Türkiyə-Ermənistan sərhədləri açılacaq?

0
862

“Türkiyənin Avrasiya İqtisadi Birliyinin (AİB) Gömrük İttifaqına (AGİ) üzv ola bilməsi haqda fikir səhvən başa düşülən bir şeydir. Türkiyə, əslində, nə bu İttifaqa daxil ola, nə də bununla bağlı təkliflərlə çıxış edə bilməz. Amma Türkiyənin AGİ ilə xüsusi qaydada münasibətlər qurması mümkündür. Bu münasibətləri isə hansısa yeni sənəd tənzimləməlidir və bu sənədin hazırlanması üçün AİB ilə danışıqlar aparıla bilər. Burada “Türkiyə+AİB” formulu daha real görünür. Yəni ən yaxşı formula Türkiyə və AİB-nin gömrük sistemləri arasında tənzimləyici mexanizmin yaranmasıdır. Bu da ki tərəflər arasında ticari-iqtisadi əlaqələri daha çox inkişaf etdirməyə imkan verəcək”.

Bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz politoloqlar klubu”nun rəhbəri İlqar Vəlizadə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəsinin Avrasiya Gömrük İttifaqına qoşulması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, prosesin rahat həyata keçməsi üçün hər iki tərəfin gömrük, tranzit və digər sistemləri arasında uyğunlaşdırma işləri aparılmalıdır: “Biz bilirik ki, artıq Türkiyə-Rusiya münasibətlərində ticari məsələlərdə, demək olar ki, problem qalmayıb. Bu münasibətləri daha da inkişaf etdirmək üçün AİB zonasındakı gömrük, tranzit və digər məsələlərlə bağlı qanunvericilik nəzərə alınmalıdır. Bu məsələ elə tənzimlənməlidir ki, tərəflərin heç biri burada maneələrlə rastlaşmasın. Burada təkcə Türkiyə-Rusiya deyil, Türkiyə-Qazaxıstan, Türkiyə-Belarus münasibətləri də önəm daşıyır. Biz bilirik ki, Türkiyə prezidenti senytabr ayında Qazaxıstana da səfər edəcək. Orada bir sıra məsələlər, o cümlədən Çindən Qazaxıstan və Azərbaycan ərazisi ilə tranzit yüklərin Türkiyəyə daşınması müzakirə ediləcək. Bu tranzit yolun normal fəaliyyət göstərməsi üçün AİB-nin qərarları, o cümlədən gömrük sistemi nəzərə alınmalı və gömrük sistemləri arasında uyğunluq yaradılmalıdır”.

Qeyd edək ki, N.Zeybekçi deyib ki, Türkiyə Avrasiya Gömrük İttifaqına qoşulmaq niyyətindədir və bu barədə anlaşma imzalamaq barədə təklif alıb.

Xatırladaq ki, işğalçı Ermənistan da bu təşkilatın üzvüdür. Ona görə də bəziləri bunun Türkiyə-Ermənistan sərhədlərin açılmasına gətirib çıxaracağını və bunun Azərbaycanın maraqlarına zərbə olacağını düşünürlər. Digərləri isə Ermənistanın buna əngəl olacağını qeyd edirlər.

Lakin İ.Vəlizadə hesab edir ki, Ermənistan bu məsələdə əngəl maneə ola bilməz: “Burada milyard dollarlarla ölçülən layihələrdən, ciddi maraqlardan söhbət gedir. Ermənistan belə maraqların qarşısını almaqda acizdir. AİB-in üzvləri Ermənistanı ora ona görə qəbul etməyiblər ki, kiməsə maneçilik törətsin. Əlbəttə Ermənistan öz mövqeyini və narahatlığını ortalığa qoya bilər. Ermənistan ona görə narahatdır ki, sərhədlərini tam da olmasa, Türkiyə mallarının ölkəyə daxil olması üçün müəyyən qədər açmağa məcbur olacaq. Təbii ki, Türkiyənin bu məkanda nüfuzunun artması Ermənistana bir imic zərbəsi olacaq”.

Türkiyə-Ermənistan sərhədlərinin sərhədlərin açılmasının Ermənistana xeyirinə olmasına gəlincə, ekspert bu məsələdə sistemin fərqli olduğunu düşünür: “Burada adətən oliqarxik sistem olur. Yəni Ermənistanda hakimiyyət üzvləri daxili bazarı, demək olar ki, bölüşdürüblər, inhisarçılıq yaradıblar. Hər bazar bir qrupun əlindədir və onu istədiyi kimi tənzimləyir. Belə olan halda yeni münasibətlərdən asılılıq onların xeyirinə deyil. Eyni zamanda AİB zonasında Türkiyənin nüfuzunun artması və onun 1 nömrəli tərəfdaşına çevrilməsi Ermənistana sərf etmir.

Çünki bu münasibətlərdə, AİB-nin qərarlarında Türkiyənin də maraqları nəzərə alınacaq. Belə olan halda Ermənistan oyundan kənarda qalaq və heç bir müdaxilə edə bilməz. Təbii ki, Ermənistan öz statusundan istifadə edərək Türkiyə ilə gömrük sazişinin imzalanması ilə bağlı qərarların qəbulunda buna qarşı çıxa bilər. Amma bu etiraz çox təsirli olmayacaq. Həm də AİB-in digər üzvlərinin Ermənistanı susdurmaq imkanları olacaq.

Yeri gəlmişkən, ola bilər ki, bu, Putinlə Sarkisyanın Soçi görüşünün də müzakirə mövzularından olsun. Rusiya Ermənistanın mövqeyinin ümumi mövqeyə zərər verməməsi üçün bununla bağlı İrəvana öz mövqeyində dəyişiklik etməyi tövsiyə edə bilər. Yəni ola bilər ki, Ermənistana özünü yaxşı aparması üçün mesaj verilsin”

İlkin İzzət
Milli.Az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin