Qarabağ xəyallarını gerçəyə çevirən Prezident – dedi və etdi…

0
65

Tarix yazan Ali Baş Komandanı insanlar həm uğurlu, sözünü tutan Prezident, həm də xalqın, Vətənin üzərindəki işğal ləkəsini silən QARDAŞ kimi sevir!

30 ilə yaxındır Qarabağı yalnız yuxuda görürdük. Bir də hansısa əcnəbinin Suqovuşandan, Sərsəngdən, Kəlbəcərdən, Cəbrayıldan, Şuşadan, Füzulidən, Ağdamdan… çəkdiyi şəkillərə internet resurslarında baxıb köks ötürürdük. Yalnız xəyal edirdik doğma yurdlarımızı. “Biz o torpaqlarımıza qayıdacağıq, amma nə vaxt?” düşüncəsindən o yana keçmirdi əminliyimiz…
Bir çoxlarımız hətta daha pessimist idik…

Cəmi 1 ay əvvəl kimə desəydin ki, oktyabrın 4-də Cəbrayıl şəhərinə, oktyabrın 17-də Füzuli şəhərinə, oktyabrın 20-də isə Zəngilan şəhərinə Uca Azərbaycan Bayrağını sancacağıq, oktyabrın 20-dək bu və digər rayonların birlikdə 100-ə yaxın kəndini işğaldan azad edəcəyik, “inşallah” deyərdi, ancaq inanmazdı.

Etiraf edək, insanlarımızın xeyli hissəsi Qarabağdan danışanda pessimist fikirlər söyləyirdi, “erməni bizə torpaq qaytarmaz”, “Rusiya imkan verməz”, “erməni lobbisi güclüdür, dünya qoymaz torpağımızı alaq” kimi fikirlər səsləndirirdilər.

Açıq danışaq, nə qədər adamdan eşitmişdik “Getdi daha Qarabağ” kəlməsini?

Ancaq indi nə baş verir? Daha yuxu görmürük! Qarabağımıza dönürük! İşğaldan azad olur gözəlim Qarabağ! Cəmi 23 günə 100-dən çox kənd, 3 rayon mərkəzini azad etmişik. Təsəvvür edirsinizmi hazırlıq səviyyəsini və Prezidentin uğurlu taktikalarının, siyasətinin nəticələrini?!

safe_image.jpg (32 KB)

İşğaldan azad olunun Zəngilan şəhəri; Ali Baş Komandana raport verilir

Əlbəttə, özbaşına azad olmur torpağımız. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Qüdrətli, Rəşadətli, Şanlı Ordumuz xəyallarımızı gerçəyə çevirir! Komandanın əmri ilə onun qurduğu yenilməz Azərbaycan Ordusunun İgid Əsgərləri yağı düşməni torpaqlarımızdan qovur. Güc yolu ilə azad edir komandan torpaqlarımızı.

Əlbəttə, müharibə edib torpaqlarımızı azad etmək üçün Cənab İlham Əliyev uzun illər ərzində böyük əmək sərf edib: Ordu quruculuğuna, müasir silahların alınmasına xüsusi diqqət yetirdi, xarici siyasəti birbaşa özü həyata keçirdi, çevik hökumət qurdu, komandasını yenilədi. Paralel olaraq ötən müddətdə dünya ilə sıx əlaqələr qurdu, diplomatik müstəvidə Azərbaycanın haqlı mövqeyini kifayət qədər möhkəmləndirdi. Güclü, müharibə aparıb, qələbə çalacaq bir Azərbaycan formalaşdırdı və…
Və beləliklə bu gün qazanılan zəfər İlham Əliyevin nüfuzunun, apardığı daxili və xarici siyasətin, qurduğu güclü iqtisadiyyat və Ordunun bəhrəsidir.

Təbii, Qarabağa hədəflənən bu siyasətin detalları xalqa öncədən söylənilə bilməzdi. Hətta media, jurnalistlər də ümumi gedişatı izləyib, müəyyən təhlillər aparıb, Qarabağın xilasına doğru addımlar atıldığını ötənlərdə praqnozlaşdırsalar, yazsalar da, detallar – nəyin nə vaxt, necə ediləcəyini Ali Baş Komandandan başqa kimsə bilmirdi.
Prezident hələ 2020-ci il iyulun 16-da çıxışında demişdi: “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər”.

Və o addımlar atıldı! Xalqın xəyalını, yuxularını, ona nağıl kimi görünənləri gerçəkləşdirir Ali Baş Komandan bu addımları ilə.
Həm də bir daha hər kəsə aydın oldu ki, Prezident hansı sözü verirsə, həyata keçirir, nəyi deyirsə, edir. Biz onun hakimiyyəti dövründə bunu iqtisadi, sosial sferalarda müşahidə etmişik. İndi hamımız hərb meydanında da görməkdəyik, qürurlanmaqdayıq!

Azərbaycan xalqının tarixində çox qəhrəmanlıqlar, döyüşlər, müqavimətlər olub, amma ilk dəfədir Azərbaycan dövlətindən qoparılan, işğal altındakı torpaqlarını azad edən qəhrəmanımız var.

Bunun da fərqində olduq ki, İlham Əliyev olduqca müdrik, uzaqgörən siyasətçidir və istənilən addımı atmazdan öncə, gözlənilən nəticəni almaq məqamını yetişdirir və ondan sonra hərəkətə keçir. Belə demək mümkünsə, heç zaman boşuna güllə atmır. Elə ölçüb-biçir ki, indiki müharibə şərəfindən çıxış edərək desək, atdığı bütün güllələr hədəfə dəyir! Komandan qürur yerimiz olan Ordumuzla, Əsgərimizlə Qarabağı xilas edir!

Biz həm də onun şahidi oluruq ki, müşahidə olunan prezident və xalq birliyi dünya tarixində bəlkə də bir ilkdir. İlham Əliyev xalqın, xalq da onun sonsuz sevgisini, inamını qazanıb, qarşılıqlı bir əminlik, səmimiyyət var. Sözsüz ki, müdrik xalq ona qələbə, zəfər gətirən liderin ətrafında yumruq kimi birləşməyə bir şərəf məsələsi kimi baxır.

Cəmiyyətdəki əhval-ruhiyyənin, eşitdiyimiz fikirlərin, sözlərin, minnətdarlıqların fonunda gəlinən qənaət budur: Azərbaycan üçün şərəfli tarix yazan Ali Baş Komandanı insanlarımız həm uğurlu, sözünü tutan Prezident, rəhbər, lider kimi, həm də xalqın, Vətənimizin üzərindəki işğal ləkəsini silən QARDAŞ kimi sevir!

Elşad MƏMMƏDLİ

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin