Əhəd Məmmədli: “Dəyişikliyin küçələrdən başlamaması üçün…”
Bir həftə öncə Rusiyada istefaya göndərilən hökumət yenidən formalaşdırılıb. Əvvəlki hökumətdən 12 nazir yeni kabinetin üzvü təyin edilib, 14 nazir isə vəzifəsini itirib. Yeni hökumətdə baş nazir Mixail Mişustinin 9 müavini fəaliyyət göstərəcək.
Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov baş nazirin birinci müavini təyin edilib. Yuri Trutnyev, Yuri Borisov və Tatyana Qolikova baş nazirin müavini vəzifələrində qalıblar. Dmitri Çernışenko, Marat Xusnulin, Viktoriya Abramçenko, Aleksey Overçuk, Dmitri Qriqorenko vitse-premyer vəzifələrinə yeni təyin olunublar. Sergey Lavrov xarici işlər, Sergey Şoyqu müdafiə, Denis Manturov sənaye və ticarət, Vladimir Kolokoltsev daxili işlər, Aleksandr Novak energetika, Anton Silunov maliyyə, Yevgeni Zinçev mülki müdafiə və fövqəladə hallar naziri vəzifələrində qalıblar. Mixail Muraşko səhiyyə, Maksim Reşetnikov iqtisadi inkişaf, Maksud Şadayev rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar, Olqa Lyubimova mədəniyyət naziri vəzifələrinə yeni təyin ediliblər. Valeri Falkov elm və ali təhsil, Aleksandr Kozlov uzaq şərqin inkişafı, Dmitri Kobılkin təbii ehtiyatlar və ekologiya, Konstantin Çuyçenko ədliyyə, Vladimir Yakuşev inşaat, Yevgeni Ditrix nəqliyyat, Dmitri Patruşev kənd təsərrüfatı, Anton Kotyakov əmək və əhalinin sosial müdafiəsi, Oleq Matıtsin idman naziri vəzifələrini tutublar.
Son bir həftədə Rusiya prezidenti Vladimir Putinin bu qərarı ciddi şəkildə müzakirə olunur. Bunu doğuran səbəblər barədə ən müxtəlif ehtimallar səsləndirilir. Qərbin getdikcə artan sanksiyalarının fonunda Kreml sahibinin belə bir qərar verdiyi qeyd olunur. Eyni zamanda bunun demokratiyanın təzahürü olub-olmadığı yönündə suallar səslənməkdədir.
Politoloq Əhəd Məmmədli hesab edir ki, Rusiyada hökumətin yenidən formalaşdırılması Putinin hakimiyyətdə qalmasına xidmət edir: “Bildiyiniz kimi, bu, Putinin sonuncu prezidentlik müddətidir. Bundan sonra Putin prezident seçilə bilməz. Çünki buna Rusiya Konstitusiyası imkan vermir. Putin də bildirib ki, konstitusiyanı dəyişmək fikri yoxdur. Ona görə də Putinin hakimiyyətdə qalması üçün baş nazir və parlament səlahiyyətləri qaldırılır. Bu şayiələr bir müddətdir gedirdi ki, Rusiya prezident üsul – idarəsindən parlamentli idarəçiliyə keçəcək, Putin baş nazir olacaq. O, vaxtilə Sərkisyanın etmək istədiyini, amma edə bilmədiyini etmək istəyir. Təbii ki, Rusiya kiçik Ermənistan deyil. Orada inqilab baş versə, dövlətin süqutuna gətirib çıxara bilər. Həmçinin, görünür, Putin özünə layiqli varis tapmadığı üçün bu cür demokratikləşməyə getməyə məcburdur ki, bir müddət də iqtidarı öz əlində saxlaya bilsin. Rusiya dəyişikliyə hamilədir. Bunu Putin də, ətrafı da görür. Görünür, dəyişikliyin küçələrdən başlamaması üçün yuxarılardan başlamağa qərara veriblər. Tarixə nəzər yetirsək görərik ki, Rusiyada nə vaxt parlamentar üsul-idarə gücləndirilib, bu ölkədə çox güclü siyasi kataklizmlər baş verib. Parlamentin güclənməsi çar Rusiyasının da, kommunist Rusiyasının da dağılmasına gətirib çıxarıb. Fikrimcə, eyni aqibət Rusiya Federasiyasını gözləyir. Şimal qonşumuz sanksiyaların ən çətin dönəmini keçdi. Qərbin sanksiyaları ilə Rusiya kimi böyük dövləti çökdürmək mümkün deyil, amma hansısa dəyişikliklərə yönəltmək olar”.
Politoloq sanksiyaların Rusiyaya təsirsiz ötüşmədiyini də qeyd etdi: “Təbii ki, sanksiyaların nəticəsində rubl düşdü, sosial vəziyyət gərginləşdi, neft ucuzlaşdı. Bütün bunlara səbəb kimi də etiraz elektoratı böyüdü. Rusiyadakı son mitinqlər də buna əyani sübutdur. Düzdür, Qərbin sanksiyaları da lazımi səviyyədə olmadı. Almaniya, Fransa və İtaliya Rusiya ilə əməkdaşlığı pozmadı, əksinə, gücləndirdilər. Avropa Şurasında isə Rusiyanın səs hüququ qaytarıldı. Rusiya Federasiyası məcburən demokratikləşir, bu da onun süqutuna gətirib çıxaracaq. Çünki Rusiya ilə Çin elə dövlət quruluşuna malikdirlər ki, onlar demokratikləşməyə başlasa, məhv olacaq. Yuxarıda qeyd etdiyim kimi, Rusiya demokratikləşsə, çar və Sovet Rusiyasının aqibətini yaşayaraq dağılacaq. Görünür, Putin Rusiyası obyektiv və subyektiv səbəbdən bu cür islahatlara məcburdur. Sovet Rusiyasının süqutunu gördüyümüz kimi, Rusiya Federasiyasının dağılmasını da görəcəyik. Necə ki, SSRİ-nin süqutu dünya və region ölkələrinin xeyrinə oldu, şübhəm yoxdur ki, Rusiyanın dağılması dünya və region üçün daha da müsbət olacaq. Türkiyə və Azərbaycan bu cür gedişata indidən özünü hazırlamalıdır. Unutmayaq ki, rus dövlətçiliyi böyük türk imperiyası Qızıl Ordanın qalıqları üzərində qurulub. Rusiyanın qalıqları üzərində də yeni türk-müsəlman cümhuriyyətləri qurulacaq”.
Cavanşir ABBASLI,
“YM”