SAMİR ŞƏRİFOV JURNALİSTİ NƏSİLLİKCƏ CƏZALANDIRMAĞI SİFARİŞ EDİB

0
1543

RAMİN MƏHƏMMƏDOĞLU: “VUR” DEYƏNLƏR MALİYYƏ NAZİRİ İLƏ İCRA BAŞÇISIDIR”

Əgər bir ölkədəki korrupsiyanın başqa ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ciddi və sistemli olduğu qəbul edilərsə, həmin Dövlətin beynəlxalq adı zərbə altında qalar. Başqa dövlətlər hətta bu hala özlərinə qarşı ciddi təhlükəsizlik riski kimi də baxa bilərlər. Bu nöqteyi-nəzərdən, təkcə hökumət strukturları və onların vəzifəli şəxsləri deyil, bütövlükdə cəmiyyət, vətəndaşlar özləri (həm də təkcə neqativ halların mənfi təsirlərini birbaşa öz üzərlərində hiss etdikləri halda deyil, həmişə) dövlətin beynəlxalq imicinə xələl gəlməməsi üçün korrupsiyaya qarşı mübarizə müstəvisində fəal olmalıdırlar.

İctimaiyyət qanuna hörmət etməlidirsə, cəmiyyət üzvləri əmin olmalıdırlar ki, hökumət, o cümlədən, hüquq-mühafizə və cinayət təqibi orqanlarının özləri ümumilikdə qanunlara riayət edir və onlar qanunları tətbiq edəndə hamını qanun qarşısında bərabır tutacaqlar. Əgər bürokratiyanın üstündə ictimai nəzarətin mühüm bir mexanizmi olan medianın fəaliyyəti məhdudlaşdırılarsa, cəmiyyətdə baş verən neqativ hallar kütləvi informasiya vasitələrinin münasibətinə əhəmiyyət verilməzsə, o halda cəmiyyətin dövlətə inamı sarsılar və hamı korrupsiyanın “başdan iyləndiyi” qənaətinə gələr. Sonolay.org saytının rəhbərinin başına gətirilənlər bu mənfi tendensiyanın Azərbaycanda dərinləşdiyinin əyani təzahürüdür.

“MƏNİ DÖVLƏT BÜDCƏSİNİ TALAYANLARI SƏRT TƏNQİD ETDİYİMƏ GÖRƏ ŞƏRLƏYİRLƏR”

Müstəqil KİV olan Sonolay.org saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənməyib. Amma saytda cəmiyyət həyatında müşahidə olunan neqativ hallara münasibət bildirilib, vəzifəsindən sui-istifadə edən məmurlar barədə tənqidi məqalələr yer alıb. Həmin məqalələr oxucular tərəfindən rəğbətlə qarşılanıb və hüquqları tapdalanan bir çox vətəndaşın problemlərinin ictimailəşdirilməsinə, hüquqlarının bərpasına vəsilə olub. Saytın həbs təhlükəsi ilə üz-üzə dayanan baş redaktoru Ramin Məhəmmədoğlu deyir ki, o, hakimiyyətə qarşı radikal müxalifət mövqeyində dayanmış olsaydı və məhz siyasi orientasiayasına görə təqib olunsaydı, əleyhinə bir cəbhədə qərarlaşmış bürokratiyanın hakimiyyətə yarınmaq hərəkətlərini anlaşıqla qarşılayardı. Amma məsələ burasındadır ki, onu məhz dövlət büdcəsini talayanları sərt şəkildə tənqid etdiyinə görə şərləyirlər.
SAMİR ŞƏRİFOV JURNALİSTİ NƏSİLLİKCƏ CƏZALANDIRMAĞI SİFARİŞ EDİB
Xatırladaq ki, bir neçə ay əvvəl Ramin Məhəmmədoğlu Ağcabədi rayon məktəblərində aparılan maliyyə yoxlamaları zamanı aşkarlanmış korrupsiya hüquqpozmaları və digər neqativ hallara yol verildiyi barədə yazmışdır. Həmin yazılarında Məhəmmədoğlu qeyd edib ki, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Müfəttişliyinin rəisi Ədalət Nəbiyev Ağcabədi məktəblərində aşkarlanmış maliyyə korrupsiyasını ört-basdır etmək üçün şöbə müdiri Mehdi Əhmədova hər məktəbdən haqq yığması üçün təlimat verib. Lakin bu informasiyaların mətbuata sızması, Sonolay.org saytında ictimailəşdirilməsi işi qəlizləşdirilib. Sonolay.org saytı yazılanlara hüquqi qiymət verilməsi üçün Ağcabədi rayon məktəblərində aparılan maliyyə yoxlamalarının obyektiv şəkildə araşdırılması, həmin yoxlamaların dayandırılaraq başqa orqanlar vastəsilə həyata keçirilməsinin təmin olunması barədə ölkə prezidenti başda olmaqla, Respublika Baş Prokurorluğuna, Maliyyə Nazirliyinə, Hesablama Palatasına rəsmi müraciət ünvanlamışdır. Saytın rəsmi müraciətindən sonra Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis müavini Nizami Məcidovun imzası ilə Sonolay.org saytının baş redaktoru Ramin Məhəmmədoğluna Ağcabədi rayon məktəbərində aparılan yoxlamalar barədə 13 iyul 2016-cı il tarixli DX-03103-05-1131 nömrəli cavab məktubu göndərilib. Məktubda qeyd edilmişdir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq Xidmətin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi rayon Təhsil şöbəsinin fəaliyyətini yoxlamış və nəticədə ciddi nöqsanlara yol verildiyi aşkarlanmışdır. Aşkar edilən nöqsanların ciddiliyini nəzərə alaraq nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamanın nəticəsi üzrə tərtib edilmiş sənədlər Respublika Baş Prokurorluğuna göndərilmişdir. Bu durum Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovu və Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevi çıxılmaz bir vəziyyətə salıb. Qeyd edək ki, Mehdi Əhmədov işuində yol verdiyi ciddi nöqsanlara görə təhsil müdiri vəzifəsindən çıxarılıb. İşin qəliz hissəsi bundadır ki, həm Mehdi Əhmədov, həm də Ədalət Nəbiyev baş redaktor Ramin Məhəmmədoğlunu cəzalandırmaq üçün AR Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edərək onun həbs edilməsini xahiş ediblər.

“ANTİKORRUPSİYA İDARƏDSİ ALDIĞI SİFARİŞİ YERİNƏ YETİRMƏK NİYYƏTİNDƏ QƏTİDİR”

Ramin Məhəmmədoğlu bu qənaətdədir ki, Ağcabədi rayon Təhsil Şöbəsində 897 min manat maliyyə pozuntusunun (fakt təsdiqini tapıb) ört-basdır edilməsinə cəhdin qarşısının alınmasına yardımçı olmaqla, hökumətə xeyir verib və bu vətəndaş mövqeyinə görə təşəkkürnamə alacağına ümid edirmiş. Fələk isə öz saydığını sayıb. Ancaq çox təəssüflər hissiylə qeyd edir ki, dövlətimizin büdcəsinə 897 min manat fayda verən bu işləri kimlərinsə xoşuna gəlməyib: “Bizi sifariş etdilər və nəticədə inzibati orqanlarda “çək-çevir” edilərək “məhşər ayağına” çəkildik. Və bu “çək-çevir” insan, vətəndaş, jurnalist hüquqlarımızın kobud surətdə pozulası ilə müşayiət olundu. Sonda Ağcabədi rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli hökmü ilə atam Qurbanov Məhəmməd Rəşdi oğlu 3 il müddətinə azadlıqdan məhrum edildi. Özüm isə həbs təhlükəsi yaşayıram. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mənim də barəmdə CM-nin 178.2.3-cü maddələri ilə cinayət ittihamı irəli sürərək, qondarma cinayət işi açaraq Abşeron rayon Məhkəməsinə göndərdi”.

Sayt rəhbəri bildirir ki, barəsində qondarma cinayət işinin başlanması üçün əsas hesab edilmiş “zərərçəkmiş şəxslərin ərizələri” onların özləri tərəfindən yazılmayıb və imzalanmayıb: “Həmin şəxslər başqa cinayət işi üzrə araşdırma aparılarkən, mənim telefonuma gələn mesajların məzmunu ilə bağlı prourorluğa çağırılaraq dindirilmiş, həmin dindirilmədən geri tarixə onların adından şikayət ərizələri yazılaraq cinayət işinin materialllarına əlavə edilmişdir. Bundan başqa, prokurorluq orqanı qanunvericiliyin tələblərini pozaraq heç bir əsas olmadan mənim telefon zəng tarixçələrimi, mesajlarımı ələ keçirmiş, həmin məlumatların ələ keçirilməsi isə barəmdə cinayət işinin başlanılmasına stimul yaratmışdır. Halbuki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, vətəndaşların hüquq və azadlıqlarının pozulması yolu ilə əldə edilmiş məlumatlar sübut kimi qəbul oluna bilməz. Eyni zamanda cinayət işi CPM-nin tələblərinin kobud surətdə pozulması ilə aparılmış, istintaq hərəkətləri və qəbul edilmiş qərarlar barədə mənə heç bir məlumat verilməmişdir. Bndan əlavə, materiallardan məlum olur ki, cinayət işinin istintaqı zamanı müdafiə hüququmun təmin edilməsi barədə qərarın, vəkilin dəvət edilməsi, həmin vəkilin təqsirləndirilən şəxsə, yəni, mənə təqdim olunması yalnız kağız üzərində qeyd olunmuş, faktiki həyata keçirilməmişdir. Bu vaxtaparan prosedurların həyata keçirilməsinin başlanğıcı ilə mənim təqsirləndirilən şəxs qismində ilk ifadəmin alınması arasında cəmi 10 dəqiqə zaman keçmişdir ki, bu da fiziki cəhətdən mümkün deyildir. Bu uyğunsuzluğu sezmək üçün yüksək hüquqi savada malik olmaq lazım deyildir. Cinayət prosessual qanunvericiliyinin əsas tələblərindən biri olan cinayət işi üzrə tərtib olunmuş yekun aktı təqsirləndirilən şəxs kimi mənə təqdim olunmamışdır. Bu isə hüquq müstəvisində kobud prosessual pozuntu kimi dəyərləndirilməliydi”. İdarənin müstəntiqi Emin Vəliyev mənim telefonuma gələn və məndən gedən telefon zənglərinin siyahısını çıxararaq nömrəsini öyrəndiyi bütün şəxsləri istintaqa çağırıb. Bu da onu göstərir ki, KQMBİ aldığı sifarişi yerinə yetirmək, məni həbs etmək fikrində qətidir”.

“MÜSTƏNTİQİN MƏHKƏMƏYƏ ZORLA GƏTİRİLMƏSİ BARƏDƏ VƏSATƏT QALDIRMALI OLACAĞIQ”

Jurnalistin sözlərinə görə, ona atası ilə eyni vaxtda cinayət işi açılıb: “Hesab edirəm ki, bizim başımıza gələn hadisə sırf mənim jurnalist fəlaiyyətimlə əlaqəlidir. Bu barədə KİV-də yetərincə məlumat dərc edilib. Eyni zamanda ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daha yuxarı məhkəmə instansiyalarına, Məhkəmə Hüquq Şurasına şikayətlər ünvanlamışıq. İstintaq dövründə atamla mənim işimi başqa icraata ayırdılar. Hazırda mənim işimlə bağlı Abşeron rayon Məhkəməsində araşdırma gedir və proses yekunlaşmaq üzrədir”.
Qeyd edək ki, martın 14-də keçirilmiş hələlik sonuncu prosesdə prokuror Ramin Məhəmmədoğlunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Növbəti proses martın 28-nə təyin edilib. Həmin gün Ramin Məhəmmədoğluna hökm oxunması gözlənilir. Məhəmmədoğlu bildirir ki, onun vəkilinin müstəntiq Emin Vəliyevi məhkəməyə çağırılmasının vacibliyi barədə qaldırdığı vəsatəti hakim təmin edib. Lakin üç prosesdir ki, müstəntiq məhkəməyə gəlməyib: “Gəlməyib, ona görə ki, qanunazidd addımlarının üzə çıxacağını, veriləcək suallar qarşısında aciz qalacağını yaxşı bilir. Belə getsə, onun məhkəməyə zorla gətirilməsinin vacibliyi barədə vəsadət qaldırmalı olacağıq”.

SAMİR ŞƏRİFOV JURNALİSTİ NƏSİLLİKCƏ CƏZALANDIRMAĞI SİFARİŞ EDİB“VUR DEYƏNLƏR” MALİYYƏ NAZİRİ İLƏ İCRA BAŞÇISI OLUBLAR

R.Məhəmmədoğlu əmindir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev özbaşına Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edə bilməzdi. Onun sözlərinə görə, nahaqdan şərlənərək həbs edilməyi barədə sifariş maliyyə naziri Samir Şərifovun və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun xeyir-duası ilə verilib. Baş redaktor xatırlayır ki, daha əvvəllər də rəhbərlik etdiyi saytda nazir Samir Şərifovun ölkədə maliyyə siyasətini həyata keçirərkən yol verdiyi əyintilər barədə yazılar gedib, üstəgəl, “Beynəlxalq Bank işi”nin məhkəməsi gedərkən bankın idarə heyətinin hazırda həbsdə olan sədri Cahangir Hacıyevin maliyyə nazirinin ünvanına səsləndirdiyi ittihamlar Sonolay.org-da dərc olunub. Bu nöqteyi-nəzərdən, R. Məhəmmədoğlu çoxdan ehtimal edirmiş ki, onun özünün və saytının adı maliyyə nazirinin “qara siyahı”sındadır. Son hadisələr isə Samir Şərifova və nazirə yarınmaq istəyən maliyyəçi məmura ondan qisas almaq fürsəti verib. Bundan başqa, indiyədək saytda Ağcabədi rayon rəhbərliyinin də dövlət başçısının etimadını doğrultmayan yarıtmaz idarəçiliyi barədə tənqidi məqalələr işıq üzü görüb. Yeri gəlmişkən, sayt rəhbəri bir məqama da diqqət yetirməyin vacibliyini vurğulayır ki, Ağcabədi rayon məktəblərində yol verilmiş maliyyə pozuntusu Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2016-cı ilin birinci yarısı üzrə (bəlkə də həm də illik)hesabatından da göründüyü kimi, hesabat dövrü ərzində aşkarlanmış ən böyük rəqəmlə ifadə olunan maliyyə pozuntusudur. Razılaşın ki, belə bir xoşagəlməz statistikanın öz passivinə yazılmasını heç bir rayon rəhbəri istəməzdi.

“İSTİNTAQ BİZİM DAHA AĞIR CƏZAYA MƏHKUM EDİLMƏYİMİZ ÜÇÜN DAHA CİDDİ QANUNSUZLUQLARA ƏL ATIB”

Qarşı tərəf tənqidi məqalələrin saytdan çıxarılmasına nail olmaq üçün cəhd göstərib. Bundan ötrü Ağcabədi Təhsil Şöbəsinin sabiq müdiri Mehdi Əhmədov sayt rəhbərinin qonşu Beyləqan rayon sakini olan atası Məhəmməd Qurbanovu görüşə dəvət edib və onu oğlunu dilə tutmağa razı salmağa çalışıb. Hətta bu işin müqabilində şirnikləndirici təklif də edib. Məhəmməd Qurbanov bu təklifə razı olmayanda Mehdi Əhmədov Ədalət Nəbiyevlə məsləhətləşib preventiv tədbirlər görməyə qərar verib və M. Qurbanovun rüşvətdən imtina etməsinin səbəbini də guya daha çox pul istəməsi ilə əlaqələndirməyə çalışıblar. Mehdi Əhmədovun maliyyə maxinasiyalarının üstü açılandan və vəzifəsindən kənarlaşdırılandan sonra artıq onu Qurbanovlardan ziyan görmüş şəxs qismində tanımağın yeri qalmayıb. KQMBİ parçalanmış cütlüyün yalnız bir üzvünü – Ədalət Nəbiyevi zərərçəkmiş şəxs qismində tanımağı məqsədəuyğun sayıb və Ramin Məhəmmədoğlunu şahid qismində istintaqa cəlb edib. Nəbiyev isə məhkəmə istintaqına verdiyi ifadəsində Qurbanovların ondan rüşvət istəmədiklərini, rüşvət istənilməsi barədə söhbəti yalnız ona zəng vuran Mehdi Əhmədovdan eşitdiyini etiraf edib.

Daha bir diqqətəlayiq məqam isə istintaqın Qurbanovlara hansısa yüngül, alternativ cəza deyil, mümkün qədər ağır cəza verilməsinə nail olmaq üçün əl atdığı qanunsuzluqlardır. Məsələn, Ramin Məhəmməd oğlu Qurbanovun məhkəmə qərarı olmadan araşdırılmış telefon tarixçəsində onun Beyləqan rayon təhsil müəssisələrinin birinə işə düzəlmək istəyən rayon sakininə vasitəçilik etməyi boynuna götürdüyü, lakin yerinə yetirilməsini ləngitdiyi vədinin ona mesaj vasitəsilə xatırladıldığı istintaqa məlum olub. Yuxarıda qeyd etdiyimiz kimi həmin şəxs Ramindən şikayət etməyib, onu istintaqa şahid kimi çağırıblar, izahatını alıblar. Cinayət Məcəlləsinin tətbiq olunan 178.2.3. maddəsi guya Ramin Məhəmmədoğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyini nəzərdə tutur. Halbuki, R. Məhəmmədoğlu təhsil sferasında işləmir və bu sahədə heç bir səlahiyyətə, qulluq mövqeyinə malik deyildi. Olsa-olsa, kimdənsə, nəsə xahiş edəcəkdi.
***
Cinayətin üzə çıxarılmasında mühüm element ondan ibarətdir ki, ictimaiyyət (həm cinayətin qurbanları, həm də şahidlər)şübhəli şəxsi müəyyən etməyə kömək edən informasiya ilə hüquq-mühafizə orqanlarını təmin edir. Öz gücünə qalsa, sistem, cinayət təhqiqatına sərf etdiyi resurslara baxmayaraq bir şey edə bilməz. Hüquq-mühafizə və cinayət təqibi orqanlarının qanunları qulaqardına vurması çox sayda cinayət hallarına aparar və az sayda cinayət hallarının açılmasına gətirər.

Rəna Nur

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin