TƏRİF OLANDA SIRAYA DÜZÜLƏNLƏR VƏ… – Söyülməkdən qorxan nazirlər, deputatlar (Səmimiyyət testi)

0
1142

“Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi gündəmə gələndə hərə bir tərəfə çəkilir. Mövqeyinizi ortaya qoyun”.

Belə bir tələblə Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. S.Novruzov Avropada bəzi azərbaycanlı mühacirlərin Azərbaycan hakimiyyətinin əleyhinə təhqir kampaniyası aparması barədə danışarkən bunları deyib.

“Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Almaniyada da bu cür əməllər törədirlər” – YAP-çı deputat bildirib.

O bildirib ki, belə azərbaycanlılar “sapı özümüzdən olan balta”lardır: “Vətənə, xalqa müxalif olmaq olmaz. Azərbaycan ordusuna qarşısı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir”.

Qeyd edək ki, oxşar fikirlər bir neçə gün əvvəl Mətbuat Şurasının təşkilatçılığı və Prezidentin köməkçisi Əli Həsənovun iştirakilə keçirilən tədbirdə də dilə gətirilmişdi.

eli hesenov

Tədbirdə çıxış edən bir sıra media rəhbərləri şikayətlənmişdilər ki, deputatlar söyüş-təhqir yağdıran mühacirlərə cavab verilməsi təklifindən imtina edirlər. “Bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər” – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şikayətlənib. “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı da münasibət bildirməkdən imtina edən deputatları qınayıb.
“Ad çəkmək istəmirəm, deputatlardan biri deyir ki, məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” – bir başqa baş redaktor bildirib.

Bu gün isə redaktorlar yox, artıq YAP-ın önəmli simalarından biri deputatları danışmağa, iqtidarı, Prezidenti müdafiə etməyə çağırıb. Və bu dəfə S.Novruzov tamamilə haqlıdır! Amma qınaq obyekti təkcə deputatlar olmalı deyil. Söhbət ondan getmir ki, kimlərsə iqtidarı, Prezidenti müdafiə edir, ya yox. Dəfələrlə yazmışıq – deputatların, məmurların, iş adamlarının və digərlərinin Prezidentin müdafiəsinə qalxmaları onsuz da söyüş söyənləri dayandırmayacaq. Bəlkə də onlar daha da həvəslənəcəklər. Axı onlar o qədər də çətin işlə məşğul deyillər – kameranın düşməsini basır, onun qarşısına keçir və ağızlarını açıb, gözlərini yumurlar. Cəmi bir neçə dəqiqəlik texniki işdən sonra isə “film” nümayişə hazırdır.Heç tamaşaçılar da çox əziyyət çəkmirlər, onlar da cəmi bircə düyməni basmaqla, bu “yaradıcılıqla” tanış ola bilirlər. Bu vasitə ilə nəinki Azərbaycan Prezidentini, onun ailəsini, digər dövlət adamlarını, hətta dünyanın ən qüdrətli dövlətlərinin başçılarını da təhqir etmək olar. Məsələn, fövqəldövlət olan ABŞ prezidentini. Yaxud, dünyanın altıda bir hissəsini tutan Rusiyanın başçısını. Vəya əhalisi milyard yarıma çatan Çin liderini. Yəni bu təhqirlər, söyüşlər onu dilə gətirənləri böyütmədiyi kimi, söyülənlərin də gücsüzlüyündən, qüdrətsizliyindən xəbər vermir.

1468563069-milli-meclis-15-iyul

Bu baxımdan, bəlkə də düşünmək olar ki, deputatlar, nazirlər, digər məmurlar, iqtidarın yaratdığı şərait hesabına (Bu şəraitə təkcə münbit biznes şəraiti daxil deyil, dövlətdən, xalqdan çırpışdırmaq, vergidən yayınmaq, monopoliya və sairə şəraitlər də daxildir) milyonlar, milyardlar sahibi olan iş adamları və digərləri Azərbaycan hakimiyyətinə, onun rəhbərinə qarşı vüsət götürən bu təhqir kampaniyasına heç fikir verməsələr yaxşıdır. Ancaq bu yalnış düşüncədir. İlk növbədə yuxarıda adlarını çəkdiyimiz kateqoriya insanların – bu hakimiyyətdən geninə-boluna yararlananların, Siyavuş Novruzovun dediyi kimi, tərif məsələsi ortaya çıxanda sıraya düzülənlərin bu kampaniyaya bacardığı formada qarşı çıxması – İLK NÖVBƏDƏ ƏXLAQ, MƏNƏVİYYAT MƏSƏLƏSİDİR! Bu, həm də bir sınaqdır: SƏDAQƏT VƏ SƏMİMİYYƏT TESTİDİR!

Bəs biz hansı mənzərəni müşahidə edirik? Öz iqtidarını, öz Prezidentini qorumaq üçün “atəşi öz üzərinə çəkən” neçə məmur, deputat, icra başçısı, iş adamı görürük? Ümumi kontingentin – irəli addımlamaq, etiraz etmək borcu olanların cəmi 1-2 faizini…

adil

Məsələn, deputat Adil Əliyev bugünlərdə Almaniyada bir tədbir keçirdi. Tədbir uğurlu alındı, ya alınmadı, bu başqa məsələdir. Amma 2 gündür Adil Əliyev təhqirlərə məruz qalır. O adamlar ki, bu tədbirə qədər Azərbaycan prezidentini söyürdülər, 2 gündür ki, hədəfi dəyişib Adil Əliyevi söyürlər. Deməli, Adil Əliyev atəşi öz üzərinə çəkib. Deməli Adil Əliyev etməli olduğunu edib – sədaqətini sözdə yox, əməldə sübut edib. Başqa həmkarları kimi “məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” deyə, qorxaqlıq etməyib. Ən nəhayət, deməli Adil Əliyev həqiqi əqidə adamıdır. Beləsinə isə, mövqeyini bölüşüb-bölüşməməkdən asılı olmayaraq, hörmət olunmalıdır.

Adil Əliyevdən əvvəl Prezidentin köməkçisi Əli Həsənov atəşi öz üzərinə çəkmişdi. Ondan əvvəl Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov və başqaları bu təhqir kampaniyasına qarşı çıxmış, təbii ki, əvəzində təhqir olunmuşdular.

Sual olunur: Bəs hanı bu komandanın digər üzvləri – nazirlər, deputatlar, generallar, onların bu iqtidarın sayəsində yağ-bal içində üzən övladları, yaxın ətrafları? İndiyədək bircə nazir oğlu, deputat, deputat oğlu, general oğlu, iş adamı və onların övladları kameranın qarşısına keçib, təhqirlər yağdıranlara onların dilində cavab verməyib. Yaxşı, cəbhə bölgəsində xidmət etməməyi, ordudan yayınmağı başa düşdük – bu Vətən məsələsidir və çox da təhlükəli işdir, bəs sözdə olsa da öz dövlətini, öz iqtidarını müdafiə etmək necə, bu da çətin və təhlükəlidir?

Sözsüz ki, bu, çətin deyil. Heç təhlükəli də deyil. Bu, sadəcə olaraq, MƏNƏVİYYAT, ƏXLAQ VƏ SƏDAQƏT İŞİDİR! Bu sınaqdan üzüağ çıxanların sayı isə, hələ ki, o qədər də çox deyil…

Rasim ƏLİYEV
AzPolitika.info

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin