalama ayda 2000 (500×4) manat olduğunu qəbul etsək, şöbə müdirinin ötən ilin mayında vəzifəsinin icrasına başlayandan cəmi bir ay sonra oğlun aldığı “Lexus” avtomobilinin qiyməti olan 80000 manatı qazanmaları üçün bir ömür yaşamalı, hətta zəruri ehtiyaclarını ödəyəcək ərzağa belə pul xərcləməməlidirlər. X. Rüstəmovanın məktəb direktoru işlədiyi zaman özünə tikdirdiyi evə əlavə olaraq, şöbə müdiri keçəndən sonra həmin evin arxasında baha qiymətə satılan başqa evi də alması onun sözün həqiqi mənasında xəzinə tapdığından şübhələnməyə əsas yaradır. Maraqlıdır ki, bir jurnalistin kreditlə göterdüyü avtomobilə görə az qala gəlir deklorasiyası tələb edən inzibati orqanlar X. Rüstəmovanın cah-cəlalını görmürlər. Yeri gəlmişkən, redaksiyamız bu yaxınlarda “Təfəkkür” Universitetinin məzunu olan Yasin Əliyevin diplomunun da legitimliyinə şübhə yaradan məlumat əldə etmişdir ki, araşdırmamız bitəndən sonra oxuculara təqdim edəcəyik.

Apardığımız araşdırmalar zamanı məhz, Yasin Əliyevin anasının biznes imperiyasının idarə edilməsində ən yaxın silahdaşı olduğu da üzə çıxmışdır. Belə ki, X. Rüstəmovanın Beyləqan rayonunun mərkəzində 86000 manata təmirsiz, amma nəhəng ölçülü obyekt aldığı barədə məlumat əldə edən R. Məhəmmədoğlu faktın doğruluğunu yerində yoxlamaq üçün 26.03.2017-ci il tarixdə həmin obyektin ünvanına getmiş və fotoqeydlər aparmışdır. Sayt rəhbəri Beyləqandakı evinə dönəndən sonra kimsə onun qapısını bərkdən döyərək uca səslə bir-iki ağız çağırmış, lakin ev yiyəsi çıxanadək gözləməyərək getmişdir. Sonradan R. Məhəmmədoğlu saytın bir əməkdaşı ilə avtomobillə rayon mərkəzinə gedərkən, qara rəngli “Mersedes” işıq və səs siqnallarının müşayiəti ilə onun qarşısına keçərək saxlatdırmışdır. “Mersedes”dəki iki nəfərin birinin Yasin Əliyev, digərinin isə şərti cəzaya məhkum edilmiş keçmiş hərbçi Seymur adlı şəxs olduğu, Raminin yaşadığı evə də məhz ikincinin basqın etdiyi aydınlaşmışdır. Yasin Əliyev Ramin Məhəmmədoğluna fotoşəklini çəkdiyi obyektin məhz ona məxsus olduğunu deyib ona çəkilişin qanunsuz aparıldığını demiş və hədələmişdir. Sayt rəhbəri ona özünün və anasının biznesmen deyil, vəzifəli şəxslər olduqlarını xatırlatmış və xəbərdarlıq etmişdir ki, jurnalist kimi peşə fəaliyyətinə mane olmasınlar. Onların sözlü mübahisəsinin əlbəyaxa davaya çevrilməsinə, ələlxüsus da əl-qol atmağa daha meylli görünən Seymurun xata çıxarmasına saytın əməkdaşı Anar Zeynalovun səyləri mane olmuşdur. Beləliklə, R. Məhəmmədoğlu bir daha əmin olmuşdur ki, obyektin X. Rüstəmovaya aid olduğu xəbəri doğrudur. Sayt rəhbəri həmçinin öyrənmişdir ki, X. Rüstəmova aldığı bu obyektin hər hansı xidmət profilinə uyğunlaşması üçün təmirinə 40000 manat xərc çəkmək fikrindədir.

P.S. R. Məhəmmədoğlu başına gələnlər barədə zəng edərək “102” xidmətinə, daha sonra rayon prokuroruna, DTX rayon şöbəsi rəhbərliyinə məlumat vermişdir. Bütün müşahidə olunanlar göstərir ki, Rüstəmovanın və qohumlarının, eləcə də onların reketçi əlaltılarının məcrasından çıxan əməlləri indi cilovlanmasa, sonra gec olacaq.

XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB
XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB
XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB
XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB
XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB
XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB
XURAMAN RÜSTƏMOVA JURNALİSTİN EVİNƏ BASQIN TƏŞKİL EDİB

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin