QMİ düşmənin məğlub olduğu müharibəyə dini qarşıdurma donu geydirmək cəhdlərini heçə endirdi

0
165

Sentyabrın 27-dən  başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.

Azərbaycan üçün haqlı olaraq Böyük Vətən müharibəsi sayılan hərbi əməliyyatların gedişində Ermənistanın uğursuzcasına müharibənin coğrafiyasını genişləndirmək, üçüncü ölkələri cəlb etmək, ən təhlükəlisi isə baş verənləri müsəlman-xristian qarşıdurması kimi təqdim etmək cəhdləri müşahidə olundu. Ermənistan katalikosu II Qareqinin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması təəssüf doğurdu, dini lider olaraq ona əsla baş ucalığı gətirmədi və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edirdi. Hərçənd, hamıya bəllidir ki, bütün səmavi dinlərin müqəddəs kitablarında ən ali dəyər hesab olunan insan həyatının xilası, qan tökülməsinin qarşısının alınması məramı rəhbər tutulur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair dövlətimizin siyasətinə uyğun olaraq dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi öz xətti və fəaliyyət istiqamətləri üzrə əməli iş aparmış və aparmaqdadır. Qafqaz Müsəlmanları İdarəsi malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman Azərbaycanın haqq işinin həqiqətləri barədə geniş, əhatəli məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə edir. QMİ sədri, bütün Qafqazın Şeyxi hacı Allahşükür Paşazadə iştirak etdiyi bütün beynəlxalq forumların xitabət kürsüsündən Qarabağ probleminin ədalətli sülh yolu ilə həllinə dair mövqeyini ifadə edib. QMİ sədri Azərbaycan xalqının dini lideri olaraq hər zaman münaqişənin ədalətli həllinin vacibliyinə və buna nail olmaq üçün sülhməramlı danışıqların zəruriliyə inam mövqeyindən çıxış edərək 1988-ci ildən, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdən müxtəlif illərdə dini mərkəzlərin, nüfuzlu dini liderlərin vasitəçiliyi ilə – ələlxüsus, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin, Ümumgürcüstan Patriarxı II İlyanın ali vasitəçilikləri, Ümumdünya Kilsələr Şurasının himayəsi və Vatikan nümayəndələrinin də müşahidəçi iştirakı ilə ermənilərin dini liderləri ilə bir araya gəlib. Müxtəlif illərdə İsveçrənin Montrö, Rusiyanın Rostov şəhərlərində, Tbilisidə, dəfələrlə Moskvada, Dünya Dini Liderlərinin I Sammiti zamanı Bakıda, MDB Dinlərarası Şurasının iclası zamanı İrəvanda erməni katolikosları ilə görüşləri qan tökülməsinin qarşısının alınmasına, ədalətli sülh üçün mənəvi zəmin hazırlanmasına xidmət etmək məramı daşıyıb. Görüşlərin nəticələrinə dair QMİ sədrinin erməni katolikosları – I Vazgen, I Qaregin, II Qaregin ilə imzaladığı birgə bəyanatlarda münaqişənin sülh yolu ilə həllinin vacibliyinə dair əminlik, xalqlarımızın dinc yanaşı yaşaması üçün zəminin hazırlanması, dini liderlərin bu işdə mənəvi rolu xüsusi təsbit olunub. Ən mühümü, birgə bəyanatlarda münaqişənin dinlərarası qarşıdurma səciyyəsi daşımadığı birmənalı şəkildə vurğulanıb.

Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyinin ifadə olunduğu Xalqa müraciətini bəyan etdi. Ardınca QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı həmrəylik müraciətini imzaladı. QMİ sədri Şeyxülislam A. Paşazadənin imzası ilə Vatikan dövlətinin rəhbəri, Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətlərinə, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İlya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı cənab Ali Erbaşa, İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri cənab Əli Əkbər Vilayətiyə, habelə beynəlxalq təşkilatların ünvanına – BMT Baş Katibi Antonio Quttereşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Useyminə, İRSİKA-nın Baş direktoru Halit Erenə, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə (Qətər), Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuqa (Küveyt), İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İssaya (Səudiyyə Ərəbistanı), Avropa-Türk İslam Birliyinin prezidenti Sərdar Çələbiyə göndərilən müraciətlər vasitəsilə dünyanın nüfuzlu şəxsləri Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə məlumatlandırılıblar.

Bunlarla yanaşı, QMİ və Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin fəaliyyət zəminində əməkdaşlıq etdiyi Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib (Misir), Əfqanıstanın Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi, Seneqal Prezidentinin xüsusi müşaviri Şeyx Məhəmməd Mənsur Nias, Pakistan Dini işlər və dinlərarası harmoniya naziri Nurul-Haqq Qədri, Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Əl-Mərzuqi, Mərakeş Vəqflər naziri Əhməd Taufiq, Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamulla, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, ABŞ Yeshiva universiteti Sefardi araşdırmaları institutunun direktoru Eli Abadi, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Yerusəlim baş sefardi ravvini Şlomo Amar, ABŞ Xristian liderləri Birliyinin prezidenti Conni Mur, Avropa ravvinlər konqresi idarə heyətinin üzvü Cenevrə ravvini İshak Dayan, Berlinin baş ravvini Yitshak Erenberq, Mərkəzi Asiya ölkələrinin dini liderləri, Şimali Qafqaz Respublikalarının müftiləri, Rusiya Federasiyanın bütün subyektlərinin mərkəzi dini idarə rəhbərləri və digərlərinə Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib. Dünya dini liderlərindən, nüfuzlu şəxsiyyətlərdən müraciətlərimizə cavab olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bilavasitə ifadə olunduğu məktublar daxil olub.

Reallıq bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin öz işğalçı siyasətinə dini don geyindirmək cəhdləri həmişə olmuşdur. Dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə kimi olduqca təhlükəli meyli erməni tərəfi dini təəssübkeşlikdən dolayı dünya dövlətlərindən hərtərəfli dəstək almaq məramı ilə zaman-zaman məkrlə, riyakarcasına qabartmaqdadır.

Məlum olduğu kimi, Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ağır raket silahı ilə atəşə tutaraq, dinc insanları, yaşayış evlərini, mülki obyektləri nişan alarkən, Gəncədəki Rus Pravoslav Yeparxiyasına məxsus kilsəyə və müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət kəsb edən Gəncə İmamzadəsinə xəsarət yetirilib. Bu reallıqların müqabilində erməni kilsəsi bütün dünyaya təxribat xarakterli yalan məlumat yayırdı ki, guya Azərbaycan tərəfi Şuşadakı xristian kilsəsini hədəfə götürmüşdür.

Vətənimiz Azərbaycan ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələri, məscid, kilsə, sinaqoqları təmir, bərpa, inşa etdirən dövlətdir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlətimizin başçısı İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə diqqət və qayğısının əyani şahididir.

Azərbaycan dövləti erməni kilsəsini paytaxt Bakının mərkəzində təmir edib qoruyur. Bakıda olarkən erməni Katolikosu şəxsən bu kilsəni ziyarət etdi, ibadət mərasimi və Azərbaycanda yaşayan ermənilərlə görüş keçirdi, kilsənin daxilində erməni dilindəki kitabların qorunduğu kitabxana ilə tanış oldu. Ermənistandan fərqli olaraq, Azərbaycanda Rus Pravoslav Kilsəsinin Yeparxiyası, rusdilli tədris, Slavyan Universiteti, pravoslav, katolik, alban-udi xristian dindarlar uçun bazar günü məktəbləri, habelə yəhudi tədris və mədəniyyət mərkəzləri mövcuddur. Ölkəmiz milli və dini azlıq nümayəndələrinin bütün vətəndaşlıq hüquqlarından yararlandığı, öz milli, dini adət-ənənələrini azad yaşatdıqları bir ölkədir və mədəniyyətlər, dinlər arasında dialoq və əməkdaşlıq məkanı kimi dünya miqyasında tanınır. Ermənistanın isə monoetnik dövlət olması, etnik təmizləmə həyata keçirməsi onun ksenofobiyaya meylli olduğunun təzahürüdür, qonşu torpaqlarına göz dikməsi, Xocalı soyqırımını törətməsi terrorçu xislətinin göstəricidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində on minlərlə dini, mədəni abidələri məhv etməsi, mənşəyini saxtalaşdırması vandalizm mahiyyəti daşıyır, müsəlman mədəniyyəti nümunələrini məqsədyönlü məhv etməsi isə islamofobiyanı dövlət siyasəti olaraq həyata keçirməsinin sübutudur. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməmişlər. Oktyabrın 15-də isə düşmən Tərtər rayonunda keçirilən dəfn vaxtı qəbirstanlığı atəşə tutdu, nəticədə 4 nəfər həlak oldu, 4 nəfər, o cümlədən dəfni aparan molla və qəbirstanlıq işçisi də yaralandı. Bu vəhşilikdən sonra QMİ cəbhəyanı bölgələrdə həlak olanların dəfn mərasimlərinin məhz axşam vaxtı keçirilməsini tövsiyə etdi.

Yeri gəlmişkən, 44 gün çəkən hərbi əməliyyatların gedişində şəhid düşən hərbçilərimizin və mülki vətəndaşlarımızın dəfninin təşkili işi QMİ tərəfindən daim diqqət mərkəzində saxlanmışdır. Bu sətirlərin müəllifi jurnalist olaraq peşə fəaliyyəti ilə əlaqədar Beyləqan, Füzuli, Ağdam rayonlarında məscidlərdə, o cümlədən müqəddəs ziyarətgahımız olan Beyləqan pirində olmuş, şəhidlərimizin ehtiramla, müsəlman adət və ənənələrini gözləməklə torpağa tapşırılması tədbirlərində iştirak etmiş, din xadimlərinin fədakarlığının və şəxsən QMİ-nin rəhbərinin özünün və İdarə mənsublarının ruhanilərlə mütəmadi əlaqə saxlayaraq tövsiyələr verdiklərinin şahidi olmuşdur. Necə ki bütün xalqımız, eləcə də din xadimləri, ruhanilər möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevlə, müzəffər Azərbaycan Ordusu ilə birlik nümayiş etdirmiş, Vətən uğrunda şəhid olanların ailə üzvlərinə, yaxınlarına təskinlik vermişlər.

Beləliklə, 2020-ci il Qələbə ili oldu. İndi qarşımızda yeni vəzifələr durur, o cümlədən, diplomatiya, təbliğat cəbhəsində görüləsi işlər vardır. Söz yox ki, bu müstəvidə də Qafqaz Müsəlmanları Ruhani İdarəsi tolerant Azərbaycanı uğurla təmsil edəcək.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin