Xəbər verdiyimiz kimi, bu gün ölkəmizin paytaxtında tarixi bir açılış mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Bu dəmir yolu xəttinin açılış mərasimini qardaş Türkiyənin, demək olar ki, bütün media orqanları geniş işıqlandırıblar. Bir çox media orqanlarının əsrin layihəsi kimi təqdim etdiyi yazılarda, videosüjetlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti barədə tamaşaçı və oxuculara geniş məlumatlar verilib.
Türkiyənin çoxminli oxucusu olan “Milliyyət”, “Hürriyyət”, “Axşam”, “Aydınlıq”, “Cümhuriyyət”, “Sabah”, “Sözçü”, “Star”, “Vətən”, “Yeni Akit”, “Yeni Şəfəq” qəzetlərinin internet saytlarında yerləşdirilən xəbərlərdə Bakı-Tbilisi Qars dəmir yolu xəttinin açıldığı gün tarixi gün kimi təqdim olunub, bu qəzetlərin saytlarının əksəriyyəti və eləcə də Anadolu Agentliyi açılış mərasimini canlı yayımlayıb.
Prezident İlham Əliyevin mərasimdəki çıxışına geniş yer verilən xəbərlərdə bu layihənin Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi olduğu xüsusi vurğulanıb.