“Reket” icra məmurları – və ya onların qanunsuz hərəkətlərinə kimlər rəvac verir?

0
1384
  1. “Yazılı qanunlar hörümçək torundan seçilmir. Hörümçək toru kimi qanunlar da zəifləri və yoxsulları tutub saxlayır, güclüllər və dövlətlilər isə bu toru cırıb çıxırlar”. Solon (Qədim Yunan filosofu)

Biz dəfələrlə Allahverdiyeva Rəna Hümmətəli qızının Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, ev 52, mənzil 31 ünvanından çıxarılması barədə Nəsimi rayon məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinin məmurları tərəfindən icrası zamanı yol verilən qanun pozuntuları barədə məqalələr yazsaq da, həmin hüquqpozmaların sübutu kimi xidmət edən xüsusatları Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi cənab Nurəddin Mustafayevə məktubla göndərsək də, “reket” icraçıların səlahiyyət həddini aşan hərəkətlərini cilovlayan olmamışdır.

Bu mövzuda yazdığımız əvvəlki məqalədə bildirdiyimiz kimi, Rəna xannım həmin evdə tək deyil, qızı 1999-cı il təvəllüdlü Əzizova Qəmər Rüstəm qızı və 1997-ci il təvəllüdlü oğlu Əzizov Orxan Rüstəm oğlu ilə birgə yaşayıb.

Həmin vaxt məhkəmədə onlara qarşı heç bir iddia qaldırılmayıb. Ona görə də Allahverdiyeva Rəna Hümmətəli qızı 22.05.2018-ci il tarixdə Nəsimi rayon məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsinin icra üsulunu, yəni qətnamədə nəzərdə tutulduğu kimi yalnız onun özünün, yoxsa, ümumiyyətlə həmin evdə yaşayan şəxslərin hamısının çıxarılması məsələsini məhkəmə qarşısında vəsatət qaldıraraq izah olunmasını xahiş etmişdi.

Məhkəmə icra üsülünün izah edilməsi barədə ərizəyə baxılmasını 06 iyun 2018-ci il tarixə təyin etmişdi. 06 iyun 2018-ci il tarixdə məhkəmə R.Allahverdiyavanın ərizəsinə baxmış və icra üsulunu müəyyənləşdirmişdir: İcra hərəkətləri yalnız qətnamədə adı keçən Rəna Allahverdiyevaya qarşı aparıla bilər. Evdə yaşayan digər şəxslərin çıxarılması üçün icra hərəkətlərinin aparılması yolverilməzdir.

İddiaçı tərəf  buna nail olmaq üçün əlahiddə olaraq məhkəməyə müraciət etməlidir. Lakin həmin məhkəmə baxışına icra məmurları dəvət olunsalar da, iştirak etməmişlər. Şöbə ilə rayon məhkəməsi eyni ünvanda yerləşsələr də, icraçılar hakimin çağırışına məhəl qoymamışlar. Yeni tələbin irəli sürülməsinin vacibliyi iddiaçının nümayəndəsinə də izah olunsa da, buna baxmayaraq, qarşı tərəfin nümayəndəsi icra məmurlarını məhkəmədənkənar hansısa formada stimullaşdıraraq onları tələm-tələsik sözügedən mənzildə yaşayan digər şəxsləri də bayıra atmağa təhrik etmişdir.

Görün, işin harasıdır ki, icra məmurları hətta vəzifələrini itirmək riskini belə gözə alaraq qanunsuz addım atmağa sövq olunmuşlar. Beləliklə, icraçılar icra üsulunu müəyyən edən qərarın icra xidmətinə yetişməsi üçün gərəkən bir neçə günü gözləmədən 08.06.2018-ci il tarixdə tələm-tələsik mənzildəki digər şəxsləri qovmuşlar. Hadisə yerinə polisin, təcili yardım ekipinin müşayiəti ilə, əllərində dəmirkəsən, daşkəsən dəzgahla (laqonda) gəliblər.

Hansı ki, qətnamədə adı keçən yeganə şəxs – Allahverdiyeva Rəna Hümmətəli qızı özü həmin gün mənzildə deyil, ölkə hüdudlarından kənarda, baş verənlərdən xəbərsiz olub.

Maraqlıdır, icra məmurları öz hesabatlarında ölkədə olmayan şəxsin həmin mənzildən çıxarılmasını necə göstərəcək, bu uyğunsuzluğu necə ört-basdır edəcəklər?

Bu yerdə xatırlatmağa dəyər ki, İcra Şöbəsinin mayın 30-da poçtla deyil, əlbəəl surətdə Rəna Allahverdiyevanın qızına verdikləri Xəbərdarlıq məktubunda məhkəmə qərarından çıxarış edilmiş sözlər təhrif olunmuş, Qətnamədə evdən çıxarılmalı olan şəxs kimi yalnız Rəna Allahverdiyeva göstərilsə də, məktubda “digər şəxslər” müddəası da artırılmışdır.

R. Allahverdiyevanın ailə üzvləri və nümayəndəsi icraçılara və polisə icra hərəkətlərinin qanunsuz olduğunu bildirib irad tutsalar da, məmurlar qapını kəsərək onları və evdəki əşyaları küçəyə atıblar. 08.06.2018-ci il tarixdə R.Allahverdiyeva bütün bu qanunsuzluqlar barədə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir.

Sonda bir daha xatırladaq ki, mənzilin ahıl yaşlı sahibi Əliyeva Minayə İsmayıl qızı üzə çıxmır. Ümumiyyətlə,onun həyatda olmadığı ehtimal olunur.

R.Allahverdiyeva onun reallıqda mövcud olub-olmadığını hələ də müəyyənləşdirə bilməyib və həmin adamın mənzilinin saxta “övladlar” və “nümayəndələr” tərəfindən mənimsənilməsi şübhəsi dağılmayıb. Proseslərin birində bir, digərində isə tamam başqa bir nəfər şəxs özünü onun oğlu Adil kimi təqdim edərək iştirak edib.

Hesab edirik ki, Minayə Əliyavanın həyatda olmaması şüpələrinə ölkənin hüquq mühafizə orqanları ciddi yanaşmalı, onunla bağlı bütün şüpəli şəxsləri istintaqa dəvət edərək şüpələrə son qoymalıdır.

Ramin Məhəmmədoğlu,

RealMedia.az-ın baş redaktoru

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin