Qəhrəmanlılar ailəsinin həbs etdirdikləri Əsgər Ağazadənin anası: “Oğlum günahsızdır”

0
143

Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin anası Sürəyya Ağayeva məsələnin təfərrüatları barədə bəzi açıqlamalar verib.

RealMedia.az xəbər verir ki, bu barədə Pravda.az-a danışan S.Ağayeva bildirib ki, 24 iyun 2020-ci il, axsam saat 21:39-da bacısı Zümrüd Yağmurdan (Sənayın anası) ona mesaj gəlib: “Zümrüd yazdı ki, Sənay çöldə qalıb, sizin evə getsə olar? Qeyd edim ki, mən rayonda yaşayıram. Şəhərdəki evdə oğlum tək yaşayır. Zümrüd Yağmur özü oğlum Əsgərə zəng edib deyib ki, Sənay bizim evdə qalsın. Sənayı bizim evə indiki vəkili Zibeydə Sadıqova və onun həyat yoldaşı vəkil Elçin Sadıqov birlikdə gətiriblər. Elçin Sadıqov şahid qismində dindirilib. Zibeydə Sadıqova vəkil kimi məhkəmə iclasında iştirak edir. Vəkilimiz vəsatət qaldırdı ki, Z.Sadıqova da şahid qismində dindirilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov isə vəsatəti qəbul etmədi. Bu, qanunaziddir”.

S.Ağayevanın sözlərinə görə, 2020-ci il iyunun 25-i Sənay Qəhrəmanlı onların evindən dostunun yanına gedib: “Bundan sonra Zümrüd və qızı davamlı olaraq 25, 26, 27 iyunda mənə yazılı və səsli mesajlar atıb Əsgərin Sənaya zorakılıq etdiyini dedilər. 1-2 ay ərzində cinayət işi davam etdi. Oğlumun əleyhinə heç bir ekspert rəyi, dəlil, sübut olmadığına görə açılmış cinayət işinə 2 dəfə xitam verildi. Xitamı Yasamal Rayon Məhkəməsi qüvvədə saxladı”.

S.Ağayeva əlavə edib: “Zümrüdün böyük qızı Selcan Yağmur oxumaq adı ilə ölkədən çıxdıqdan sonra “atam bizə zorakılıq edib, atamdan imtina edirəm” demişdi. Eyni ssenari üzrə Zümrüd qızı Sənay Qəhrəmanlını da xaricə çıxartdı və işi ictimailəşdirdi. Həmin dövrdə iş Apellyasiya Məhkəməsində idi. Bizim məhkəmədən belə, xəbərimiz olmayıb, çünki onda həyat yoldaşımın qaraciyərində iki xərçəng nüvəsi tapılmışdı. Təcili qaraciyər transplantasiyası olmalı idi. Əsgər atasına donor oldu və qaraciyərini atasına verdi. Atası və Əsgər xəstəxanadan təzə çıxmışdılar. Bizə Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqi Teymur Qarayev zəng etdi və oğlumu idarəyə dəvət etdi. 19 oktyabr 2021-ci ildə oğlumu həbs etdilər. Heç tikişlərinin yeri sağalmamışdı. Buna baxmayaraq, haqqında epikriz (tibbi rəy) ola-ola, Baş Prokurorluq Əsgəri həbs etdi. Üstəlik, əməliyyatdan yeni çıxmış insanı bir ay vəkil xidmətindən və ailə ilə görüşməkdən məhrum etdilər”.

S.Ağayeva bildirib ki, Əsgər Ağayev həbs olunan günlərdə müstəntiq Teymur Qarayev ondan qan, saç və tüpürcək götürərək ekspertizaya təqdim edib: “Yəni Baş Prokurorluğun keçirdiyi axırıncı genetik ekspertiza rəyində oğlum Əsgər Ağazadəyə aid heç bir bioloji material aşkarlanmayıb. Ümumiyyətlə, kişi cinsinə aid bioloji material aşkarlanmayıb, tapılan bioloji material iki müxtəlif qadına aiddir. Buna baxmayaraq, iddia edirdilər ki, qıza narkotik verilib, köməksiz vəziyyətə salınıb. Qanında narkotik də aşkarlanmayıb. İttiham aktı yazıb işi məhkəməyə göndərdilər. Baxın, iş iki dəfə dəlil, sübut olmadığına görə xətm olunub. Təkrar genetik ekspertiza keçirilib. Oğlum Əsgər Ağazadəyə aid heç bir bioloji material aşkarlanmayıb, iş yenə də məhkəməyə gedir. Niyə? Hətta istintaq dövründə neçə dəfə xəstə, yaralı olduğu üçün ev dustaqlığı, ən azından, hospitala köçürülməsini istədik. Lakin sifariş olduğuna görə imkan vermədilər. İndi 7 aydır ki, iş Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun icraatındadır. Məhkəmə istintaqı dövründə bütün rəylər, şahid ifadələri oğlumun xeyrinə idi. Amma buna baxmayaraq, Zümrüd hər məhkəmədən sonra, özü demişkən, əlində olan mediadan istifadə edirdi. Üzvü və təşkilatçısı olduğu feminist, LGBT, radikal müxalifətçiləri məhkəmənin önünə yığır, şou düzəldir, hətta dövlət başçısının ondan qisas aldığını qışqırır. O, bu yolla Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, hakim Novruz Kərimova təyziq göstərir. Axrıncı məhkəmə iclasında dövlət ittihamçısı özlərinin keçirdiyi genetik ekspertizanın rəylərini əhəmiyyətsiz sayaraq, oğlum Əsgərə qanunsuz olaraq 7 il iş istədi. Soruşuram ki, nəyə görə, hansı dəlilə, sübuta əsasən? Deməli, kim çıxıb qışqırsa, onun səsi eşidilir? Qanunlar qışqırıqla, bağırtı ilə idarə olunur?”

S.Ağayeva bildirib ki, 27 iyul 2022-ci ildə məhkəmə keçiriləcək: “Mən qışqırıqla, qaralama ilə aparılan təyziq kampaniyasının deyil, Azərbaycan Konstitusiyasında yazılan qanunların, hüququn qələbə çalmasını, ədalətin tərənnümünü istəyirəm. Hörmətli Mahmud Nəbiyev! Hörmətli Novruz Kərimov! Oğlumun, günahsız bir gəncin taleyi sizin əlinizdədir. Siz də atasınız. Oğlumu şər-böhtanın səsini kəsmək üçün qurban verməyin!”

Aytəkin Qardaşova

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin