Rusiya martın 18-də başa çatacaq “taxıl müqaviləsi”nin uzadılması ilə bağlı danışıqlarda iştirak etməyib. Musavat.com xəbər verir ki, bununla bağlı “İzvestiya” nəşri Rusiya XİN-ə istinadən məlumat yayıb. Belə ki, “Reuters”in xəbəri yayıb ki, taxıl razılaşmasının uzadılması ilə bağlı tərəflər arasında danışıqlar başlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə bu xəbəri təkzib edib. “Müxtəlif tərəflərin, o cümlədən Kiyev rejiminin ikinci müddəti (120 gün) martın 18-də başa çatacaq taxıl sazişinin uzadılması ilə bağlı bəyanatlarından xəbərimiz var. Amma bu mövzuda, xüsusən də Rusiya nümayəndələrinin iştirakı ilə danışıqlar aparılmayıb” deyə, Rusiya XİN-dən bildiriblər.
Nazirlik vurğulayıb ki, Moskvanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: 2022-ci il iyulun 22-də İstanbulda bağlanmış müqavilələr qarşlılıqlı olaraq həyata keçirilməlidir. Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin Qərb ölkələri tərəfindən sabotaj edildiyini açıqlayıb. Nazirliyin bəyanatına görə, müqavilənin bağlanmasından səkkiz ay keçməsinə baxmayaraq, razılaşmanın Rusiyaya aid hissəsi icra edilmir, bu ölkəyə öz məhsullarını xaricə çıxarmağa imkan verilmir, Ukrayna isə məhsullarının ixrac edir.
Qeyd edək ki, ötən həftə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da taxıl müqaviləsində iştirak edən bütün tərəflərin öz öhdəliklərinin hamı üçün bərabər olduğunu xatırladıb. “Bunlar təkcə bir tərəfin öhdəliyi, digər tərəfin isə fırıldaq və maxinasiyası olmamalıdır. Əgər bu razılaşma bərabərdirsə, deməli, biz həmişə üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, – XİN nümayəndəsi bildirib.
Martın 8-də Kiyevə gələn BMT-nin baş katibi Antonio Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşmanın uzadılmasını müzakirə edib. Ukrayna da sazişlərin genişləndirilməsinin tərəfdarıdır (söhbət Nikolayevin taxıl ixracı üçün limanların sayına daxil edilməsindən gedir). Gələn həftə BMT nümayəndələri Rusiya nümayəndə heyəti ilə sazişin uzadılmasını müzakirə edəcək.