Şuşa yaxınlığında tutulan erməni: “Nəsə cinayət törətmişəmsə Allah cəzamı versin…” – FOTOLAR

0
217

Casusluqda, silahlı birləşmə yaratmaqda, dövlət sərhəddini qanunsuz  keçməkdə ittiham edilən iki Ermənistan vətəndaşı –  Davit Davtyan və Gevorq Sujyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bugünkü prosesdə şahid qismində “N” saylı hərbi hissədə xidmətdə olan hərbçi Vidadi Orucəliyev ifadə verib. Şahidin ifadəsinə görə, 2020-ci il noyabrın 11-də, yəni Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından bir gün sonra Şuşa yaxınlığında digər hərbçi yoldaşları ilə birlikdə xidmət apararkən iki nəfər mülki geyimli şəxsin ətrafı  müşahidə etdiyini görüblər.

Şahid daha sonra bildirib:

“Onların Azərbaycan nəzarətində olan ərazilərə nə məqsədlə gəldiklərini öyrənmək üçün hər ikisini saxlamaq qərarına gəldik. Uzaqdan səslənərək yerində dayanmağı əmr etdik. Əvvəlcə qaçıb gizlənmək istədilər, sonra yaxınlıqda olduğumuzu görüb dayandılar. Onları sorğu-sual etdik, özlərini təqdim etmələrini tələb etdik. Bizi başa düşməyib rusca “çto?” dedilər. Biz də rusca özlərini təqdim etməli olduqlarını bildirdik. Biri şəxsiyyət vəsiqəsi, digəri pasport təqdim etdi. Burada nə iş gördüklərini, nə üçün Şuşaya daxil olduqlarını, yeni qurulan mövqelərimizi nədən müşahidə etdiklərini soruşanda  cavab verə bilmədilər, suallardan yayındılar, özlərini müdafiə etməyə başladılar…”

V.Orucəliyev daha sonra deyib ki, hər iki şəxsin özlərini şübhəli aparmaları, Azərbaycan nəzarətində olan mövqelərdə müşahidə aparmaları barədə səlahiyyətli şəxslərə məruzə ediblər və onları müvafiq dövlət strukturunun əməkdaşlarına təhvil veriblər.

Şahid həmçinin qeyd edib ki, hər iki şəxs saxlanılarkən onlardan humanitar yardım aşkarlanmayıb. Bildirib ki, təqsirləndirilən şəxslər saxlanılan yerdən Xankəndi şəhərinə yol yoxdur. Ona görə də onların Xankəndinə yardım aparmaq istədikləri haqda dedikləri düz deyil.  (Təqsirləndirilən şəxslər məhkəməyə verdikləri ifadələrində guya Xankəndinə humanitar yardım apararkən saxlanıldıqlarını deyiblər -red.)

Hakim bildirib ki, digər şahid, polkovnik-leytenant Vüqar Abdullayevin xidməti ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyi haqda məhkəməyə sənəd təqdim olunub. Sənəd “N” saylı hərbi hissənin komandiri tərəfindən göndərilib. Orada deyilir ki, şahid xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdədir,  məhkəmə iclasında yaxın vaxtlarda iştirak edə bilməyəcək. Sənəddən görünür ki, şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Məlum olub ki, şahid Vüqar Abdullayev də istintaqa anoloji ifadə verib.

Hakim daha sonra cinayət işində olan sübutların araşdırılması mərhələsinin başlandığını elan edib. Bundan sonra işdə olan sənədlər açıqlanıb. Açıqlanan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərin hər ikisi Qarabağda gedən döyüşlərdə, hərbi əməliyyatlarda iştirak ediblər.

Cinayət işinin sosial şəbəkəyə baxış keçirilməsi protokolundan görünür ki, üzərində “Gevorq Sujyan” yazılmış diskdə 7 ədəd fotoşəkil aşkarlanıb. Fotoların birində Sujyan əlində snayper tüfəngi, digərlərində isə Davitlə birgə əllərində avtomat silahlarla hərbi geyimdə yer alır. Təqsirləndirilən şəxslər guya bu fotoları hərbi xidmət zamanı çəkdirdiklərini desələr də onların dedikləri qəbul edilməyib.

Daha sonra Sujyan üzünü hakimə tutub “Məni bağışlamağınızı xahiş edirəm” deyib. Davit Davtyan da bağışlanmağını istəyib və bildirib: “Mən də hamıdan üzr istəyirəm, hansısa cinayət törətmişəmsə Allah mənim cəzamı versin. Hər kəsə cansağlığı arzulayıram…”

Məhkəmə istintaqı tamamlanıb. Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib.  Dövlət ittihamçısı Cövdət Mehrəliyev təqsirləndirilən Gevorq Sujyanın və Davit Davtyanın ilk 5 ilini həbsxanada, yerdə qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hər ikisinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzaları bitdikdən sonra Azərbaycan hüdudlarından kənara məcburi çıxarılmasını istəyib.

Məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib və bu ermənilərin hərəsinə 15 il həbs cəzası verib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin