Aprel əməliyyatlarının ildönümünün ən aktual sualı; 4 günlük müharibənin ildönümü ərəfəsi Azərbaycan hərbçiləri ilə görüşən prezident İlham Əliyev işğalçı tərəfə və havadarlarına ismarış göndərdi: “Ərazi bütövlüyümüz nəyin bahasına olur-olsun, bərpa ediləcək; heç bir ölkə bizim daxili işimizə qarışa bilməz…”
Bu günlər 2016-cı ildəki 4 günlük aprel müharibəsinin birinci ildönümünə təsadüf edəcək. Azərbaycan əsgəri və zabitlərinin mətanəti, şəhidlərimizin qanı hesabına əldə olunan, 2 min hektar ərazimizin azad olunmasına gətirən, habelə düşməni böyük canlı və maddi itkiyə məruz qoyan bu qələbə cəmiyyətdə “məğlubiyyət sindromu”nu aradan qaldırmaqla yanaşı, erməni işğalçı ordusunun da “məğlubedilməz” mifini darmadağın elədi.
Bundan əlavə, aprel zəfəri erməni toplumunda dərin məyusluq, onun özünə və kriminal Sərkisyan rejiminə inamsızlıq yaratdı, Ermənistanın daxili ictimai-siyasi tarazlığını pozdu – hansı ki hələ də bərpa ola bilməyib.
İşğalçının aprel hərbi fiaskosu sözsüz ki, ən əvvəl Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün nəticəsi idi. Bu üstünlük ötən bir ildə də qorunub saxlanıb – baxmayaraq ki, Rusiya təcavüzkar tərəfə “İsgəndər” raket kompleksləri də daxil olmaqla, bəzi müasir silahlar ötürüb. İldönüm ərəfəsi Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın Azərbaycan ordusunun gücünü etiraf eləməsi buna başqa bir sübutdur.
Belə ki, İrəvanda rusiyalı jurnalistlərlə söhbətində o bildirib ki, Azərbaycan və Ermənistan qüvvələri arasındakı silahlanma balansı pozulub: “Ermənistan və Azərbaycan arasında silahlanma sahəsində balans pozuntusu var. Çünki Azərbaycan müxtəlif ölkələrdən silah almaqdan ötrü böyük xərc çəkir. Silahlanma balansını bərpa etmək üçün intensiv işləməyimiz vacibdir”.
***
Dünən isə bu münasibətlə – ordumuzun aprel uğurunun ildönümü ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müdafiə naziri Zakir Həsənov daxil olmaqla, ordu rəhbərliyi və bir qrup hərbçimizlə görüş keçirib. AzərTAc-ın məlumatına görə, Prezident Administrasiyasında baş tutan görüş zamanı Ali Baş Komandan bildirib ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
“Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”, – deyə perzident qeyd edib.
“Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə edib. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün bölgədə güclü ordu varsa, o da – Azərbaycan ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar” – bunu da ölkə rəhbəri görüşdə deyib.
“Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk Qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz”, – deyə Ali Baş Komandan faktiki surətdə Ermənistanın havadarlarına da xəbərdarlıq edib.
Prezident daha sonra bildirib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özünü tam şəkildə ifşa edib: “Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir”.
Ölkə başçısı həmçinin vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: “Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir”.
Prezident habelə Ermənistan cəmiyyətinin hazırda sarsıntı içərisində olduğunu qeyd edib və Qarabağ münaqişəsinin Azərbaycan üçün prioritet məsələ olduğunu xatırladıb. Dövlət başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin status-kvonun dəyişməsinin vacib olduğunu vurğulamalarını yada salıb: “Azərbaycan da status-kvonun dəyişməsini istəyir. Bütün bunlar isə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması sayəsində baş tuta bilər. Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub, danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.