Radikal müxalifət iqtidara qarşı “hücumda” – qarşı tərəfin reaksiyası…

0
3179

Müxalifətin iqtidara qarşı apardığı əks-təbliğatda iki xətt var. Biri Rusiya, digəri korrupsiya ilə bağlıdır. Radikal və inkarçı müxalifət iddia edir ki, 10 noyabr sazişi ilə Rusiya Azərbaycana qayıtmış oldu, Qarabağı yenidən işğal etdi. Bir də iddia edirlər ki, Azərbaycanda korrupsiya tüğyan edir. Beynəlxalq araşdırma qrupları adıyla fəaliyyət göstərən, əslində isə xarici ölkələrin xüsusi xidmət orqanlarının məlumatlarını yayan məlum şəbəkənin hesabatları Bakıdakı və xaricdəki söyüş və inkar müxalifətinin əlinə fürsət verir. Bəs rəsmi təbliğat qarşı düşərgənin bu təşviqatını önləmək üçün nə kimi tədbirlər görür? Yetərli və təsirli tədbirlər görülürmü?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, həmin müxalifət partiyaları və onların liderləri 44 günlük hərbi əməliyyatın məqsədini anlamırdı və indi də 10 noyabr bəyanatının nə qədər mühüm sənəd olduğunu dərk edə bilmirlər: “Azərbaycan prezidenti Vətən müharibəsinin gedişi zamanı 26 dəfə müsahibə verdi və düz 25 dəfə aparılan əks-hücum əməliyyatlarının əsas məqsədinin BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin icrasını təmin etmək olduğunu bəyan etdi. Dövlət başçımız Ermənistan Baş nazirinə dəfələrlə izah etdi Nikol Paşinyan işğal etdikləri 7 rayonun azad olunma qrafikini imzaladıqdan sonra Azərbaycan ordusu əks-hücumu dayandıracaq. Şuşa azad olunduqdan sonra, nəhayət, Ermənistan rəhbəri reallığı anladı və “təslim aktı”na qol çəkərək, qısa müddət ərzində işğal altında olan 3 rayonu təslim etmək öhdəliyi götürdü.

Çox təəssüf ki, müxalifət partiyaları və onların liderləri 44 günlük hərbi əməliyyatın məqsədini anlamır və 10 noyabr bəyanatının nə qədər mühüm sənəd olduğunu dərk edə bilmirlər. Anlaya bilmirlər ki, həmin dövrdə Azərbaycan bütün təzyiqlərə baxmayaraq mümkün olan maksimum nəticəyə nail oldu.

Siyasilərimiz onu da anlamırlar ki, hərbi əməliyyatlar dövründə baş rolda Azərbaycan ordusu, qəhrəman əsgərimiz və müzəffər Ali Baş Komandanımız idisə, indiki şəraitdə əsas ağırlıq dövlət başçımızın, diplomatlarımızın və siyasi partiyaların üzərinə düşür”.

A.Səmədov qeyd etdi ki, müharibə zamanı hərbçilərimizin gördüyü işi, bu gün siyasi liderlər və ziyalılar görməli idilər: “Onlar ötən il sentyabrın 27-dən başlanan və bu günə qədər davam edən  təzyiqləri, Minsk qrupunun açıq ermənipərəst mövqe tutmasını, dünya güclərinin bizə qarşı olmasını xalqa izah etməli idilər. Elə etməli idilər ki, bir çox vətəndaşlarımız emosional hökm vermək “şakəri”ndən imtina etsin, mövcud problemləri dərindən anlasın. Bir sözlə, müdrik siyasətçilərimizin ağıllı arqumentlərinin təsiri altına düşən xalqımızı müəyyən kəsimi ənənəvi emosional yanaşmadan imtina edərək, diplomat-xalqa çevrilməli idi.

Çox təəssüf ki, biz bunun əksini gördük. Oxumaq, araşdırmaq imkanı olmayan insanların siyasi liderlərin dediklərini təkrarlaması əvəzinə, siyasi liderlərin böyük əksəriyyəti kütlələrin təsiri altına düşdü və onların emosional “arqumentlərini” nöqtəsinə, vergülünə toxunmadan bir az da yüksək tonla təkrarlamağa başladı. Təbii ki, bu cür savadsız və qızışdırıcı bəyanatlar real və uydurulmuş korrupsiya faktları ilə bəzədilməli idi və bəlli müxalifət bu işi heç bir fasilə vermədən davam etdirir”.

Partiya sədri vurğuladı ki, bu təhlükəli meyllərin qarşısında hakimiyyət təbliğatı yetərli deyil: “Nə qədər ki, savadlı və əsl vətənpərvər insanlardan ibarət təbliğat komandası formalaşmayıb, nə qədər ki, bu cür insanlar təbliğatın həlledici “yüksəkliklərinə” yerləşdirilməyiblər vəziyyəti dəyişmək mümkün olmayacaq”.

Etibar SEYİDAĞA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin