“The Times”: Boris Conson koronavirusa yoluxduğuna görə istefa verə bilər

0
944

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxması nəticəsində daxilində yaranan fəsadlara görə öz postunu vaxtından əvvəl tərk edə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Qəzet həmin informasiyanın baş nazirin müşavirlərindən birindən aldığını bildirib.

Belə ki, mövzuya həsr olunan xüsusi yazıda “The Times”ın bir əməkdaşının Boris Consonun müşaviri Dominik Kamminqsin qayınatası ilə söhbət etdiyi göstərilib. Burada müşavirin qohumu baş nazir Boris Consonun bu ilin yaz aylarında yoluxduğu koronavirusun mənfi təsirindən hələ də çıxmadığı və onun nəticələrindən özünə gələ bilmədiyini söyləyib. Onun sözlərinə görə, baş nazir artıq tam sağala bilməyəcəyini və gələn ilin əvvəlində istefaya getməyi düşünür.

Dominik Kamminqsin qayınatası Hamfri Ueykfild hətta B.Consonu “problemləri xroniki hal alan zədələnmiş at”la müqayisə edib. “Əgər siz işə zədələnmiş bir atı geri qaytarsanız, o, heç vaxt sağalmaz”,-deyə o söyləyib.

Boris Consonun mətbuat xidməti məsələ ilə bağlı “Bloomberg” agentliyinin sorğusuna cavab verməyib, rəsmi şəxslər isə Ueykfildin bəyanını “mənasız söz-söhbət” adlandırıb.

Bundan başqa, “Business Insider” saytı da “Dauninq-strit” dəki (Böyük Britaniya baş naziri ofsinin qeyri rəsmi adı-red.) qaynağının onlara belə bir xəbərin “tam sərsəmlikdən ibarət olduğunu” söylədiyini bildirir.

Xatırladaq ki, baş nazir Boris Conson bu ilin aprel ayında koronavirusa yoluxub. O, bir neçə gün intensiv terapiya palatasında müalicə aldıqdan sonra yenidən işinə geri qayıdıb. Boris Conson həmin vaxtlar şişman britaniyalılara xəstəliklərlə daha yaxşı mübarizə aparmaları üçün çəkilərini azaltmağı məsləhət görmüşdü.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin