Savaş başlasa, neft-qaz kəmərlərinə təhlükə yarana bilərmi? – iki rəy

0
726

Üzeyir Cəfərov: “Ermənilərin kəmərlərə tərəf baxmağa cəsarətləri çatmaz”; Rəşad Həsənov: “Düşməni Rusiya dəstəkləyirsə, bu faktorun özü təhlükəni artırır”
İşğalçı Ermənistan ordusunun iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində iki dinc sakinin həlak olması, bir nəfərin isə ağır yaralanması xalqımızı dərindən sarsıdıb. Vətəndaşlar düşmən gülləsi ilə həlak olan 2 yaşlı qızcığazın qisasını almaq üçün müharibə tələbini səsləndirir. Sadə insanlar belə cinayətkar Serj Sərkisyan rejiminin törətdiyi bu cinayəti lənətləməklə yanaşı, beynəlxalq aləmin baş verənlərə adekvat reaksiyasını tələb edir.

Image result for Hərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspertlər isə müharibənin başlaya biləcəyi ehtimalını istisna etmirlər. Belə olan halda həm ictimaiyyəti, həm də beynəlxalq konsorsium iştirakçılarını narahat edən bir məsələ də beynəlxalq neft və qaz tranzit kəmərlərinin təhlükəsizliyidir. Hamıya bəllidir ki, ermənilər zaman-zaman Azərbaycanın neft və qaz kəmərlərinə qarşı təxribatçı anonslar veriblər. Bəs müharibə başlasa, ölkəmizin bu kimi strateji əhəmiyyətli obyektləri təhlükədə qala bilərmi? Belə bir təhlükə reallaşarsa, bu, neftin və qazın qiymətinə necə təsir edə bilər?
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Ermənistan hökumətinin beynəlxalq qurumların maraqlarına toxunan belə bir təxribat törətməyə cəsarətinin çatmayacağını açıqladı: “Mən tam əminliklə deyirəm ki, ermənilərin neft kəmərlərinə tərəf baxmağa cəsarətləri çatmayacaq. Sözsüz ki, hədə-qorxular olacaq. Ancaq Ermənistan bilir ki, onsuz da pis durumdadır. Onların neft kəmərlərinə qarşı edə biləcəyi hərəkət çox baha başa gələcək. Əvvəla, həmin kəmərlər mühafizə olunur. Ermənilər o qədər ağılsız olmazlar ki, neft-qaz kəmərlərinə qarşı təxribat törətsinlər. Bu, onlara heç nə qazandırmamaqla yanaşı, beynəlxalq qurumlar tərəfindən də diqqət hədəfinə çıxaracaq. Əgər belə bir hal baş verərsə, ermənilər daha böyük bədəl ödəyə bilər, onların daha böyük strateji obyektləri təhlükə altında qala bilər. Onlar bu haqda düşünməlidirlər. Ermənilər əvvəl daha tez-tez belə fikirlər səsləndirirdilər ki, Bakını vuracağıq, Mingəçevir Elektrik Stansiyasını vuracağıq, neft kəmərlərini vuracağıq. Sonradan Azərbaycanın iri enerji layihələrindən bəhrələnən ölkələr erməniləri çağırıb başa saldılar ki, bu cür bəyanatları təkrarlamasınlar. Ona görə də son vaxtlar Ermənistan rəsmiləri tərəfindən bu fikirlər səsləndirilmir. Onlar bizə yeganə olaraq Sərsəng Su Anbarı və Mingəçevir Su Elektrik Stansiyası ilə hədə-qorxu gəlirlər. Başqa elə bir obyekt yoxdur. Gah onlarda nüvə silahı olduğunu iddia edirlər, daha atom bombasının olduğunu deyirlər. Bu, sadəcə, erməni tərbiyəsizliyinin nəticəsidir. Mənim əsla narahatlığım yoxdur ki, başlayacaq müharibə ermənilər üçün ölümə bərabər bir hal olacaq. Bundan ancaq erməni xalqı və Ermənistan siyasi rəhbərliyi zərər çəkəcək”.

Related image

İqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, Azərbaycanın müəllifi olduğu neft-qaz layihələrinin təhlükəsizliyinə beynəlxalq konsorsium nəzarət edir və Ermənistan tərəfi bunu gözə almaya bilməz: “Əslində bu istiqamətdə qiymətləndirmə aparmaq çətindir. Çünki bildiyimiz kimi, neft-qaz layihələri Azərbaycanda əsasən beynəlxalq konsorsium tərəfindən idarə olunur. Burada beynəlxalq şirkətlərin, o cümlədən iri dövlətlərin maraqları var. Risk təhlükəsi hər zaman var. O baxımdan ki, bugünkü texnologiya ilə bizim neft kəmərləri üçün həm Azərbaycan, həm Gürcüstana, həm də Türkiyə ərazisində müəyyən təxribatların həyata keçirilməsi mümkündür. Onu da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın üz-üzə qaldığı düşmən Rusiya tərəfindən dəstəklənirsə, bu faktorun özü təhlükəni daha da artırır. İstənilən halda Rusiya öz maraqlarını prosesdə daxil edərsə, Azərbaycanın enerji layihələri üçün ciddi təhlükə yarana bilər. Hazırda bu istiqamətdə ən müxtəlif səviyyədə tədbirlər görülür. Həm beynəlxalq konsorsiumun özü, həmçinin Azərbaycan dövləti müəyyən preventiv addımlar atır. Kəmərlərin qorunması ilə bağlı elektron nəzarət mexanizmləri daha da inkişaf etdirilib. Bununla bağlı xüsusi mühafizə qurumu fəaliyyət göstərir. Amma təbii ki, müharibə başlayarsa bu riski nəzərə almaq lazımdır. Xüsusilə onu nəzərə almaq lazımdır ki, bu kəmərlərə aviasiya hücumu ilə hər hansı bir təhlükə yaranarsa, bu istiqamətdən gələn riskləri indidən sığortalamaq üçün xüsusi proqrama ehtiyac var. Bu mənada ki, Azərbaycanın tranzit kəmərlərinin aviasiya hücumlarının müdafiəsi riskləri azaldılsın”.
Müharibə başlayacağı təqdirdə neftin və qazın qiymətinin artması ehtimalına toxunan iqtisadçı ekspert bu səbəbdən dünya enerji bazarında hər hansı ciddi dəyişiklik baş verməyəcək: “Azərbaycan həm neft, həm də qaz təchizatçısı olaraq dünya bazarında çox kiçik paya malikdir. Bu baxımdan, elə bir yanaşma ortaya qoymaq düzgün olmaz ki, Azərbaycanda bu kəmərlərin hər hansı biri üçün fəaliyyətin dayandırılması məcburiyyəti yaranarsa, dünya bazarında bu istiqamətdə neft təchizatı müvəqqəti olaraq dayandırılarsa, qiymətlər qalxacaq. Mən düşünmürəm ki, belə bir hal yarana bilər. Çünki hazırda dünyanın gündəlik neftə olan tələbi 94-95 milyon bareldir. Bunun əvəzində Azərbaycanın dünya bazarlarına çıxartdığı neftin gündəlik ortalama həcmi 600 min barel həcmindədir. Təxminən Azərbaycan nefti 6 dünya bazarındakı tələbatın 0,6 faizini ödəyə bilir. Bu da qiymətlərin dinamikasına təsir edəcək ciddi bir faktor deyil”.
Qaz ixracında yarana biləcək problemlərə diqqət çəkən ekspert bunun da dünya bazarında ciddi dəyişikliyə gətirib çıxarmayacağını vurğuladı: “Azərbaycan əsasən Gürcüstan və Türkiyəyə qaz ixrac edir. Türkiyəyə təxminən 6 milyard kubmetr həcmində qaz ixrac olunur. Qısamüddətli dövrdə bu boru kəmərinin fəaliyyətinin pozulması Türkiyədəki qaz ehtiyatları hesabına qarşılanmaq şərtilə növbəti dövrlərdə kompensasiya oluna bilər ki, bu da dünya bazarı üçün ciddi təhlükə deyil. Ancaq Azərbaycan üçün təbii ki, böyük itkilərə gətirib çıxara bilər. Gündəlik təxminən 600 min barel neftin bazara çıxarılmaması bugünkü qiymətlə ölkə üçün təxminən 30 milyon dollar gündəlik itki deməkdir. Həmçinin infrastruktur üçün çəkilən xərclər də hesablanarsa rəqəmlər daha da böyüyə bilər. Təhlükənin artması fonunda bu istiqamətdə nəzarətin gücləndirilməsi, mühafizə qurumlarının intensivləşdirilməsi xərcləri də son nəticədə ölkə üçün ciddi rəqəmlərlə ifadə olunan əlavə xərcdir”.
Nərgiz LİFTİYEVA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin