Xaləddin İsgəndərov məzuniyyətə göndərildi – YOXLAMALAR BAŞLANDI

0
1291

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məzuniyyətə göndərilib.

İddialara görə, Xaləddin İsgəndərov vəzifəsindən məzuniyyət qaydasında uzaqlaşdırılandan sonra Binəqədi Rayon İcra Hakimiyyətində yoxlamalar başlanıb. İlkin olaraq Başçının fəaliyyəti, xüsusilə maliyyə maxinasiyaları, torpaqların qanunsuz satılması, büdcə vəsaitlərinin mənimsənilməsi haqda mətbuatda yayılan yazılarda göstərilən məlumatlar yoxlama mövzusudur.

Araşdırmalar zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.
Üstəlik, aydınlaşıb ki, park salınarkən inşa olunan kafe-restoran dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.
Düzdür, Elnur İsgəndərov hazırda Binəqədi İcra Hakimiyyətində işləmir, adı mətbuatda neqativ hallanandan sonra dayısı, ötən ilin dekabrına qədər vergilər naziri olan Fazil Məmmədov öz yanına işə aparıb. Bakı Vergilər Departamentində dayısının verdiyi iş isə bir şöbənin müdir müavini vəzifəsi olub.

Bundan başqa, məzuniyyətə göndərilən Xaləddin İsgəndərovu müvəqqəti əvəzləyən 1-ci müavini İlqar Süleymanovun, rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun, başçının qardaşı övladları Valeh və Nicatın da fəaliyyətləri araşdırma mövzusudur. Bu şəxslərin adları mətbuatda Binəqədi rayonu ərazisində torpaq zəbti, tikinti-söküntü işlərinə rəhbərlik edən vəzifə daşıyıcıları kimi keçib. Valehin Bakıda bir neçə yerdə əmlakları da müəyyən edilib. Onun bir xanım aparıcıya villadan savayı İnqilab küçəsində mənzil, İstanbulda əmlak aldığı xəbərləri də araşdırma mövzusudur.

Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb. Yaxınlıqda yaşayan sakinlər “yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib, meydançanın qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib. Bir müddət əvvəl tikinti başa çatıb və gecə ilə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Elnur İsgəndərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi üzə çıxıb.

Gələn məlumatlara görə, Xaləddin İsgəndərov məzuniyyətə göndəriləndən sonra səhhətində problemlər şiddətlənib və əgər imkan verilsə, Almaniyaya müalicəyə getməyə hazırlaşır

Qurban Cəbrayıl

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin