Türk Respublikaları İttifaqı yaradılacaq? – Bu gün bu birliyi Qarabağda görmürük…

0
49

Xeyli müddətdir ki, sosial şəbəkələrdə, mediada Turanın, vahid Türk dövlətininin yaranmasına çağırışlar səslənir, buna əminliklər ifadə olunur. Bir sıra siyasi amillər də bu düşüncə üçün zəmin yaradır.

Türkoloq Faiq Ələkbərli AYNA-ya açıqlamasında deyib ki, Türk dövlətlərinin birliyi ilə bağlı məsələ yeni deyil: “Əslində, bu məsələ 20-ci əsrin əvvəllərində gündəmə gəlmişdi. Bu məsələ iki böyük türk dövlətinin, yəni Osmanlı imperiyası ilə Qacarlar dövlətinin zəifləməsi dövründə yenidən gündəmə gəlmişdi. Hələ o dönəmdə bu iki dövlətin sonunun gələcəyini görən mütəffəkirlərimiz, başda Əli bəy Hüseynzadə olmaqla, “Yeni türk dövlətləri birliyi” ideyasını irəli sürmüşdü. Həmin dövrdə bu ideyaya alternativ olan digər bir ideya yarandı, bu da müstəqil türk dövlətləri ideyası idi. Müstəqil türk cümhuriyyətləri bir ittifaq halında birləşirdi. Bu ideyanın tərəfdarlarından biri də Məhəmməd Əmin Rəsulzadə idi”.

“Mən də ikinci ideyanın daha çox tərəfdarıyam – istər 20-ci əsrin əvvəllərində olsun, istər günümüzdə. Bu gün də biz görürük ki, vahid Türk dövlətindən daha gerçəkçi olan Türk dövlətlərinin bir ittifaq halında özünü ortaya qoymasıdır. Düzdür, 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində hadisələr çox da bizim istədiyimiz kimi inkişaf etmədi. 20-ci əsrin axırında müstəqil türk dövləti olaraq yalnız Türkiyə Cümhuriyyəti qalmışdı. Lakin 1991-ci ildə Türkiyə Cümhuriyyətindən başqa yeni müstəqil türk cümhuriyyətləri yarandı. Ancaq biz görürük ki, 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində həm Türkiyənin yaşadığı problemlər üzərindən, həm öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan və Orta Asiya, yaxud Türküstandakı türklərin bir çox problemləri olması ilə bağlı ilk dövrlərdə biz bu türk birliyi istiqamətində istənilən bir yol xəritəsini görə bilmədik”, – mütəxəssis bildirib.

Onun sözlərinə görə, son illər Türkiyədə hakim AKP ilə müxalifətçi arasında yaxınlıq baş verdikdən sonra Türkiyə üzünü türk xalqlarına çevirdi: “Şübhəsiz ki, burda MHP-nin böyük rolu oldu. Ərdoğan da bu istiqamətdə xeyli dərəcədə əvvəlki illərlə müqasiyədə düşüncələrini müsəlman ölkələrindən daha çox türk-müsəlman, hətta xristian türkləri olan qaqauzlara və digərlərinə üz tutdu. Bu, çox yaxşı haldır. Bundan başqa, son aylarda biz müşahidə edirik ki, Ərdoğan açıq şəkildə Azərbayacana hərbi-siyasi dəstəyini ortaya qoyur, eyni zamanda Xarici İşlər naziri Mövlud Çavuşoğlu və digərləri də Azərbaycana dəstək verəcəyini bildirir. Bu anlamda təkcə Türkiyə-Azərbaycan nümunəsində belə, Turan – Türk Respublikaları İttifaqının gerçəkləşməsi ortaya çıxmaqdadır. Bu məsələnin belə bir nöqtəyə gəlib çıxmasında həm Türkiyə-ABŞ münasibətləri, həm də Türkiyə-Rusiya münasibətləri rol oynayır. Rusiya müəyyən mənada Türkiyənin digər türk dövlətləri ilə əməkdaşlığına razılıq vermək məcburiyyətindədir. Türk Respublikaları İttifaqının yeni bir mərhələyə girməsi də gerçəkləşə bilər”.

Türkoloq Türk Cümhuriyyətləri İttifaqının gerçəkləşəcəyi təqdirdə Qarabağ probleminin də həllinə yol açılacağını qeyd edib: “Turanın elan olunmasında istər siyasi-ideolji anlamda, istər hərbi güc anlamında Azərbaycanın xüsusi yeri olacaq. Təkcə Quzey Azərbaycan deyil, Güney Azəarbaycanın da xüsusi rolu olacağına inanıram. Bir tərəfdən Azərbaycan üçün ən əsas məsələ budur ki, Qarabağ probleminin həlli baş tutuacaq. Son baş verən hadisələr də göstərir ki, Rusiya Azərbaycana qarşı mövqeyində müəyyən qədər geri çəkilmək istəyir. Bu da Rusiya Federasiyasının öz varlığı üçün lazımdır. Rusiya Federasiyası indiki halda öz varlığını qorumaq istəyirsə və Qərbin iqtisadi və digər təzyiqlərinə davam gətirmək istəyirsə, Qarabağ məsələsində müəyyən qədər də olsa, geri addım atmağa məcburdur”.

“Azərbaycan üçün ən mühüm avantajlardan biri olan Qarabağ məsələsinin həlli üçün türk respublikalarının birliyi ideyası xüsusi mahiyyət daşıyacaq. Ümumiyətlə, bu ideyanın gerçəkləşməsi Azərbaycan üçün xüsusi avantajdır, çünkü Azərbaycan da türk dünyasının mərkəzindəki dövlətlərdəndir. Quzey Azərbaycan iqtisadi anlamda da xeyli avantajlar qazanacaq. Güney Azərbaycan üçün də böyük avantajdır, çünki Tehranda ya hakimiyyət dəyişikliyinə səbəb olacaq, ya da Güney Azərbaycan türkləri Təbriz başda olmaqla böyük bir ərazidə öz müstəqilliyini elan edə biləcək”, – Ələkbərli vurğulayıb.

“Türküstan Çinə qarşı mübarizədə avantaj qazanacaq, Türkiyə özü də böyük güc qazanacaq, BMT-də Türkiyənin də böyük bir payı olacaq. Turanın elan edilməsi yalnız Türk dünyasında deyil, ümumilikdə dünya səviyyəsində ciddi dəyişikliklərə səbəb olacaq. Turan təkcə Qarabağ probleminin deyil, digər türk dövlətlərinin problemlərinin bir çoxunun da problemlərini həlli edəcək. Türk respublikalarının ittifaqının yaranması pandemiyadan sonrakı dönəmdə ən önəmli məsələlərdən biri olacaq. Son 3 əsrdir ki, dünya düzəni Türkün gücü olmadan həll olunur. İngilislər, yəhudilər, almanlar, ruslar ön plandadır. Amma yeni dünya düzənində türk birliklərinin, türk xalqlarının önəmi önə çıxacaqdır”, – həmsöhbətimiz əlavə edib.

DİA.AZ-dan: Turan, Türk Dövlətləri Birliyi və digər bu kimi ideyalar gözəldir… Amma bu gün Azərbaycan savaş içindədir… Türkiyə və Şimali Kiprdən başqa Azərbaycanın bu haqq savaşına hansısa digər Türk dövlətinin dəstək reaksiyasını gördünüzmü? Biz yox… Odur ki, xəyallardan reallığa dönməliyik… sözün bütün mənalarında…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin