Rüfət Aslanlı: Kəmaləddin Heydərov, yoxsa Eldar Mahmudov…?

0
2427
Təkcə maliyyə bazarlarına deyil, hamıya nəzarət etmək üçün intəhasız səlahiyyətlərə sahib olmaq istəyinin mümkün fəsadları…
“Yeni Müsavat” “Rüfət Aslanlıya “super-məmur” səlahiyyəti verilmədi” başlıqlı maraqlı bir araşdırma yazısı ilə çıxış edib. Məqalədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sədrinin hikkəli davranışından və yaranmış fürsətdən istifadə edərək intəhasız səlahiyyətlər əldə etmə ehtirasından bəhs edilir, “aşkar konstitusiya pozuntusunu “niyə görmədiyi”nin və “super səlahiyyət” sahibinə çevrilmək istəyi”nin suallar doğurduğu vurğulanır.
Yazıda  BAXCP sədri, millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevin Rüfət Aslanlının ölkə qanunlarına meydan oxumasına haqlı etirazından sitatlar da yer alıb. Xatırladaq ki, aprelin 7-də parlamentin iclasında məhz Rüfət Aslanınlın iştirakı ilə keçirilən müzakirələrdə Q. Həsənquliyev olduqca kəskin çıxış edərək İnzibati Prosessual Məcəllədə təklif edilən mürtəce dəyişikliyiə etiraz etmişdi. Diqqətçəkən bir məqam da ondan ibarət idi ki, həmin iclasda Rüfət Aslanlıya etiraz edən təkcə Q. Həsənquliyev olmadı və istər Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev, istərsə də Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası sədrini parlamentə gəldiyinə peşman etdilər. Bu azmış kimi sonda spiker Oqtay Əsədov da həmkarlarının etirazına qahmar çıxaraq üstüörtülü şəkildə Rüfət Aslanlını danladı, banklardan ay ərzində yaınız 30 min manat nəğd pul çıxarılması haqqında qərarın düşünülməmiş və mümkün fəsadları nəzərə alınmamış bir dəyişiklik olduğunu qeyd edərək bu məsələyə yenidən baxılmasının zəruriliyini vurğulamaqla əslində bütövlükdə  parlamentin bu dəyişikliklərə qarşı olduğunu ortaya qoymuş oldu.
Maraqlıdır ki, aprelin 12-də prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləyə dəyişikliklər haqda maraqla gözlənilən qanunu imzaladı. Həmin qanunda isə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin məhkəmə qərarlarını heçə saymaq istəyinin qarşısının alındığı öz əksini tapdı. Yəni başda spiker Oqtay Əsədov olmaqla parlament üzvlərinin haqlı etirazı nəticəsiz qalmadı və dövlət başçısı bütün bunları nəzərə alaraq Rüfət Aslanlının arzularının gerçəkləşməsinə imkan vermədi.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihəsi bu qurumun sədri Rüfət Aslanlını “super məmur” edə bilərdi. Məsələn, məcəllənin 92-1-ci maddəsi maliyyə bazarlarına nəzarət orqanında banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və bankın rezolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarları hətta məhkəmənin ləğv edə bilməyəcəyini nəzərdə tuturdu.
Maddəyə görə, maliyyə bazarlarına nəzarət orqanının qərarlarından şikayətin verilməsi həmin qərarların icrasını dayandıra bilməzdi. Sözügedən qanun layihəsinin müzakirəsi ötən ayın sonu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında başlayıb. R.Aslanlı müzakirələrdə demişdi ki, qanun layihəsinin üzərində 1 il iş gedib. Maraqlıdır ki, ali məhkəmə orqanına bu cür sayğısız münasibət və Palataya hüdudsuz səlahiyyət verən layihə parlamentin 7 aprel iclasında qəbul edildi və imzalanmaq üçün prezidentə göndərildi. Amma Prezidentin aprelin 12-də imzaladığı variantda məhkəmə qərarlarının heçə sayılması barədə həmin bədnam maddə çıxarıldı.
İndi cəmiyyətdə çoxlarını bir sual düşündürür, onsuz da kifayət qədər geniş səlahiyyətləri olan Rüfət Aslanlı nədən hətta məhkəmələrin də səlahiyyətlərini mənimsəyərək faktiki olaraq ölkədə fövqəlgücə çevrilmək istəyir? Yeri gəlmişkən, bu günədək “fövqəlgüc” dedikdə qeyri-ixtiyari hamı fövqəladə hallar naziri Kəmaləddin Heydərovu göz önünə gətirir. Halbuki bu qədər geniş səlahiyyətlərinə rəğmən K. Heydərov yerini bilən bir intizamlı məmur kimi tanınır və bu günədək dövlət başçısının yanında da xətir – hörmət qazanmasında onun obrazlı desək hesab-kitabda dürsüt olması və ayağını yorğanına görə uzatması həlledici amil olub. Amma Rüfət Aslanlı haqqında bunu iddia etmək mümkün deyil və əksinə, görünən odur ki, MBNP sədrinin könlündən təkcə maliyyə bazarlarına deyil, hamıya nəzarət etmək üçün intəhasız səlahiyyətlərə sahib olmaq keçir və bu iddiası ilə o yalnız keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla müqayisə oluna bilər. Amma E. Mahmudovun son aqibəti hər kəsə bəlli olduğundan gözləmək olar ki, ölkə başçısı öz komanda üzvlərindən kimsənin bir daha belə riskli ərköyünlük etməsinə dözməyərək ən sərt şəkildə cəzalandıracağı ehtimalı Rüfət Aslanlı bir daha belə riskli niyyətə düşməməsinə səbəb olacaq.
İqtisadçı millət vəkili Əli Məsimli də iki gün öncə Moderator.az-a verdiyi geniş müsahibədə MBNP-a intəhasız səlahiyyətlər verilməsi hesabına konstitusiyamızın kobud surətdə pozulmasının ciddi fəsadlar törədə biləcəyi barədə həyəcan təbili çaldı:
“Maliyyə nəzarəti orqanının malik olduğu bütün alət və salahiyyətlər Konstitusiya çərçivəsində olmalıdır. Bu baxımdan  maliyyə nəzarəti orqanının  dəyişikliklərin bir hissəsinin nə dərəcədə Konstitusion olması məsələsi mübahisəlidir. İkincisi, dəyişikliklərin bir hissəsi tam anlaşılan olmadığından gələcək məhkəmə çəkişmələri üçün əsas yaradacaq. Üçüncüsü, Maliyyə Bazarlarına Nəzarət Palatasının ona verilən bu hüquqlardan sui istifadə etməyəcəyinə dair etibarlı meyarlara söykənən qarantiya görünmür…Ona görə də bu quruma verilmiş səlahiyyətlərdən sui istifadəyə yer qalmasın deyə, qanunvericilikdə dəqiq ifadəsini tapan məsuliyyət də olmalıdır. Bütün bu məqamları mütləq nəzərə almaq lazımdır, çünki Azərbaycann bank sistemində yerli banklarla yanaşı, xarici kapitallı banklar da var. Birdən çaşıb  belə çiy alətlərin onlara da tətbiq edilməsi Azərbaycan dövləti üçün ciddi problemlər yarada bilər. Nəticələri Azərbaycan şəraitində nə verəcəyi sonacan proqnozlaşdırıla bilməyən belə addımlar həm də hazırda Azərbaycann bank sistemini düşdüyü vəziyyətdən çıxatmaqdan ötrü zəruri olan önəmi bir amili-xarici kapitalın gəlişini əngəlləyə bilər. Ona görə də biz maliyyə-bank sistemində islahatların hüququ bazasını möhkəmlətmək istəyiriksə, bu, beynəlxalq hüququ, qoşulduğumuz müvafiq konvensiyaları da nəzərə almaqla konstutusion mahiyyət kəsb etməlidir ki, iqtisadiyyatımıza, bank sektorumuza  maraq göstərən potensial investorları qorxutmayaq”.
Qorxmaqdan söz düşmüşkən, artıq heç kimə sirr deyil ki, ölkənin bank sektorunu qorxunc bir böhran ağuşuna alıb və artıq 10-dan artıq bankın bağlanmasına, daha 10 bankın da “fatihə”sinin oxunmasına aparan bu proses bütövlükdə bank sektorundakı xaosun nəzarətdən çıxdığının sübutu hesab oluna bilər. Çünki etiraf etmək lazımdır ki, MBNP fəaliyyətə başlayandan üzü bəri vəziyyət düzəlmək əvəzinə ötən hər gün daha da dramatikləşməkdədir. Hətta bəzi ekspertlər artıq ölkənin bank sisteminin fatihəsinin verildiyini iddia edərək vaxtilə mərhum deputat Şamil Qurbanovun məşhur “təhsilimiz ölüb, hörmətli şeyxülislamımızı çağıraq gəlib onun fatihəsini versin” bəyanatını xatırladırlar. Adının çəkilməsini istəməyən bir iqtisadçı ekspert isə zarafatla bildirib ki,“sabah Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov da parlamentdə özünə geniş səlahiyyətlər tələb edən qanun layihəsi ilə çıxış etsə təəccüblənmərəm və bu ölməkdə olan bank sistemin gerçək fatihəsinin oxunması olardı…
Amma gəlin tələsməyək və prezident İlham Əliyevin qısa zamanda olan-qalan nüfuzunu sağa-sola xərcləyərək ictimai etimadı itirməkdə olan MBNP haqqında lazımi ölçü götürəcəyini və yaranmış labirintdən az itkisiz çıxış yolları tapılacağına ümid edək.  Ümid edək ki, proses daha bir neçə bankın sıradan çıxarılmasına deyil, bütövlükdə bank sisteminin böhrandan çıxarılmasına doğru dəyişəcək, əks halda dəyişən kreslolar və səlahiyyətlər olacaq…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin