VTB Bankda “ı” əməliyyatı

0
288
Bankın idarə heyətinin sədri Yevgeni Anatoliyeviç Kirinin, görəsən, daxildə baş verən “maxinasiya”lardan, müştərilərə edilən zülmlərdən xəbəri varmı?

2019-cu ilin fevralın 21-də Prezident cənab İlham Əliyev vətəndaşların 10 min dollara, yəni 17 min manata qədər olan kredit borcları barədə sərəncam verdi ki, bu da çoxsaylı əhalinin problemlərinin həllinə böyük kömək oldu. Bu güzəştlərdən yararlanan bir çox insanlar arasında bankla yaranmış heç bir problem qalmadı. Amma bu fərmandan yararlana bilməyən xeyli sayda vətəndaşlar hələ də bankla problemlərini həll edə bilmirlər. Düzdür, bu güzəştlər şamil olunmayan bir çox vətəndaşlar fərmanın restrukrizasiya bölməsinə düşdükləri üçün bir qədər rahat oldular.

Belə ki, fərmanın bu bəndinə düşən vətəndaşın məhkəmə qərarları ləğv olunur və illik bir faiz olmaqla bankla yeni müqavilə bağlanır. Bunun özü də əlbəttə, vətəndaş üçün əməlli-başlı köməkdir. Fərmanın icrasının son həddi 2019-cu il dekabrın 31-ə qədər idi.
Ancaq müsəlmançılığımıza salaraq, “hələ vaxta var” prinsipi ilə gecikənlərdən biri də özüm oldum. Yəni, fərmanın icrasının müddətinə iki gün qalmış, yəni 2019-cu il dekabrın 28-də yeni beşillik müqavilə bağlamaq üçün VTB Bank Azərbaycan ASC-yə müraciət etdim. Çünki məlum birinci və ikinci devolvasiya baş verərkən bizim pulumuz əvvəl 12 min, sonra isə 11 min dollar olduğu üçün güzəştlər şamil olunmadı. Amma Prezidentin məlum fərmanına uyğun olaraq illik bir faiz olmaqla, beş illik müqavilə bağlamaq, bizə də imkan yaradırdı ki, bankla münasibətlərimizi müəyyən qədər yoluna qoyaq. Ancaq sən saydığını say, gör VTB Bank nə sayır?
Məlumat üçün qeyd edim ki, 2013-cü ildə VTB Bankın Nərimanov metrosunun yaxınlığındakı filialından (hazırda Gənclik metrosunun lap yaxınlığında yerləşir) 16800 dollar, 6 min dollar da əlavə faizlə ipoteka yolu ilə beş il müddətinə olmaqla “Hundai-Assent” markalı maşın götürülüb. İndiyə qədər banka 16116 dollar ödənilib. Əsas məbləğin demək olar ki, cəmi 700 dolları, bir də 6 min dollar faizi qalmışdı. Sonralar müxtəlif obyektiv və subyektiv səbəblərdən pulu ödəmək mümkün olmadı və bank bizi məhkəməyə verdi. Artıq məhkəmə qərarı icra olunma ərəfəsində Prezidentin məlum fərmanı köməyimizə çatdı və məhkəmə qərarı ləğv olundu. Yuxarıda qeyd etdiyimiz kimi, bizə ötən ilin dekabrın 31-ə kimi möhlət verilirdi ki, bankla yeni beşillik müqavilə bağlayaq.
Dekabrın 28-də bu məqsədlə VTB Bankın, Təhsil Nazirliyi ilə üzbəüz yerləşən baş ofisinə müraciət etdim. Qeyd edim ki, maşın həyat yoldaşımın adına olduğu üçün ASAN xidmətdən alınmış etibarnamə ilə müqavilə bağlamağa özüm getmişdim. Fikirləşirdim ki, burada qeyri-adi heç nə yoxdur və bir-iki saat ərzində yəqin ki, müqavilə bağlanacaq, problem də bununla həllini tapacaq. Amma iki gün ərzində VTB ASC-də gördüklərimiz bizi dəhşətə gətirdi. Elə bil bu bankda bütün qanunlar və mexanizmlər ancaq vətəndaşa zülm vermək üçün yaranıb. Əvvəla, aparatdan sıra nömrəsi götürən adam ən azından 2-3 saat gözləməlidir. Hansısa kompüterə yaxınlaşıb bildirirsən ki, axı, boş kompüterlər var, niyə işçilər çatışmır? Bəli, bir çox kompüterlərin arxasında heç kəs yoxdur, beş-üç nəfər də gələn bu qədər insanı qəbul etmək iqtidarında deyil. Bu, birbaşa rəhbərliyin günahıdır ki, ilin son günlərində insan axınının çox olacağını güman etməli idilər və bunu nəzərə almayıblar.
Problem təkcə budurmu? Əlbəttə, yox! Sonrakı gedişat göstərdi ki, 2-3 saat gözləmək çox xırda bir məsələdir. Müşahidələrimə əsasən deyə bilərəm ki, həmin o iki gündə bütün bank işçilərinin potensialı ona yönəlmişdi ki, gələn vətəndaşlarla müqavilə bağlanmasın və məhkəmə qərarları yenidən işə düşsün. Açıq-aşkar görünürdü ki, müqavilə bağlamaq hazırda VTB Bankın rəhbərliyinə sərf etmir. Nəyə əsasən bu qərara gəlirəm? İndi mən deyim, siz də nəticə çıxarın.
İlk növbədə VTB Bank ASC-nin üzünü görmədiyim, lakin kompüter arxasında oturan Zümrüd xanımın sorğusu əsasında cavab verən hüquqşünasları bildirdilər ki, ASAN xidmətdən mənim adıma verilən etibarnamə düzgün yazılmayıb. Orada VTB Bankın adı, müqavilənin tarixi və ipoteka yüklü olması mütləq qeyd olunmalıdır. Burada xahiş edirəm ki, hörmətli oxucular gülməsinlər. Çünki doğrudan da gülməlidir. Görəsən, VTB Bank ASC-nin hüquqşünasları bağlanmış bədnam Azərbaycan Beynəlxalq Universitetində hüquq diplomuna sahib olmayıblar ki? Əgər onların diplomuna Elşad Abdullayev qol çəkibsə, həmin hüquqşünaslar belə də olmalıdırlar. Adlarını hüquqşünas qoyan bu insanlar başa düşə bilmirlər ki, ASAN xidmətdən və notariusdan verilən etibarnamə ilə vətəndaşa məhkəmə sənədlərindən tutmuş mülki işlərə qədər hər hansı bir sənədə, ərizəyə, məktuba, müqaviləyə qol çəkmək, müraciət etmək hüququ verilir. Bu, Azərbaycan qanunları ilə tənzimlənir. Necə ola bilər ki, bu dövlət orqanlarının verdiyi etibarnamə bütün yerlərdə keçərli olur, ancaq VTB Bank Azərbaycan ASC-də qəbul edilmir? Bunu yalnız VTB Bankın rəhbəri cənab Yevgeni Anatoliyeviç Kirin aydınlaşdıra bilər. Ona görə də xahiş etdim ki, məni onunla görüşdürsünlər. Ay hay, ölmüşdü Xankişi… Harda idi məndə o bəxt ki, dərhal məni rəhbərliklə görüşdürsünlər.
Deməli, burada rəhbərlə görüşmək üçün belə bir mexanizm qurulub. Sən qəbula düşmək üçün Yevgeni Anatoliyeviçin adına yazılı surətdə müraciət edirsən. Həmin müraciətə bir həftə ərzində baxılır və sonra vətəndaşa qəbul olunub-olunmayacağı barədə məlumat verilir. Belə çıxır ki, mənim müqavilə bağlamağımın müddətinə iki gün qalıb və rəhbərin qəbuluna düşmək üçün bir həftə gözləməliyəm. Görəsən, bu mexanizmi düşünənlərin ali təhsil diplomu haradandır? Bəlkə onlar da ABU-nun məzunlarıdır? Belə biabırçılıq olarmı? Bu “ı” əməliyyatını kim düşünüb tapıb?
VTB Bankda “ı” əməliyatı təkcə bununla bitmir. Səni 4-5 saat orada ləngidəndən sonra məlum olur ki, beş illik müqaviləyə kasko sığorta pulu da əlavə edilməlidir. Bu da təxminən 1200 manat pul deməkdir. Bankın Rasim adlı əməkdaşına nə qədər izah etsəm də ki, bu barədə heç bir məlumatımız olmayıb və o qədər də pulum yoxdur. Həmin pulu da gəlin ümumi pulun üstünə və onu da hissə-hissə ödəyək. Sanki daş-divara söz deyirdin. Tutuquşu kimi eyni sözü təkrar edir ki, onlarda mexanizm belədir. Təbii ki, həmin mexanizm bankın mənafeyinə xidmət edir, vətəndaşa isə, necə deyərlər, problem yaratmaq məqsədi güdür.
Axı, müqavilənin bağlanmasına iki gün qaldığı halda 1200 manat pulu kasıb təbəqə haradan tapa bilərdi? Nəzərə alsaq ki, bu barədə heç yerdə vətəndaşa məlumat da verilməyib, onda bankın fırıldağı aydın olur. Yəni istər-istəməz adamın ağzını “tupikə” dirəyirlər ki, problem həll olunmasın.
Rasim bəydən kar aşmadığını görüb, rəhbərliyi tələb etdim. Özünü Fərhad Əliyev kimi təqdim edən gənc bir əməkdaşla məni görüşdürdülər. Bu görüşdən sonra da aydın oldu ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Fərhad bəy də daş atıb başını tutdu ki, onlarda mexanizm belədir. Soruşuram ki, sizdə bu mexanizmi yaradan insandır, yoxsa robot? Deyir ki, insandır. Cavab verirəm, həmin insana çatdırın ki, bu mexanizm vətəndaşa problem yaratmaqdan başqa bir şey deyil, onu dəyişin. Siz bank olaraq vətəndaşlara xidmət edirsiniz.
Əgər sizin bütün qanun və mexanizmlər vətəndaşı əzməyə yönəlibsə, onun heç bir əhəmiyyəti yoxdur. Amma çifayda, tutuquşu kimi tutduğunu buraxmır ki, buraxmır. Mən həm Rasim bəyin, həm də Fərhad bəyin qabiliyyətinə, mədəniyyətinə, şəxsiyyətinə qarşı heç bir iradım yoxdur, hər biri də gözəl insanlardır. Amma VTB Bankda yaradılan mühit, qanunlar, mexanizmlər işçiləri vətəndaşların qarşısında başıaşağı edib.
Daha sonra dərdimi demək üçün şöbə müdiri kimi təqdim edilən Məhbubə xanımla görüşdüm. Yenə də həmin mənzərə, yenə həmin mexanizm. 4-5 saat orada keçirdiyimdən, çox üzr istəyirəm, təbii ehtiyacı ödəmək üçün yeri soruşdum. Mənə bildirdilər ki, ora kənar şəxslərin girməsi qadağandır. Məhəttəl qaldım ki, görəsən, sanitar qovşağında da bank əməliyyatı yerinə yetirilir ki, kənar şəxsləri ora qoymaq olmaz? Bu qadağanı mənə Rasim bəy və Fərhad bəy də təkrar etdilər. Bəs saatlarla öz günahları ucbatından vaxtını orada keçirən vətəndaşlar təbii ehtiyaclarını ödəmək üçün hara getməlidirlər? Onda zəhmət çəkin, vətəndaşları orada saatlarla ləngitməyin, operativ işləyərək problemi yoluna qoyun ki, sanitar qovşağını da sizlərdən soruşan olmasın.
“ı” əməliyyatı hələ davam edir. Necə deyərlər, indi Hüseynova bacıları öz məharətini göstərəcək. Deməli, bu sığorta və etibarnamə məsələsinə görə həmin günü problemə yaxınlaşa bilmədik. Qərara gəldik ki, sabah, yəni sonuncu gün olan 30 dekabrda bir daha yaxınlaşaq. Səhəri günü isə mənim işim olduğu üçün yoldaşım qızımın adına ASAN xidmətdə onların dedikləri müddəaları da yazdırmaqla etibarnamə verir ki, VTB Bankda müqavilə bağlansın. VTB Bankın tələbi olan müqavilənin adı, tarixi, ipotekanın predmeti və bankın adı etibarnamədə yazılır. Yoldaşım bir az xəstə olduğu üçün onu saatlarla növbədə gözlətmək istəmədiyimizdən etibarnamə ilə hərəkət etmək qərarına gəlmişdik.
Birinci gün məndə alınmadı, ikinci gün mənim başıma gətirilənlər qızımın da başına gətirilib. Onu da VTB Bank Azərbaycan ASC-nin baş ofisində 2 saat süründürəndən sonra bildiriblər ki, siz pulu “Gənclik” metrosu yaxınlığındakı filialdan götürmüsünüz, müqaviləni də orada bağlaya bilərsiniz. İlahi, bu qədər də haqsızlıq, biabırçılıq olarmı? İki gün sən adamı baş ofisdə sağa-sola fırladasan, mənəvi işgəncələrə məruz qoyasan, yüz dənə bəhanə gətirsəsən və axırda da deyəsən ki, gedin filialda məsələni həll edin. “Axırıncı aşırım” filmində Abbasqulu bəyin dediyi kimi “evin kişisini soruşarlar”. Məcazi mənada olsa da, doğrudan da hazırkı situasiyada bütün filialların başçısı, yəni evin kişisi rolunda Bankın baş ofisidir. Bütün problemlər də burada həllini tapmalıdır. Görəsən, 28 dekabrda müraciət edib 4-5 saat bizi ləngidəndə bankın rəsmiləri Rasim bəy, Fərhad bəy, Məhbubə xanım deyə bilməzdilərmi ki, bəs bu məsələ bizdə yox, filialda həllini tapmalıdır? Görəsən, bu həqiqəti demək üçün vətəndaş bütün gününü baş ofisdə mənəvi işgəncələrlə keçirməlidir? Bu nə özbaşınalıqdır?
Səhəri günü dedikləri kimi qızım yenidən “Gənclik”dəki filiala gedib. Orada onların dedikləri hər bir sözün əksini tapdığı etibarnaməni təqdim edib. Saat 11.00-da təqdim edilən etibarnaməyə baş ofisin hüquqşünasları 14.30-da cavab veriblər. Maraqlıdır, 3 saat yarım ərzində bu hüquqşünaslar nəyə baxırdılar, 5-10 cümlədən ibarət olan etibarnamədə nə axtarırdılar? Vətəndaşa bu qədər zülm vermək olarmı? Mən tam əminliklə deyə bilərəm ki, VTB Bank Azərbaycan ASC-nin hüquqşünaslarının hüquq elmindən xəbərləri yoxdur. Bilə-bilə ki, sonuncu gündür və sən 3 saat yarım ərzində vətəndaşın vaxtını alaraq etibarnaməyə cavab vermirsən, bunun adını mən yalnız vicdansızlıq kimi adlandıra bilərəm. Qoy məni həmin əldəqayırma hüquqşünaslar bu ifadələrimə görə məhkəməyə versinlər. Çox böyük məmnuniyyətlə o məhkəmədə iştirak edərdim. Çünki qarşımdakıların hüquq elmindən başı çıxmadıqlarını artıq bilirəm. Bəli, 3 saat yarımdan sonra həmin bu başabəla hüquqşünaslar vətəndaşa “yox” cavabı veriblər. Siz təsəvvür edin, artıq saat 14.30-dur, banklın bağlanmasına 3 saat yarım qalır. Artıq gördük ki, bankın məqsədi dünən mənim adıma, bu gün də qızımın adına olan etibarnaməni bəhanə edib müqavilə bağlamaq istəmir. Özü də bu dəfə görün nəyi bəhanə ediblər? Guya qızımın şəxsiyyət vəsiqəsi yoxdur.
Şöbə müdiri olan Fərhad Əliyevə zəng edib, soruşuram ki, nəyə görə qızımın adına olan etibarnaməyə sizin hüquqşünaslar “yox” deyiblər? Öyrənəndən sonra cavab verir ki, qızımın şəxsiyyət vəsiqəsi itibdir, yoxdur. Mən həddindən artıq təəccüb qaldım. Görəsən, bankın bu işçiləri və hüquqşünasları “yox” deməzdən qabaq, papaqlarını qabaqlarına qoyub fikirləşiblərmi ki, bu qız onlardan əvvəl elə həmin gün etibarnamə üçün ASAN xidmətə müraciət edib? Axı, ASAN xidmətdə şəxsiyyət vəsiqəsi olmayan adama necə etibarnamə verə bilərlər? Adamı daha bu dərəcədə təhqir etmək olmaz axı? Onu da soruşuram ki, Fərhad bəy, əgər bu məsələ filialda həll olunurdusa, bəs niyə dünən müraciət edəndən sonra dərhal bu barədə məlumat verilmədi? Əvvəlcə mənimlə razılaşan Fərhad bəy, sonra zəng edərək öyrənib ki, bəs pul həmin filialdan götürülüb. Buna “dodağım yaradır at sulaya bilmirəm” bəhanəsi deyərlər. Ayıbdır, vallah, ayıbdır. Vətəndaşı bu qədər aşağılayıb təhqir eləmək olmaz. Qızım baş ofisdə şəxsiyyət vəsiqəsini Zümrüd xanıma təqdim edib, bəs görəsən, o hüquqşünasların gözləri hara baxırdı ki, şəxsiyyət vəsiqəsi olan adama “yox” cavabı verərək geri qaytarır ki, şəxsiyyət vəsiqəsi yoxdur. Allaha and olsun, mən deyəndir, yəni VTB Bankın hüquqşünasları, xalqın balalarını kor qoyduğu üçün bağlanan Beynəlxalq Universitetin rektoru fırıldaqçı Elşad Abdullayevin qol çəkdiyi diplomu alanlardır.
VTB Bankda “ı” əməliyyatı yenə davam edir. Bütün bu hay-küylərdən, dava-dalaşlardan, təhqirlərdən, mənəvi işgəncələrdən sonra məcbur qalan qızım xəstə yoldaşımı taksi ilə filiala gətirməli olur və yalnız bundan sonra daha bəhanə yeri qalmadığından iş gününün sonuna yaxın müqavilə bağlanır.
İndi bu yazım VTB Bank ASC-nin rəhbəri Yevgeniy Anatoliyeviç Kirin cənabına bir müraciət olsun ki, məni qəbul etsin. Yəqin ki, VTB Bankın mexanizminə görə bir həftə ərzində bank rəhbəri məni qəbul edib-etməmək barədə qərar qəbul edəcək. Mən isə öz qərarımı bu yazı ilə verdim ki, Azərbaycan vətəndaşları mənim və ailəmizin çəkdiyi mənəvi işgəncəni bir də görməmək üçün, acından ölsələr belə, VTB Bank Azərbaycan ASC-yə müraciət etməsinlər. Bu bankdan nə qədər uzaq dursalar, bir o qədər başları salamat qalar.

Elçin MƏMMƏDLİ

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin