“Vor zakon”ları kimlər və necə öldürür? – DÖVLƏTİN İZİ…

0
848

Kriminal-avtoritetlərin qətllərinin üstü niyə açılmır? Sabiq polis rəisi: “Bir çox hallarda xüsusi xidmət orqanları bunda maraqlı olur”

Avqustun 18-də İstanbulda qətlə yetirilən kriminal-avtoritet “Rövşən Lənkəranski” (Canıyev) bir gün sonra doğulduğu Lənkəran şəhərində dəfn edildi. Lakin bir məqam var ki, heç kim Rövşən Lənkəranskini kimin öldürdüyünü müzakirə etmədi. Oxşar hal 2006-cı ildə “qanuni oğru” “Sabirabadlı Hikmət”in dəfn mərasimində müşahidə olundu. Bu gün də Hikmətin kimlər tərəfindən qətlə yetirilməsi ictimaiyyətə məlum deyil.
“Yeni Müsavat”a kriminal-avtoritetlərin qətlləri ilə bağlı danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, bu kimi cinayətlərin üstünün açılmamasının bir neçə səbəbi var: “Böyük nüfuz sahibi olan ”qanuni oğru”ların qətllərinin üstünün açılmamasında bir çox hallarda xüsusi xidmət orqanları maraqlı olur. Vaxtilə “Sabirabadlı Hikmət”, “Masallı Mamed” yaxud da bu günlərdə qətlə yetirilən “Rövşən Lənkəranski” böyük nüfuz sahibi olan “qanuni oğru”lar idi. Bu kimi şəxslərin öldürülməsində onların fəaliyyət göstərdikləri dövlətlər maraqlıdır. Ona görə də bu şəxslərin qətllərinin üstü çox zaman açılmır. “Oğru”ların qətlləri adətən iki cür həyata keçirilir. Birincisi, bu, tam olaraq xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir, ikincisi isə oyun oynanılır. Yəni hələ sovetlər dönəmində KQB-nin müəyyən şöbəsi vardı ki, həmin şöbə istənilən adamı aradan götürüb, nüfuzdan salmaq istəyən zaman ortaya şayiə buraxırdı. Bu şayiə ölkəyə çox sürətlə yayılırdı. Hər hansı kriminal-avtoriteti aradan götürmək üçün isə misal üçün, bir nəfəri xüsusi xidmət orqanının əməkdaşı öldürür və şayiə buraxırdı ki, həmin şəxsi filan səbəbdən digər qruplaşmanın nümayəndəsi qətlə yetirib. Nəticədə qruplaşmalar arasında qarşılıqlıq yaranırdı və iki qruplaşma böyük itkilər verirdilər. Bundan başqa, həqiqətən iki qruplaşma arasında böyük “sxodka”, “razborka” olur ki, nəticədə baş verən atışmada kriminal-avtoritet dünyasını dəyişir. Üçüncü variant baş verdiyi zaman hüquq-mühafizə orqanları bu qətlin açılmasında lazımi qaydada işləyirlər. Lakin kriminal-avtoritetlərin öldürülməsi daha çox yuxarıda qeyd etdiyim ilk iki məqam nəticəsində baş verir”.
M.Hacıyevə görə, nüfuz sahibi olan “qanuni oğru”ların öldürülməsi xüsusilə Rusiyada çalışan azərbaycanlılar üçün mənfi nəticələrlə müşahidə olunur: “Misal üçün, ”Sabirabadlı Hikmət”in ölümü oradakı azərbaycanlıların durumuna mənfi mənada çox təsir etdi. Rusiyada istər böyük biznes, istərsə də pərakəndə satışla məşğul olan şəxslərə, ümumilikdə azərbaycanlılara Hikmət böyük dəstək verirdi. Bu da dövlətdə bəzi şəxslərə sərf etmirdi. Elə Rövşən Lənkəranski barəsində də bunu söyləmək olar. Həmin şəxsləri ona görə dövlətdə sevmirlər ki, bu şəxslər dövlətin bütün strukturlarına təsir imkanına malik olurlar. Söhbət böyük nüfuz sahibi olan “qanuni oğru”lardan gedir. Bu adamların hüquq-mühafizə orqanlarından tutmuş, onların rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitlərə qədər, icra strukturları da daxil olmaqla, böyük təsirləri vardı. Mən bir polkovnik kimi əminliklə deyirəm ki, əgər gedib Hikmətin cinayət işini araşdırsan, onunla bağlı 20-30 səhifəlik iş tapa bilmərsən. Rövşənin də ölümü oradakı azərbaycanlıların fəaliyyətinə təsirsiz ötüşməyəcək”.
Yuxarıda qeyd etdiyimiz kimi, sadə camaatın əksəriyyətində kriminal-avtoritetlərin həyatı, onların fəaliyyətlərinə maraq var. Bu barədə “Yeni Müsavat”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, əslində məsələ haqqın müdafiəsi ilə bağlıdır: “Cəmiyyətdə hər zaman haqq-ədalət müdafiə olunub. Bu, həm hüquq, həm də qeyri-hüquq sferasında baş verir. Məqsəd ədalətin bərpa olunmasıdır. Bu insan da ömür boyu söylədiyimiz istiqamətdə fəaliyyət göstərən şəxsdir. Hər zaman haqqı müdafiə edən, sözün düzünü söyləyən insan cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bu, bizim etno-psixologiyamızda, yazılı, şifahi ədəbiyyatımızda yer alan məsələdir. Yəni zaman-zaman insanların genetik kodu bu cür qoyulub. Azərbaycanda, xaricdə də bu belədir. Bu baxımdan insanların emosiyalarını başa düşmək olar. Lakin bir gerçəklik var ki, cəmiyyətdə indiki ajiotaj 5 gündən sonra bu qədər olmayacaq və getdikcə azalacaq. Konkret Rövşən Lənkəranskiyə gəlincə, bu adam uzun müddət Rusiyada fəaliyyət göstərən həmyerlilərimizin hüquqlarının qorunması istiqamətində müəyyən xidmətləri olub. Bu məsələni nəzərə almaq lazımdır. Doğrudur, bizim cəmiyyətin intellektual sferası da var, Lənkəranski də öz istiqamətində fəaliyyət göstərən adam olub. Məsələni başqa istiqamətə yönəltmək doğru deyil. Bizim elm adamlarımız da kifayət qədərdir. Onların hər birinin öz yolu var”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin