Şəfiqə Məmmədovaya etiraz edən MƏTBUAT KATİBİ – “O, Maliyyə Nazirliyini aldadıb, pulları mənimsəyib”

0
64

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

Realmedia.az bildirir ki, bu barədə Bizim.Media-ya Əli Vəliyevin özü məlumat verib. O, qeyd edib ki, saxta seçki gedən, dövlətə xəyanət edilən və dövlətin pullarının haqsız mənimsənildiyi təşkilatda işləyə bilməz:

“Şəfiqə Məmmədovanın saxta və qanunsuz yolla, heç bir üzvün xəbəri olmadan özünü sədr elan etməsinə etiraz əlaməti olaraq vəzifəmdən ayrılmışam. Yeni ildən əvvəl ərizəmi yazmışdım. İndi isə təsdiq edildi.

Şəfiqə Məmmədova işdən ayrılmağıma mane oldu. Dəfələrlə özümə bildirdi ki, işdən çıxmayım, məsələləri yoluna qoyacaq. Amma razılaşmadım. Mən həm də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüyəm. İxtiyarım çatır ki, belə məsələlərdə birbaşa özüm addım atım. İlk dəfə mətbuat katibi ola-ola sədrin özünü tənqid etmişəm”.

Əli Vəliyev Şəfiqə Məmmədovanın fəaliyyətindəki nöqsanlardan və qanun pozuntularından da söz açıb:

“Kinoya aidiyyəti olmayan oğlu Ülvi Mehdini orada kino mütəxəssisi vəzifəsinə gətirib. Bir dəfə də olsun İttifaqa ayağını qoymayıb. İşçilərin və katiblərin hamısından çox əməkhaqqı alır. Üstəlik Şəfiqə Məmmədova Maliyyə Nazirliyini aldadaraq, guya İttifaqın ştatını genişləndirmək və əlavə olaraq 9 katibə maaş yazmaq adı ilə məktub yazıb.

Nazirlik isə bu məktubdan sonra İttifaqa pul ayırıb. İttifaqın katiblərindən də soruşa bilərsiz, heç biri indiyə qədər pul almır. 2012-ci ildən bu günə qədər Şəfiqə Məmmədova iki dəfə seçki keçirməli idi. Qanunsuz şəkildə vaxtı uzatdıraraq İttifaqın sədrliyi vəzifəsində qalıb.

Hazırda o, legitim deyil. İttifaqın 300-ə yaxın üzvü, birinci katib Cəmil Quliyev, katib Ayaz Salayev və digər şəxslər də bu vəziyyətə etiraz edib. Bir sözlə Şəfiqə Məmmədova İttifaqın nüfuzuna xələl gətirib. İndi seçki keçirməlidir, amma onun sədr seçilməsinə heç kim imkan verməyəcək”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin