Rəsmi Kiyevin Ağ Evdən “arxamda deyil, yanımda dur” tələbi: Ukrayna savaşa başlasın, ABŞ və NATO vuruşsun

0
300

Rəsmi Kiyev separatçı Donbass bölgəsində hərbi əməliyyatlara başlamazdan öncə ABŞ və NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini istəyir; Rusiyanın hərbi müdaxilə edəcəyi təqdirdə, birbaşa ABŞ və NATO qoşunları ilə vuruşmaq məcburiyyətində qalması Ukraynanı qoruya biləcək yeganə variantdır…

Ukrayna və Rusiya arasında hərbi-siyasi gərginlik artır təhlükəli həddə çatıb. Hər iki tərəf öz mövqeyində və hədəflərində israrlı görünür. Və belə vəziyyət yaxın günlərdə siyasi qarşıdurmanın hərbi toqquşmalara çevrilə biləcəyi ilə bağlı ehtimalları ciddiləşdirir.

Hələlik hər iki tərəf bir-birini suçlayır. Hərbi-siyasi qarşıdurmanı gərginləşdirə biləcək təxribatlar törətməkdə ittiham edir. Buna paralel olaraq da savaşın başlama vaxtını yaxınlaşdıra biləcək addımlar atır.

Rusiya Ukrayna sərhədləri ətrafında hərbi qüvvələrini cəmləşdirməkdə davam edir. Kreml tərəfindən bölgəyə çoxlu sayda hərbi texnika və canlı qüvvə yerləşdirilib. Ukraynanın da öz ordusunu separaçı Donbass bölgəsi ətrafında cəmləşdirdiyini nəzərə aldıqda, savaşın böyük sürətlə yaxınlaşdığını ehtimal etmək üçün əsaslar yaranır.

photo-700X350-10320.jpg (45 KB)

Maraqlıdır ki, Kremldə Ukrayna ilə hərbi-siyasi gərginliyə Rusiyanın mövcudluq mübarizəsi kimi yanaşıldığını gizlətmirlər. Rusiya siyasi dairələrində tam əmindirlər ki, bu hərbi-siyasi gərginlik sadəcə, rəsmi Kiyevin təşəbbüsü deyil. Ukraynanı belə bir hərbi-siyasi kampaniyaya məhz Ağ Evdən həvəsləndirirlər.

Onu da qeyd edək ki, əslində, Rusiya və Ukrayna tarixən milli-mənəvi dəyərlərlə bir-birinə bağlı qardaş xalqların dövlətləri sayılır. Ancaq Kremlin “hegemon qardaş” siyasəti bu iki dövləti fərqli hərbi-siyasi səngərlərə yerləşdirib. Kreml Ukraynanın müstəqil dövlət statusu ilə heç vaxt barışmayab. Hesab edilib ki, Ukrayna, müstəqilliyi formal xarakter daşımaqla, birmənalı şəkildə Rusiyanın maraqları və təlimatları çərçivəsində idarə olunmalıdır.

Maraqlıdır ki, əslində, Kremlin analoji yanaşma tərzi Belarusa münasibətdə də müşahidə olunur. Rusiya Ukrayna və Belarusu özünün “arxa bağçası” hesab edir. Bu “arxa bağçası”nı ABŞ və Qərbin istifadəsinə vermək istəmir. Kreml ABŞ və Qərbin bu iki ölkənin ərazisində yerləşəcəyi təqdirdə, Rusiyanın gələcək taleyinin real təhlükə qarşısında qalacağından tam əmindir.

Ona görə də, Rusiya ABŞ və Qərbin Ukrayna üzərindən başlatmağa çalışdığı yeni savaş kampaniyasına bütün gücünü toplamaqla, müqavimət göstərməyə hazırlaşır. Kremlin son davranışları Rusiyanın Ukrayna uğrunda savaşda ən radikal addımlara belə, hazır olduğunu göstərir. Və bu, rəsmi Kiyev tərəfindən olduqca ciddi şəkildə götür-qoy edilməli olan məqamdır.

rusiya-ordusu-palmira.jpg (41 KB)

Məsələn, Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmək niyyətlərinə Kremldən verilən reaksiya çox aqressiv məzmun daşıyır. Kreml Donbass separatçılarını açıq-aşkar müdafiə etməklə yanaşı, rəsmi Kiyevin hərbi əməliyyatlara başlayacağı təqdirdə, Ukraynaya qoşun yeridəcəyinə eyham vurur. Yəni, Rusiya Ukraynanı müharibə ilə təhdid edir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun son açıqlamalarına diqqət etdikdə, Kremlin aqressiv əhval-ruhiyyədə olduğu sezilir: “Ukrayna ordusu tərəfindən provokasiyalar və Donbasdakı mövcud situasiya fövqəladə təhlükəli güc ssenarisi ilə nəticələnə bilər”.

Dmitri Peskov etiraf edir ki, Ukraynanın cənub-şərqindəki gərginlik Moskvada ciddi narahatlıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Kremlin rahatlıq tapmaq üçün Ukraynanı işğal etmək qərarı verə biləcəyinə eyham vurub: “Donbasda yeni bir müharibəyə başlamaq cəhdləri Ukraynanın məhv olması ilə nəticələnə bilər”.

Eyni zamanda, Rusiyaya yaxın siyasi dairələrin son vaxtlar rəsmi Kiyevin separaçı Donbasa qarşı hərbi əməliyyatlara cəsarət edəcəyi təqdirdə, Ukraynanın yeni sərhədlər ilə üzləşəcəyini vurğulaması acıq təhdid xarakteri daşıyır. Bu, o deməkdir ki, Ukrayna müəyyən mənada, işğal təhlükəsi ilə qarşı-qarşıya qalıb. Rusiya bu dövləti dünya xəritəsindən silməklə hədələyir.

36409.jpg (23 KB)

Təbii ki, belə vəziyyətdə Ukraynanın gələcək taleyi məhz ABŞ və Qərbin öz vədlərinə necə əməl etməsindən asılı ola bilər. Hər halda, Ukraynanın Rusiya ilə təkbaşına savaşmaq imkanlarının olmadığı heç kəsə sirr deyil. Əgər, rəsmi Kiyev belə bir səhvə yol verərsə, bu, həqiqətən də Rusiya xarici işlər nazirinin təhdidinin reallaşması ilə nəticələnə bilər.

Deməli, Ağ Ev bu dəfə Ukraynaya yalnız vədlər deyil, real dəstək də verməlidir. Əks halda, bu dəfə savaşın nəticələri Ukrayna üçün əvvəlkindən daha dəhşətli ola bilər.

Hər halda, əvvəlki savaşda ABŞ-ın bütün istiqamətlər üzrə dəstək vədlərinə baxmayaraq, Ukrayna Rusiya qarşısında təkbaşına buraxıldı. Nəticədə separaçı Donbass bölgəsi Ukraynanın nəzarətindən çıxarıldı, Krım yarımadası isə ümumiyyətlə, Rusiya tərəfindən ilhaq olundu.

Maraqlıdır ki, rəsmi Kiyev son günlər Rusiya ilə hərbi-siyasi qarşıdurma mövzusunda Ağ Evlə sıx təmasda olduğunu ictimailəşdirməyə xüsusi həvəs göstərir. Görünür, ABŞ və Qərbin məsuliyyətinin qabardılması Ukrayna üçün həlledici faktor rolunu oynamağa başlayıb. Hər halda, Ukraynanın kədərli təcrübəni təkrarlamaq istəməməsi tamamilə başadüşüləndir. Yəni, belə anlaşılır ki, rəsmi Kiyev Ağ Evə “bu dəfə arxamda deyil, yanımda dur” mesajı verməyə çalışır.

2017-05-05-17-58-ezp8cn-rusiya-absh-muharibesi-qerari-cin-verecek.jpg (72 KB)

Maraqlıdır ki, Ukrayna siyasi dairələri Ağ Evlə təmasların intensivliyindən məmnun olsa da, əldə olunan nəticələr barədə hələlik eyni fikirləri söyləmək mümkün deyil. Hər halda, rəsmi Kiyevin “ABŞ ilə müzakirələri davam etdirsək də, Ukraynaya konkret və tam dəstək mövzusunda hələlik qəti mövqe bəyan edilməyib” məzmunlu açıqlaması işlərin yaxşı getmədiyini göstərir.

Belə anlaşılır ki, ABŞ yenə də Ukraynanın yanında deyil, məhz arxasında dayanmağa üstünlük verir. Çünki, arxada dayanmaq çıxılmaz situasiyada geri çəkilmək şansını qoruyub, saxlamaq imkanı verir. Ukraynanın yanında dayanmaq isə ABŞ-ın Rusiya ilə hərbi toqquşmalara qatılma təhlükəsini aktual saxlayır.

Düzdür, ABŞ ordusunun Avropa komandanlığı artıq xeyli müddətdir ki, ən yüksək döyüş hazırlığı qərarı verib. Donbassda hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ ordusunun Ukrayna ərazisinə keçirilməsi variantları hazırda ciddi şəkildə müzakirə edilir. Ancaq yekun qərarın verilməsi barədə danışmaq hələ çox tezdir. Hər halda, Ağ Ev Ukraynada ABŞ və Rusiya qoşunlarının üz-üzə qalmasına qətiyyən həvəsli deyil.

Ümumiyyətlə, hazırda separaçı Donbass ətrafında yaranmış hərbi-siyasi gərginliyin iki variant üzrə inkişaf edə biləcəyini ehtimal etmək olar. Birinci varianta görə, Ağ Evin dəstək vədlərinə güvənən Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün Donbass separatçılarına qarşı hərbi əməliyyatlara başlayır. ABŞ bu hərbi əməliyyatlara sadəcə, siyasi dəstək verir. Rusiya Ukrayna ərazisinə qoşun yeridir, ABŞ-ın siyasi dəstəyi heç nəyə yaramır və rəsmi Kiyev ölkənin tamamilə məhv olması üçün yeni sərhədlər ilə barışmaq məcburiyyətində qalır.

1616266111_6548.jpg (91 KB)

İkinci variant isə ABŞ-ın siyasi dəstəyi ilə yanaşı, Ukraynaya hərbi yardımını nəzərdə tutur. Belə ki, rəsmi Kiyev separatçı Donbass bölgəsində hərbi əməliyyatlara başlamazdan öncə ABŞ və NATO qoşunları Ukrayna ərazisinə yerləşdirilir.

Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, ABŞ və NATO qoşunları ilə vuruşmaq məcburiyyətində qalır. Yəni, Ukrayna savaşa başlasa da, Rusiya ABŞ və NATO ilə savaşmalı olur. Bu halda, Kremlin Ukraynaya qoşun yeridib-yeritməyəcəyi də müəyyən suallar doğura bilər.

Ancaq ABŞ və Qərbin də həmin sualların cavabını dəqiqləşdirmədən ikinci varianta üstünlük verəcəyi qətiyyən inandırıcı deyil. Birincisi variant isə əslində, Ukraynanın məhv edilmə ssenarisi olduğundan rəsmi Kiyevin belə bir riskə gedəcəyini ehtimal etmək çətindir.

Göründüyü kimi, böyük ehtimalla ABŞ və Qərbin Donbass separatçıları üzərindən Rusiyaya qarşı açmaq istədiyi savaşda üçüncü variantın tapılmasına ehtiyac yaranacaq. Bunun üçün isə müəyyən qədər zamana da ehtiyac olmamış deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin