VAQİF ABDULLAYEVİN QEYRİ-KORREKT KADR SİYASƏTİ RAYONDA İQTİDARIN MÖVQEYİNİ ZƏİFLƏTMƏYƏ XİDMƏT EDİR

0
1003

Son dövrlər Azərbaycanda iqtidar-müxalifət münasibətlərində bəzi müstəvidə “buzların əriməsi” müşahidə olunmaqdadır ki, bu da özünü əsasən əyalətlərdə büruzə verir. Respublikanın bəzi bölgələrində vaxtilə radikal müxalifətin sıralarında fəalllığı ilə seçilmiş şəxslərin dövlət və hökumət strukturlarında müxtəlif vəzifələrə təyin olunması diqqəti çəkir.

Əlbəttə, demokratiya yolu ilə gedən, hüquqi dövlət, sivil cəmiyyət quran Azərbaycanda siyasi mənsubiyyətinə görə heç kəs təqib olunmur. Amma bu da danılmaz həqiqətdir ki, ölkəmizdə dövlətçiliyin kökündə Ümummilli lider Heydər Əliyevin mükəmməl siyasi kursu dayanır. Məhz bu kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı indiki tərəqqi yoluna çıxarmışdır. Dövlətimizin başçısının sərrast ifadə etdiyi kimi, “naftalin qoxusu verən” müxalifət bu tərəqqiyə heç bir töhfə verməmişdir. Çox təəssüflər olsun ki, bəzi rayonlarımızın icra hakimiyyəti başçıları dövlətin, dövlətçiliyin mənafeyini nəzərə almayaraq, öz şəxsi və korporativ maraqları naminə siyasi orientasiyası şübhə doğuran şəxsləri mühüm vəzifələrə çəkirlər. Bu, olduqca mənfi təndensiya xüsusilə Beyləqan rayonunda dərinləşməkdədir. RİH başçısı cənab Vaqif Abdullayev gəncləşdirmə siyasəti adı altında rayonda uzun illər xalqa, dövlətə ləyaqətlə, vicdanla xidmət etmiş Yeni Azərbaycan Partiyası üzvlərini və təəssübkeşlərini vəzifədən uzaqlaşdırır, onların yerinə keçmişdə müxalifətçi kimi tanınan şəxsləri və onların tərbiyəsi ilə böyüyən gəncləri təyin edir. Bu yanlış kadr siyasəti davam edərsə, tezliklə bir çox sahələrə müxalifətin nüfuz etməsi qaçılmaz olacaq.

Beyləqanda 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan, ilk əvvəl ibtidai sinif müəlliməsi işləmiş, 1986-cı ildən uşaq bağçasının müdirəsi vəzifəsində çalışan ağbirçək Hüseynova Dilarə müəlliməyə münasibətdə rayon rəhbəri olduqca qeyri-korrekt davranış sərgiləyib. 10 may 2000-ci il tarixdən YAP-a, QHT-yə və bələdiyyəyə üzv seçilən Dilarə xanım 2006-cı ildə yerli özünüidarəetmə qurumuna sədr vəzifəsinə irəli çəkilmişdir ki, bu da onun həmyerliləri və ictimaiyyət arasında yüksək nüfuzunun, qazandığı hörmət və etimadın göstəricisidir. O, eyni zamanda 1998-ci ildən Əlil Qadınlar Cəmiyyəti Beyləqan rayon təşkilatının sədridir. Hökumətə etibarlı tərəf müqabili kimi çıxış edən D. Hüseynova QHT xətti ilə məhsuldar fəaliyyəti nəticəsində 2004-cü ildə rayona 1 milyon manat həcmində qrant layihəsi gətirmişdir ki, bu da Beyləqan əhalisinin məşğulluğunun təmininə və rifah halının yaxşılaşmasına sanballı töhfədir. Dilarə xanım həm də Azərbaycan Qadınlarının I və II qurultaylarının məruzəçisidir. Bu sadaladıqlarımız D. Hüseynovanın çoxşaxəli və elliləri üçün gərəkli, düşərli fəaliyyətinin çox az bir qismidir.

Martın 21-də 70 yaşı tamam olmuş Dilarə Ana (tərəqqipərvər, qədirbilən beyləqanlılar ona məhz “Dilarə Ana” deyirlər – müəllif.) vəzifədən gedərkən təntənə ilə yola salınmağı haqq etmişdi. Lakin icra başçısının onun bu haqqını tapdaladı. Hüseynovanın xəstəlik səbəbindən çıxdığı bülletendən qayıtmasını gözləməyən V. Abdullayev onu aprelin 4-də imzaladığı qanunsuz əmrlə işdən azad edib, yerinə keçən il universiteti bitirmiş, təcrübəsiz, cəbhəçi ailəsinin üzvü olan, Heydər Əliyev siyasi kursuna alternativ dünyagörüşlü gənc qızı təyin etmişdir. Bu gənc kadra qohumu – Beyləqan RİH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyev dəstək verməkdədir.

  1. Abdullayev çox tez unutdu ki, əhəmiyyətli rayon tədbirlərində çıxış etmək üçün məhz D. Hüseynovanı dəvət edir, onun ardınca maşın göndərib gətirdir, onun nüfuzundan, natiqlik məharətindən bəhrələnirdi. Görünür, başçı bu addımı atmaqda xüsusi məqsəd güdmüşdür. Ehtimal etməyə əsas var ki, o, ya cəbhəçilərdən qorxur, ya da hansısa passiv korrupsiya marağı təmin olunub. Əgər birinci ehtimal doğrudursa, şübhələnməyə əsas var ki, müxalifətçilərin əlində V. Abdullayevi rəzil edəcək kompromatlar mövcuddur və onlar başçının qərarlarına təsir etmək, əmr və sərəncamlarını yönləndirmək gücünə malikdirlər.

Təbii ki, özünə qarşı bu sayğısızlıqla, haqsızlıqla barışmayan Dilarə müəllimə icra başçısının qanunsuz əmrinə iradını bildirmişdir. V. Abdullayev səhvini düzəltməkdənsə, növbəti qanunsuzluğa əl atmış, Beyləqan rayon xəstəxanasının baş həkiminə göstəriş vermişdir ki, D. Hüseynovaya yazılmış bülleten müddətinə aprelin 1-dən xitam versin. Bu isə xəstəlik tarixçəsini əks etdirən müvafiq kitablara işlənilmiş qeydləri qanunsuz olaraq pozmadan mümkün deyildir. Belə hallarda salınan kobud izlər təftiş nəticəsində çox asanlıqla aşkarlana və xəstəxana rəhbərliyini naqolay vəziyyətdə qoya bilər. İnanırıq ki, qanun və onun aliliyini təmin etməklə vəzifələndirilmiş orqanlar V. Abdullayevi bu xətasına (yumşaq ifadədir – müəllif.) görə cavab verməyə məcbur edə biləcəklər.

RAMİN MƏHƏMMƏDOGLU 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin