Qarabağa “Böyük Qayıdış” Zəngilandan başladı!

0
373

Bu tarixi gün üçün niyə 19 iyul seçilib?

İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi baş tutdu. 30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan 10 məcburi köçkün ailəsi Masazırdakı şəhərcikdən artıq yola çıxıb. Ağalı kəndinə əhalinin köçürülməsi “Böyük Qayıdış”ın ilk qədəmləridir.

Zəngilan Rayon İcra Hakimiyyətinin binası önündə baş tutan yolasalma mərasiminə Prezidentin Zəngilan üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər rəsmilər qatılıblar.

Vahid Hacıyev tədbirə qatılanları “Böyük Qayıdış” münasibətilə təbrik edərək bildirib ki, bütün məcburi köçkünlər yaxın zamanlarda öz dədə-baba yurdlarına qayıdacaqlar.

Vahid Hacıyev bildirib ki, işğala qədər Ağalı inzibati ərazisi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə birinci mərhələdə hər biri 10 ailə olmaqla ümumilikdə 41 ailə köçürüləcək. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Xüsusi nümayəndə deyib ki, kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Rəsmi məlumatlara görə, hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfərdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: “90 faiz geri qayıdacaq”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Turan”a bildirib ki, məcburi köçkünlər arasında  əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib. “Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir”, – o qeyd edib.

2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı əhalinin yenidən dogma yurdlarına qaytarılması üçün işlər aparılır.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur. Hazırda ərazilərdə əhalinin daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.

“Ağalıda daim yaşamağa gedirik…”

İşğaldan azad olunan torpaqlara ilk köçən Ağalı sakinləri sevinclərini Teleqraf.com-la   bölüşüblər. Bayram Məmmədov 1993-cü ildə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən Ağalı sakinlərindən biridir. O, 29 il əvvəl çıxmaq məcburiyyətində qaldığı kəndinə qayıtmağın böyük sevincini yaşayır: Çox qürurluyuq, sevincimizin həddi-hüdudu yoxdur. Qarabağa Böyük Qayıdış bu gün bizdən başlayır, 10 ailə hazırda doğma kəndimizə doğru yol alır. Mərhələli şəkildə bütün ailələr köçəcək. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandana təşəkkür edirik, şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə cansağlığı arzulayıram. Mayın 27-də Prezident İlham Əliyev kəndin açılışını edərkən biz də orada idik, dövlət başçısı 13 ailə ilə görüşdü, onlardan biri də bizim ailə idi. Bu, artıq Ağalıya ikinci səfərimizdir, bu dəfə biz Ağalıda daim yaşamağa gedirik”, – o bildirib.

Niyə 19 iyul?

Maraqlıdır, Qarabağa “Böyük Qayıdış” üçün tarix olaraq niyə 19 iyul seçilib?

Axar.az-ın araşdırmalarından sonra aydın olub ki, Azərbaycanın ən yeni tarixi üçün 19 iyul Heydər Əliyevin SSRİ rəhbərliyinə məşhur məktubu ilə əlamətdardır.

Azərbaycan KP MK-ya uzun illər rəhbərlik edən, daha sonra isə SSRİ-nin ən məşhur Politbüro üzvü, Birinci vitse-premyeri olan və SSRİ rəhbərliyinə ən şanslı namizəd sayılan, dünyanın ən böyük iki gücündən birinin idarəedicilərindən olan Heydər Əliyev 19 iyulda açıq məktubla Kommunist Partiyasından çıxdığını elan edir və bunu SSRİ rəhbərliyinin diqqətinə çatdırırdı.

Heydər Əliyev 1990-cı ilin Yanvar hadisələrini də xatırlatmaqla yazdığı ətraflı məktubunda həmin dövrdə Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa etiraz etdiyini bildirirdi.

19 iyul Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa, torpaqlarımızın işğalı prosesinə məhz SSRİ-ni idarə edənlərdən olan Heydər Əliyevin siyasi etiraz aksiyası kimi tarixə düşmüşdü.

Heydər Əliyevin müstəqilliyini qoruyub, məhv olmaqdan xilas etdiyi, gücləndirdiyi və inkişaf etdirdiyi Azərbaycan 31 ildən sonra bu ədalətsizliklərin nəticəsini aradan qaldırır və tarixi torpaqlarına qayıdır…

Elşən MƏMMƏDƏLİYEV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin