“TOPAZ”IN MONOPOLİYASİ GENİŞLƏNİR… – Şirkət idman mərc oyunlarının təşkilindən nə qədər qazanc əldə edir?

0
344

“Topaz” MMC 10 ildir ki, Azərbaycanda idman mərc oyunlarının təşkili ilə məşğul olan yeganə şirkətdir. Bu şirkət 2011-ci ildə “Caspian Tech” QSC-nin tabeliyində yaradılıb və hazırda fəaliyyətini davam etdirir. “Topaz”ın yaradılmasında əsas məqsəd kimi ölkədən valyuta axınının qarşısını almaq və xarici mərc şirkətlərinə insanların marağını azaltmaq göstərilmişdi.

Xatırladaq ki, 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda kazinoların və idman mərc oyunlarının təşkili olunması qadağan edilmişdi. Amma 13 illik fasilədən sonra “Topaz” adı altında qanuni mərc oyunlarını təşkil edən şirkət fəaliyyatə başladı.

Hazırda ölkə ərazisində “Topaz”ın 500-dən artıq məntəqəsi fəaliyyət göstərir ki, onun 255-i Bakıdadır. Bu filiallar əsasən metrostansiyaların, universitet və məktəblərin yaxınlığında yerləşir. Bu sahəyə gənclərin və azyaşlıların marağını nəzərə alan şirkət təmsilçiləri hədəf qrupunun kütləvi olduğu yerlərdə filiallar açırlar.

“Topaz” məntəqələrinə giriş üçün 18 yaş məhdudiyyəti qoyulsa da, bu oyunlarda azyaşlıların iştirakı istisna deyil. Mərc oyunlarına maraq göstərənlər isə əsasən, kasıb təbəqənin mənsublarıdır. İndiyə qədər minlərlə insan pulunu, evini, maşınını, ailəsini bu oyunlarda itirib. 

 

RealMedia.az xəbər verir ki, psixoloq Gülər Məmmədova “AzPolitika.info”ya şərhində belə oyunların təməlində şansı sınamaq faktoru dayandığını deyib: “Müəyyən yaş dövründə zəhmətli işlərdən qaçan insanlar bir müddət sonra asan yolla pul qazanmaq istəyinə düşürlər. Ailədə pula görə baş verən söhbətlər, kasıbçılıq, övlada doğru yolla pul qazanmağı öyrətmədikdə insanlar bu yollara baş vururlar. Bu istək də onları uçuruma aparır”.

Psixoloq qeyd edir ki, son vaxtlar belə oyunlarda iştirak edən gənclərin sayı xeyli artıb: “Azyaşlıların bu yola düşməməsi üçün valideynlər onları daim nəzarətdə saxlamalı, övladlarının pulu nəyə xərclədiklərinə diqqət etməlidirlər. Uşaqlar nəzarətsiz qalanda, asan və rahat qazanc zənn etdkləri mərc oyunlarına yönəlirlər. Belə oyunlar insanlarda aludəçilik yaradır. Onlar “bir daha qazanım”, “şansımı sınayım” deyərək pullarını itirirlər. Azyaşlı uşaqlar belə oyunlara qatıldıqdan sonra onları bu yoldan uzaqlaşdırmaq çox çətin olur. Çünki oyunlar artıq birbaşa onların psixikasına təsir göstərir. Sonda onlar psixiatra müraciət etməli və dərman terapiyasına başlamalı olurlar. Ümumiyyətlə təməlində madiyyat olan belə oyunlardan mümkün qədər uzaq durmaq lazımdır”.

“Topaz” MMC maliyyə hesablarını ictimaiyyətdən gizli saxlasa da, illik dövriyyəsinin 300 milyon, gəlirinin isə 90-100 milyon manat aralığında dəyişdiyi təxmin edilir. Ancaqc bəzi iddialara görə “Topaz”ın illik qazancı 200 milyon manatdan artıqdır. Şirkət rəsmisi də ictimaiyyətə açıqlamsında deyib ki, qurum son 10 ildə rekord məbləğdə gəlir əldə edib. Gəlirin miqdarı açıqlanmasa da, 2021-ci ilin oktyabr ayında şirkət dövlət büdcəsinə 4 milyon 54 min, məntəqələrdə çalışanlarına isə 3 milyon 78 min manat ödəniş edib. Eyni zamanda “Topaz” 2021-ci ildə dövlət büdcəsinə 29.1 milyon manat vergi ödənişi edib.

Ekspertlər il ərzində bütün mərc platformalarında Azərbaycan vətəndaşlarının 800 milyon – 1 milyard manat aralığında pul xərclədiyini bu rəqəmin 30-35 faizinin “Topaz”ın gəliri olduğunu bildirirlər.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, lotoreya və mərc oyunlarında 500 manatadək uduşlar gəlir vergisindən azad edilib. Eyni zamanda lotereya və idman mərc oyunlarının təşkilatçıları sadələşdirlimiş vergi ödəyicisinə çevriliblər. Bununla yanaşı ölkədə “Topaz”dan başqa bütün real və virtual mərc oyunlarının təşkili və oynanılması qadağan edilib.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”ya şərhində bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər bu sahəyə marağı artıracaq: “Ümumiyyətlə bu biznes sahibkarlıq fəaliyyətidr. Vergi Məsələsindəki dəyişiklik onların sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək. Düşünürəm ki, rəqəmsal mühit inkşaf etdikcə virtual oyunların da iştirakçıları artır. Eyni zamanda xaricə valyuta axını çoxalır. Ona görə də bu sahədə yerli biznesin inkşafı müsbət addımdır. Daha sonra turizmin inkşafı üçün belə oyunların, hətta yaxın gələcəkdə kazinoların bərpası da həm ölkə xaricinə çıxarılan valyutanın qarşısını alar, həm də turizm potensialını yüksəldə bilər”.

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Milli Məclisin iclasında çıxış edərkən deyib ki, Vergi Məcəlləsinə dəyişiklik edilməsində əsas məqsəd, mərc oyunlarında “qara bazar”ın həcmini azaltmaqdır. Nazir müavininin sözlərinə görə, Azərbaycanda idman mərc oyunlarında 700 milyon manatlıq “qara bazar” fəaliyyət göstərir.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Azərbaycanda mərc oyunlarına nəzarət çox aşağı səviyyədədir: “Biz çalışmalıyıq ki, idman mərc oyunlarından, lotereyadan gələn gəlirlər vergidən yayındırılmasın. Ona görə də, qanunun tələblərinə ciddi nəzarət olunmalıdır. Çünki bu sahə kifayət qədər gəlirli sahədir”.

(AzPolitika.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin