Tibbi maska möhtəkirləri cəzalandırılacaq – prezident göstəriş verdi

0
623

Müvafiq strukturlar məsələni araşdıracaq; dövlət başçısı: “Bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”

İranda koronavirusun yayılması Azərbaycan əhalisinin sağlamlığı ilə bağlı narahatlığını artırmaqla yanaşı, ciddi təşvişə də saldı. Virus kifayət qədər iri olduğu üçün adi tibbi maska ilə ondan qorunmağın mümkünlüyünə dair bir sıra mütəxəssislərin açıqlamaları insanların dərhal apteklərə üz tutmasına səbəb oldu. Lakin onların böyük əksəriyyəti “maska yoxdur, olmayacaq” cavabı ilə üzləşdilər.

Ötən on gündən yuxarı müddət ərzində hökumət rəsmiləri dəfələrlə Azərbaycanda yetərincə tibbi maska və virusa qarşı mübarizədə zəruri olan digər ləvazimatların olduğunu bəyan etsələr də, apteklərdəki mövcud vəziyyət bunun tamam əksini göstərir. Ölkəni dərman və tibbi ləvazimatlarla təchiz edən əksər böyük şirkətlər birmənalı şəkildə maska olmadığını bildirirlər. Hazırda apteklərin bir çoxunda bahalı maskalar məhdud sayda təklif olunur. Lakin bəzi apteklərdə əlaltından adi maskaları baha qiymətə almaq olur. Bu isə maskanın heç olmadığına dair təchizatçı şirkətlərin verdiyi açıqlamaların reallığı əks etdirmədiyini göstərir.

3-də Goranboy Mərkəzi Xəstəxanasının yeni binasının açılışında ile ilgili görsel sonucu

Tibbi maska ilə bağlı vəziyyət o həddə çatıb ki, ölkə rəhbərliyi də məsələyə münasibət açıqlayıb. Belə ki, martın 3-də Goranboy Mərkəzi Xəstəxanasının yeni binasının açılışında çıxış edən prezident İlham Əliyev dünyada və ölkədə koronavirusa qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb: “Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.

Eyni zamanda məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır”.

Prezident maska çatışmazlığına ile ilgili görsel sonucu

Prezident maska çatışmazlığına heç bir əsaslandırma ilə haqq qazandırılmasının mümkün olmadığını deyib: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Dünən gün ərzində apardığımız müşahidələr göstərdi ki, apteklərdə maska problemi davam edir. Belə ki, əsas təchizatçı şirkətlərə məxsus apteklərin heç birində adi tibbi maska tapmaq mümkün olmadı. Bu isə fevralın ilk günlərində ölkədə olan tibbi maskaların kütləvi şəkildə xaricə daşınmasına dair ehtimalları gücləndirir. Xatırladaq ki, Nazirlər Kabinetinin tibbi maska da daxil olmaqla, bir sıra tibbi ləvazimatların ölkədən çıxarılmasının qadağan olunmasına dair fevralın 14-də qəbul etdiyi qərarda bildirilirdi ki, “yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilmişdir”.

Onu da qeyd edək ki, Azərbaycana tibbi maska əsasən Çin, Rusiya, Türkiyə və digər ölkələrdən idxal olunur. Çin maska ixracını yanvardan etibarən dayandırıb. Dünən isə Rusiya hökuməti bir sıra məhsulların ölkədən çıxarılmasının müvəqqəti olaraq qadağan edilməsi ilə bağlı qərar verib.

Prezident maska çatışmazlığına ile ilgili görsel sonucu

Bununla bağlı Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar qəbul edilmiş qərara qoruyucu maska, dezinfeksiyaedici və virusa qarşı maddələr, qoruyucu respirator və gözlüklər, baxillər və digər tibbi ləvazimatların daxil edildiyini qeyd olunur. Qadağa iyunun 1-dək qüvvədə olacaq.

Dünən həmçinin Türkiyənin Ticarət Nazirliyinin qəbul etdiyi qərara əsasən tibbi maskaların, qoruyucu iş paltarlarının, kimyəvi maddələrə qarşı istifadə olunan qoruyucu xalatların, qoruyucu eynəklərin ixracı üçün dövlətdən xüsusi icazə alınmalıdır.

Yeri gəlmişkən, qardaş ölkədə tibbi maskaların qiymətlərini süni şəkildə artıran şirkətlərə qarşı sərt addımlar atılır. Belə ki, ölkənin Ticarət Nazirliyi bu sahədə fəaliyyət göstərən 9 şirkətin hər birini 104 943 lirə (təxminən 17 205 ABŞ dolları) cərimə edib.

Heç şübhəsiz, prezident İlham Əliyevin yuxarıda qeyd olunan çıxışından sonra Azərbaycanda da tibbi maskaları məqsədyönlü olaraq gizlədən, bahalaşdıran, yaxud kütləvi şəkildə ölkədən çıxaran şirkətlərlə bağlı sərt addımlar atılacaq.

DÜNYA,
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin