Qaçılmaz SAVAŞ, müharibəyə doğru daha bir ADDIM… – GÜNÜN SİYASİ XÜLASƏSİ

0
860

İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna edilmir. Günün əsas xəbəri heç şübhəsiz ki, Suriya ordusunun Afrinə girməsi barədə Suriya dövlət televiziyasının yaydığı xəbər oldu. Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ı Suriyada odla oynamamağa çağırıb.

“İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna deyil”. Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu barədə yayılan məlumatları şərh edərkən deyib.

Xatırladaq ki, dünən İsrail xüsusi xidmət orqanları Müdafiə naziri Aviqdor Libermana sui-qəsd təşkil edən Fələstin döyüşçülərini ələ keçiriblər. Bu barədə informasiyanı İsrail Ümumi Təhlükəsizlik Xidmət (ŞABAK) yayıb. Fələstinlilər nazirin hərəkət etdiyi yola partlayıçı qurğu yerləşdirməyə cəhd etsələr də, bunun üçün yetərli material tapa bilməyiblər.

ŞABAK altı nəfər şübhəlinin yaxalandığını bildirib.

Suriyanın hökumət gücləri bir neçə saat içində Afrin bölgəsinə girəcək. Bu barədə “Röyters” agentliyi Suriya dövlət televiziyasına istinadən bildirib.

“Bəşər Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə, biiə kimsə dayandıra bilməz”.Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rejim qüvvələri YPG-ni təmizləmək üçün girərsə, bir problem yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, o halda türk əsgərini kimsə dayandıra bilməz. Bu, Afrin üçün də, Münbic üçün də, Fəratın şərqi üçün də etibarlıdır”, – nazir bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Telefon söhbətində Afrin və İdlibdəki hadisələr müzakirə olunub. Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda, bunun ağır nəticələrinin olacağı barədə Rusiya liderinə xəbərdarlıq edib.

Ankarada hökumət mənbələri son aylarda ABŞ-ın yeni bir planı haqqında danışmağa başlayıblar. PKK-nın ləğv edilərək PYD-nin çətiri altına daxil edilməsi planlaşdırılır.

Plan ABŞ və Avropa İttifaqı ölkələrini “PKK terror təşkilatı ilə əməkdaşlıq edən tərəf” olmaqdan xilas etmək məqsədi daşıyır. Hökumətdə yer alan nazirlərdən birinin sözlərinə görə, ortamüddətli perspektivdə PKK-nın ləğvi müzakirə edilir.

Suriyada Türkiyə ilə ABŞ arasında silahlı qarşıdurma riski hər keçən gün artır. Bu barədə “Nəşnl İnterest” nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ administrasiyası Suriya siyasətinə yenidən nəzər yetirməlidir:

“ABŞ kürdlərə aktiv şəkildə dəstək verir. Belə olan halda Ankara ilə Vaşinqtonun qarşı-qarşıya gəlməsi qaçılmaz olacaq. ABŞ Suriyadakı həqiqətləri qəbul etməlidir”.

Suriyada ölkənin ən böyük hərbi qruplaşması yaradılıb. Suriyanın hökumət güclərinə qarşı mübarizə aparan iki qrup – Əhrar Şam İslam Hərəkatı və Murəddin Zəngi Hərəkatı eyni cəbhədə birləşib. Beləliklə, Əsəd rejiminə qarşı ən böyük qruplaşma qurulub.

Bu barədə hər iki hərəkat sosial media hesabından açıqlama verib. Açıqlamada hərəkatların “Suriya Qurtuluş Cəbhəsi” altında birləşdiyi bildirilib. Həmçinin, “Suriyada siyasi qərar mexanizminin tək bir qrupun ixtiyarına buraxılmaması, qruplara qarşı hücumların dayandırılması və xarici qüvvələrin istəklərinə boyun əyməmək üçün bu qrup yaradıldı”,- ifadələri işlədilib.

Bazar ertəsi gecəsi İsrail “Hes-3” (“Ox-3”, “Arrow-3”) kosmosda ballistik raketləri məhv edə bilən böyük hərəkət radiuslu raket əleyhinə kompleksi sınaqdan keçirib. Bu haqda ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Sınaq İsrail Hərbi-hava Güclərinin rəhbərliyi altında “Israel Aerospace Industries” konserninin mərkəzi bazasında keçirilib. Kompleksin işə salınması ABŞ-ın nümayəndələrinin iştirakı ilə baş turub. Həmçinin, Raket əleyhinə müdafiə üzrə Amerika Agentliyi kompleksin hazırlanmasında iştirak edirdi.

Müdafiə Nazirliyinin məlumatlara görə, “Hes-3” kompleksi sınağın gedişatında öz vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, ekspertlər gələcəkdə müharibələrdə kosmosda üstünlüyün həlledici olacağını bildirirlər.

“Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırır”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Valday” diskusiya klubunda “Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun” konfransında deyib.

Onun sözlərinə görə, söhbət Suriyanın müstəqilliyi və ərazi bütövlüyünü saxlamaq ehtiyacından gedirsə, Rusiya bu ölkəni parçalamaq cəhdlərini sakitcə müşahidə edə bilməz.

“Qərb söz verdi ki, NATO Şərqə irəliləməyəcək, amma “soyuq müharibə”dən sonra əldə olunan “dəmir” razılaşmaları pozdu”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Serbiyanın BETA agentliyinə müsahibəsində bildirib.

“Qərb bütün vədlərin əksinə, NATO-nun genişləndirilməsinin xeyrinə seçim etdi. 1990-cı illərdə ABŞ və Avropa ölkələrinin rəhbərləri tərəfindən söz verilirdi ki, ittifaq Şərqə irəliləməyəcək”, – o deyib.

Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı pozur.Bunu “Bild” qəzetinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, bu, Avropada nüvə silahı yarışına səbəb olacaq:

“Bu müqavilə Avropanın təhlükəsizliyinin əsas dayaq sütunudur. Bu müqavilə on illər ərzində Mərkəzi Avropada sülhü təmin edib. Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi haqqında müqaviləyə əməl etməlidir”.

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər. Bunu CBS televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.

“Biz Konqresin qəbul etdiyi qərarla bağlı artıq bir neçə addım atmışıq. Vaşinqton xüsusilə Rusiyanın satmaq istədiyi hərbi texnika ilə bağlı bir neçə müqavilənin ləğvinə nail olub. Biz daha bir neçə şəxsə qarşı sanksiyalar tətbiq edə bilərik”, – deyə o bildirib.

Ömər Dağlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin