UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarlarını təxirə salıb

0
65

UEFA İntizam Komitəsi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ilk tur qarşılaşmasında baş verənlərlə bağlı qərarı gələn həftəyə təxirə salıb.

Bu barədə qitə futbol qurumundan “Report”un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, sentyabrın 19-da İspaniya “Sevilya”sı ilə matçda yaşananlarla əlaqədar məsələyə ötən gün baxılıb. Lakin qərar, böyük ehtimalla, gələn həftə açıqlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib.

Oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la qarşılaşmada törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

Qeyd edək ki, “Sevilya”ya 0:3 hesabı ilə uduzan “Qarabağ” “Düdelanj”ı məğlubiyyətə uğradıb – 4:1. UEFA hər iki matçda yaşanan insidentlərə oktyabrın 17-də baxacağını açıqlamışdı.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin