Rusiya Ermənistandan niyə üz çevirir: Putinin son “məsləhəti” Paşinyanı sarsıdıb

0
86

Rəsmi İrəvan yeni geopolitik reallıqları qəbul etməkdən başqa çıxış yolunun qalmadığını nəhayət ki, anlamağa başlayıb; Erməni baş nazir, vaxtilə Rusiya prezidentinin “Üçtərəfli anlaşmaların icrasından imtina Ermənistan üçün intihar xarakteri daşıya bilər” xəbərdarlığının reallığa çevrilmək üzrə olduğu qənaətinə gəlib…

Azərbaycan-Ermənistan sərhəddində gərginlik hələlik qalır. Hərbi qarşıdurma hələ tam sona çatmayıb. Və hər an yeni silahlı toqquşmalar baş verə bilər.

Ancaq son silahlı toqquşmalar üzərindən bəzi önəmli nəticələr çıxartmaq olar. Çünki bu hərbi qarşıdurma qüvvələr nisbətini növbəti dəfə dəqiqləşdirdi. Genişmiqyaslı savaşın olacağı təqdirdə, məğlub olacaq tərəfin ünvanı indi heç kəsdə o qədər də ciddi şübhələr doğurmur.

Birincisi, aydın oldu ki, Ermənistan hərbi cəhətdən çox zəif və ağır durumdadır. Ermənistan ordusu ölkəni xarici hərbi müdaxilə təhlükəsindən müdafiə etmək imkanlarından çox uzaqdır. Və Ermənistan Azərbaycanla genişmiqyaslı müharibənin başlayacağı təqdirdə, elə əvvəlcədən biabırçı məğlubiyyətə məhkumdur.

İkincisi, rəsmi İrəvanın güvəndiyi beynəlxalq siyasi dairələrin də Ermənistana dəstəyinin yetərli olmadığı dəqiqləşdi. Məlum oldu ki, iki qonşu ölkə arasında müharibə başlayarsa, Ermənistan yenə Azərbaycanın “dəmir yumruğu” qarşısında tək qalacaq, aciz duruma düşəcək. Çünki ABŞ, Fransa və digər ermənipərəst ölkələr rəsmi İrəvanın xeyrinə bəyanatlar versələr də, Ermənistanı müdafiə etmək üçün hər hansı real addımlar atmayacaqlar.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Düzdür, ABŞ, Fransa və digər ermənipərəst ölkələrin Cənubi Qafqazda xüsusi maraqları var. Ancaq Ermənistan ucbatından Azərbaycanla düşmənçilik həmin ölkələrin planlarına daxil deyil. ABŞ və Fransa rəsmi İrəvanı regionda hərbi qarşıdurmaya şirnikləndirərək, Minsk Qrupunu yenidən diriltməyə çalışsalar da, əslində, özləri nəhəng dövlətləri qarşı-qarşıya gətirə biləcək hər hansı silahlı toqquşmaya bulaşmaq həvəsindən də uzaqdırlar.

Ona görə də, hesab etmək olar ki, Ermənistan sadəcə, “geopolitik oyuncaq” taleyi ilə baş-başa qalıb. İndi bir tərəfdən Paşinyan hakimiyyətinə “qorxma, arxandayıq” deyirlər. Digər tərəfdənsə, Ermənistanın savaş meydanında biabırçı şəkildə əzilməsini sadəcə, müşahidə edirlər.

Təbii ki, bütün bunlar rəsmi İrəvanı acı reallıqla baş-başa buraxır. Artıq Paşinyan hakimiyyəti hərbi-siyasi revanşizmin Ermənistan üçün təhlükəli və çox riskli istiqamət olduğunu anlamaq üzrədir. Çünki hazırda rəsmi İrəvan Ermənistanın Azərbaycan ilə olan bütün problemlərini yalnız danışıqlar masası arxasında həll etmək cəhdinin yeganə varianta çevrildiyini dəqiqləşdirmiş durumdadır. Və Paşinyan hakimiyyətinin davranışlarında bu faktorun daha ön plana çıxacağı qətiyyən istisna deyil.

Maraqlıdır ki, Azərbaycanla çox çətinliklə əldə olunan atəşkəsdən sonra Ermənistan baş naziri Nikol Paşinyan dilə gətirdiyi açıqlamaların məzmunu da bunu göstərir. Üstəlik, “Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa, Azərbaycanla sülh sazişi imzalamağa hazırdır” deyən erməni baş nazirin çaşqınlıq içərisində olduğu da diqqətdən yayınmır. Hər halda, silahlı toqquşmalara qədər hərbi-siyasi təxribatlar törədən, sülh sazişi imzalamaq təkliflərini cavabsız buraxan erməni baş nazirin birdən-birə mövqeyini tez-tələsik tam əks istiqamətə dəyişməsi səbəbsiz ola bilməz.

4fd8985b-35a7-4386-8332-e3e8bbbf984e.jpg (208 KB)

Erməni baş nazir hətta Ermənistanın Qarabağ məsələsində buraxdığı səhvləri, beynəlxalq siyasi dairələrin rəsmi İrəvanın şikayətlərindən artıq bezdiyini də etiraf edib. Belə anlaşılır ki, rəsmi İrəvan artıq Qarabağ mövzusundan əlini tamamilə üzüb. Və indi sadəcə, belə davam edərsə, yaxın gələcəkdə regionun siyasi xəritəsindən silinə biləcək Ermənistanın xilası barədə düşünür.

Eyni zamanda, baş nazir N.Paşinyan bundan sonra beynəlxalq siyasi iradə mərkəzlərindən dəstək gözləməyin mənasız olduğu barədə də mesaj verir. O, Ermənistan cəmiyyətinə anlatmağa çalışır ki, heç bir xarici ölkəyə ümid qalmayıb. Erməni baş nazirin hər kəsi bezdirdiklərini açıq mətnlə etiraf etməsi isə rəsmi İrəvanın çarəsiz duruma düşdüyünü göstərir.

Maraqlıdır ki, erməni siyasi şərhçi Tatul Akopyanın son açıqlaması baş nazir N.Paşinyanın son açıqlamaları ilə müəyyən mənada, uyuşur, onun dediklərini dolayısı ilə də olsa, təsdiqləyir. Onun iddiasına görə, baş nazir N.Paşinyan silahlı toqquşmaların intensiv xarakter daşıdığı mərhələdə yardım üçün Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib. Və erməni baş nazir Rusiya prezidentindən aldığı cavabdan sarsılıb.

1536746208_fr.jpg (295 KB)

Məsələ ondadır ki, T.Akopyan prezident V.Putinin erməni baş nazirə Rusiyaya və KTMT-ya yardım xahişi ilə bir daha müraciət etməməyi məsləhət gördüyünü iddia edir. Onun dediyinə görə, bu barədə məlumat N.Paşinyanın yaxın ətrafından sızıb. Və indi Paşinyan hakimiyyəti Kremlin Ermənistandan üz döndərməsinə görə öz siyasi rəqiblərini suçlayır.

Rəsmi İrəvan hələlik bu məlumatı təkzib etməyib. Əksinə, erməni baş nazirin xarici dövlətlərin rəsmi İrəvanın şikayətlərindən bezdiyini etiraf etməsi bu məlumatın tamamilə doğru ola biləcəyini göstərir. Belə anlaşılır ki, rəsmi İrəvanın güvəndiyi dövlətlər artıq Ermənistanın “kaprizlər”inə əhəmiyyət verməyə həvəsli deyillər.

Böyük ehtimalla baş nazir N.Paşinyanın sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməsinin əsl səbəbi də məhz bu önəmli məqamdan qaynaqlanır. Hər halda, rəsmi İrəvan yeni geopolitik reallıqları qəbul etməkdən başqa çıxış yolunun qalmadığını artıq anlamağa başlayıb. Və əks halda, vaxtilə Rusiya prezidenti V.Putinin dilə gətirdiyi “Üçtərəfli anlaşmaların icrasından imtina Ermənistan üçün intihar xarakteri daşıya bilər” xəbərdarlığın reallığa çevrilə biləcəyini də qətiləşdirib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin