Sovet kəşfiyyatının “zərif silah”ı: Rus aktrisa yatağına çəkdiyi Fransa səfirini necə “əsir” alıb… – FOTOLAR

0
79

Dünyanın bir çox dövlətlərinin xüsusi xidmət orqanlarında “hədəfi ələ keçirmək” üçün qadınlardan istifadə etmək təcrübəsi mövcuddur. Elə keçmiş SSRİ-də də DTK əməkdaşları bu üsuldan yetərincə yararlanıblar.

Bəzi səlahiyyət sahibləri üçün ehtiras, şəhvət, qadına olan hərislik hər şeydən üstün olub və beləliklə də böyük dövlətlərin, böyük sirrləri qadın yatağına gedən yolda çox rahat və asanlıqla əldə olunub. Fransanın SSRİ-dəki səfiri Moris Dejanın rus aktrisasının yatağına gedən yolundakı kimi…

1955-ci ildə DTK Fransanın SSRİ-dəki səfirini “əməkdaşlığa” cəlb etmək üçün xüsusi əməliyyat hazırlayıb. Əməliyyata DTK generalı Oleq Qribanov başçılıq edib. Bu işdə generala DTK-nın agenti “Mosfilm”in ssenaristi Yuri Krotkov yarımdıçı olub. Krotkov səfir Moris Dejanı aktrisa Larisa Sobolevskaya vasitəsi ilə “ələ keçirməyi” təklif edib və aktrisanın bu işə könüllü razı olduğunu bildirib.

74666209_1424549074373696_709178454385360896_n.jpg (49 KB)

Larisa Sobolevskaya 1929-cu ildə Penzada anadan olub. Atası Sovet ordusunda xidmət edib. Larisa Sobolevskaya orta məktəbi bitirdikdən sonra Moskvada Gerasimov adına Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra o, “Mosflim”də işə başlayıb.

Bir çox filmlərdə rol alan Larisa Sobolevskaya sevilən aktrisa olması ilə yanaşı, həm də gözəlliyi, cəlbediciliyi ilə fərqlənib. Ssenarist Krotkov aktrisaya DTK əməliyyatında iştirak etmək təklifini verəndə o, tərəddüdsüz razılığını bildirib və qeyri-iş günündə, həftənin bazar günü Larisa Sobolevskyanın DTK generalı Oleq Qribanovla ilk görüşü olub.

76706680_2424203511166638_2198870599529398272_n.jpg (61 KB) 

General qeyri-rəsmi məkanda əməliyyatın detallarını açıqlayıb: “İlk növbədə siz özünüzü çox sadəlövh, siyasətdən anlayışı olmayan, gözəlliyi ilə öyünən şıltaq bir xanım kimi aparmalısınız. Bununla yanaşı, siz səfirin görüş təklifini də dərhal qəbul etməməlisiniz. Səbəb kimi həyat yoldaşınızın qısqanc bir adam olduğunu söyləməlisiniz. Sonralar görüşlə bağlı razılıq əldə olunanda siz səfirdən hədiyyə də istəməlisiniz. Sizin səfirlə tanışlığınız rəsmi tədbirdə baş tutacaq. Həmin tədbirdə hərəkətlərinizdə, davranışlarınızda heç bir şübhəli detal olmamalıdır…”

Larisa Sobolevskaya generalı səbrlə dinlədikdən sonra təbəssümlə cavab verib: “Hər halda söylədikləriniz səhnədəki rollarımızdan qat-qat asandır. Narahat olmaya bilərsiniz. Amma düşünürəm ki, bu iki səhnədə bir fərq olacaq, o da qonorar fərqi…”

General aktrisanın nəyə işarə etdiyini anlayıb: “Qonorarın ilkin hissəsini Krotkov sizə çatdıracaq. Düşünürəm ki, razı qalacaqsınız”.

76771488_443257296260422_5019302698562879488_n.jpg (69 KB)

Aktrisa ilə səfirin tanışlığı Fransanın milli bayramlarının birində səfirlikdə təşkil olunan qəbulda baş tutub. Larisa Sobolevskaya bayram tədbirinə tanınmış aktrisa kimi dəvət olunub.

Elə ilk görüşdən səfir Moris Dejan aktrisaya xüsusi diqqət göstərib, tədbirin sonunda tanışlıqlarının və münasibətlərinin davamlı olmasını arzulayıb. Beləliklə də səfirlə aktrisa arasında əlaqələr yaranıb.

Qısa bir müddətdən sonra Moris Dejan Larisa Sobolevskyaya görüşməyi təklif edib və bu görüşün səhərə qədər davam etməsini istəyib. Aktrisa görüşməkdən imtina etməyib, amma gecə bir yerdə qalmağın mümkün olmayacağını söyləyib, həyat yoldaşının hədsiz qısqanc olduğunu bildirib.

76685570_2542803725788257_7706682152489844736_n.jpg (57 KB)

Amma Moris Dejan israrından dönməyib. Uzun-uzadı xahişlərdən sonra Larisa Sobolevskaya razılıq verib, amma bir şərtlə ki, görüş onun öz evində olsun. Aktrisa həyat yoldaşının ezamiyyətdə olduğunu bildirərək, səfiri öz evinə dəvət edib. Əslində, həmin mənzil xüsusi qurğuların yerləşdirildiyi DTK-ya məxsus mənzil olub.

Cütlük axşam saat 8-də görüşüb. Bir-iki saat süfrə arxasında əyləndikdən sonra onlar yataq otağına keçiblər. Səfir tam soyunduqdan sonra aktrisa vanna otağına keçmək bəhanəsi ilə yataq otağından çıxıb və dəhlizdəki görünməyən yerdə olan kiçik düyməni basaraq “sevgili”sinin yanına qayıdıb.

Bu məqamda qapını öz açarları ilə açan iki nəfər mənzilə daxil olub. Onlardan biri özünü aktrisanın həyat yoldaşı kimi təqdim edib, digəri isə guya onun dostu olub. Əslində isə vaxtsız gələn qonaqlar DTK əməkdaşları olublar.

78548760_437369463853597_4353223815791116288_n.jpg (44 KB)

Larisa Sobolevskayanın “həyat yoldaşı” səfiri döyməyə başlayanda o, kim olduğunu anladıb. “Qısqanc ər” isə heç nəyə məhəl qoymayıb, milis çağıracağını söyləyib. Sonra “ev sahibləri” qəsdən şərait yaradıblar ki, səfir qaça bilsin və Moris Dejan mənzildən qaçmağa nail olub. DTK şousu bununla da bitib.

Səhərisi günü səfir aktrisaya zəng vuraraq xahiş edib ki, onunla bağlı hüquq-mühafizə orqanlarına heç bir şikayət verməsinlər. Larisa Sobolevskya xahişi böyük məmnunniyyətlə qəbul edib və ona öz şərtini diktə edib.

Müəyyən olunmuş vaxtda Moris Dejan DTK əməkdaşları ilə görüşə gedib və DTK ilə əməkdaşlıq etməyə razılıq verib.

78214240_514152895836223_4752725060731535360_n.jpg (62 KB)

Moris Dejan uzun müddət DTK-ya işləyib. Sonralar Fransaya qayıdanda və Şarl de Qoll onun DTK ilə əməkdaşlığının haradan başlandığını biləndə əli ilə onun çiyninə vuraraq deyib: “Mən çoxdan bilirdim ki, sən kiminlə gəldi, yatağa girməyə hazırsan”.

Qeyd edək ki, Moris Dejan hələ 1940-cı illərin əvvəllərindən Şarl de Qollun yaxın silahdaşlarından biri olub.

Moris Dejan DTK ilə əməkdaşlığa görə heç bir cəza almayıb. Əksinə, araşdırmaçıların qənaətinə görə, səfirin bu xidməti Fransa-SSRİ münasibətlərinin yaxşılaşmasında böyük rol oynayıb.

Sonralar Moris Dejan Fransa-SSRİ Assosiasiyasına rəhbərlik edib.

Larisa Sobolevskya isə DTK “səhnə”sindəki uğurlu çıxışına görə pul mükafatı ilə yanaşı, İsveçrə istehsalı olan və üzərində brilyant qaşlı qızıl saatla da mükafatlandırılıb.

Aktrisa 2017-ci ildə Moskvada vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin