Putinin aşpazı necə siyasi təxribatçı oldu…

0
894

Rusiyanın Qərblə virtual savaş aparan şirkətinin ABŞ şəbəkəsinə azərbaycanlı rəhbərlik edirmiş…

Rusiyanın, daha dəqiq desək, Vladimir Putinin dünya siyasətində durmadan artan nüfuzu Amerika mətbuatında yenidən gündəmdədir. Rəsmi Vaşinqtonun gizli göstərişi əsasında ABŞ-dakı sosial şəbəkələr-ilk növbədə facebook, google və twitter şirkətləri “Rusiya izi” mövzusunda daxili araşdırmalar aparıb nəticələrini mətbuata çıxarıblar. Məşhur “The New York Times”  qəzeti mövzunun ucunu tutaraq gedib, necə deyərlər, lap ucuzluğa. Sosial şəbəkələrdəki rusyanlıları, casusları, troll-şirkətləri barədə uzun-uzadı, düz bir palazlıq geniş məqalə nəşr edib öz səhifələrində.

Məqalədən kiçik çıxarışları indi diqqətinizə çatdırıram: “Son zamanlar Rusiya nəzarətindəki troll-şirkətlər, saxta elektron ünvanlar facebookda 126 milyon müxtəlif məlumat, elan, dezinformasiya, təbliğat nümunəsi yerləşdiriblər… Oxşar vəziyyət  İnstagram səhifələrində də özünü göstərir – Rusiya azarkeşləri burda lap ağ ediblər. 2015-ci ildən 2017-ci ilədək Moskva yönümlü 120 min məlumat yerləşdiriblər bura. Saxta sənədlər, məlumatlar 29 milyon istifadəçinin başını gicəllədib… Googledə Rusiya ilə əlaqəli 18 kanal aşkarlanıb. 1,1 videogörüntü yasaqlanıb… Twitterdə Rusiyadan idarə olunan 36 min avtomatik akkaunt mövcuddur. El arasında belə ünvanlara ”bott” deyirlər. Bu “bott”lar indiyədək Rusiya mənafeyinə 1, 4 milyon twitt yayıblar… ”

Bəli, Qərblə indiki qarşıdurmasında Rusiya ən yeni, ən modern, futuristik siyasi, elektron texnologiyalardan geninə-boluna istifadə edir. Ötən əsrdə Rusiya oxşar təbliğatı Kommintern, kommunist beynəlmiləlçiliyi vasitəsilə həyata keçirib Qərbi siçan dəliyinə dürtmüşdü. Kiçik kosmetik təmirdən sonra eyni xətt yenidən istifadədir.

trol2.jpg (89 KB)

Təbliğat bircə vahid məxfi mərkəzdən, Sankt-Peterburq, Savuşkin küçəsi 55 ünvanından aparılır. “İnternet-araşdırma agentliyi” adı altında fəaliyyət göstərən bu məxfi ünvan üzərindən qalın pərdəni qaldırmasaq, heç nə. Yelkənimiz, səmt küləklərindən kənarda qalacaq. Dünya-aləmdən xəbərsiz qalıb öz şansımızı qaçıracağıq.

DOSYE:  “İnternet-araşdırma agentliyi”. Hüquqi adı “Qlavset”. Yaranma tarixi: mart 2014. Təsisçisi-Mixail Bısrtrov. Yüksək çinli sabiq milis işçisi.

Mixail Bıstrov ancaq kağız üzərində bu troll-şirkətin sahibidir. Əsl sahib isə o deyil. Yevgeniy Proqojindi. Əvvəlllər o, Putinin şəxsi aşbazı olub Kremldə. Sonra keçib siyasi kulinariyaya.

ŞTATDAKI İŞÇİLƏRİN SAYI: 400 nəfər. İş günü gecə-gündüzdür. 12 saat bir dəstə işləyir, 12 saat digər dəstə.

MAAŞ: Pis deyil. Aşağı-yuxarı adambaşı ayda 40-50 min rubl həcmindədir.

HƏDƏF: Hər cür siyasi təxribatlar. Xüsusən ABŞ-a qarşı. Yalançı, fake xəbərlərin istehsalı və yayımı. İndi də facebook, twitter səhifələrindəki ruspərəst təxribatları məhz bu şirkət həyata keçirir.

Misal üçün, gündəmdə Boris Nemtsovun qətli əsas mövzudur. Jurnalistlərə tapşırılır öz barmaqlarını mövzunun nəbzi üzərində saxlasınlar. İddia etsinlər Nemtsovu guya elə öz həmkarları öldürüb. Guya əmr də, killerlər də Nemtsovun son sevgilisi Anna Duritskaya kimi Ukraynadan gəliblər.

Gün ərzində jurnalistin hər biri burda 126 “komment” yazıb, sosial şəbəkələrdə yerləşdirməlidir. İşçilərə gün ərzində müftə “energetik” içkilər paylanılır. İçkinin resepti Putinin aşpazı Yevgeniy Priqojinə məxsusdur. Tərkibi tam məxfidir.

Şirkətin “Şimali Amerika” şöbəsində işləmək sadə deyil. Gərək ingiliscən mükəmməl olsun. Gərək səhvsiz yazasan öz komment, twitlərini. Səhər çağı jurnalistlər arasında  “The Wall Street Journal”, “The New York Times”, “CNN”, “The Daily Beast” saytlarındakı vacib mövzular bölüşdürülür. Tapşırılır ki, jurnalistlər bu saytlara girib orda ağızlarına gələni yazsınlar. Nümunə: Şarlott şəhərindəki irqi qarşıdurmanı (2016, 22 oktyabr), deyilənə görə, məhz bu ünvan qızışdırıb. Yüz minlərlə qaradərilini etiraz nümayişlərinə təhrik edib. Minlərlə, milyonlarla şərh yazıb bu barədə.

troll3.jpg (36 KB)

***

ŞİRKƏTDƏKİ AZƏRBAYCANLILAR: Şirkətin ABŞ şəbəkəsinə həmyerlimiz, 27 yaşlı Ceyhun Aslanov rəhbərlik edir. Sibirin Ust-Kut şəhərində doğulmuş bu gənc indi Rusiyanın bir saylı piar mütəxəssisidir. ABŞ üzərinə haker hücumlarını da məhz o hazırlayıb. ABŞ-da polislər onu əli çıraqlı axtarırlar. Deyilənə görə Trampı prezident edən Putin deyil, ABŞ seçicisi deyil…

Bəs kimdir?

Desəm inanmazsız. Məhz bu 27 yaşlı həmyerlimiz.

Sankt-Peterburqa 2000-ci illərin əvvəlində Sibirdən gəlmiş bu nadir istedad sahibi, şəhərdəki Hidrometeoroligiya Universitetində təhsil alıb. İşinə hava barədə proqnozlarla başlayıb. Sonra bu proqnozların təyinatına siyasi rəng qatıb. 2009-cu ildə bir neçə ay ABŞ-da öz bəxtini sınayıb. Görüb yox eyy, bura Ceyhunun yeri deyil. Əclafların yeridi. Qayıdıb əli ətəyindən uzun geriyə. Vətəninə. İki şəxsi internet şirkəti var. Biri, “Azimut” adlanır. Maliyyə dövriyyəsi az deyil-29 milyon rubl. Çoxdan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti altındadır. Facebokdakı şəxsi səhifəsi məhz ABŞ əks-kəşfiyyatçıları tərəfindən qapadılıb.

***

Ceyhun Aslanov şirkətə gəldiyi 2015-ci ildən sonra buradakı işçilərin sayı iki dəf artaraq gəlib 800-900 nəfərə çatıb. Ceyhun təkcə komment, twitlərlə kifayətlənən deyil. O, videoçəkilişlərə, reportajlara, aldadıcı hər cür oyunbazlığa xüsusi önəm verəndi. Rəhbərlik etdiyi ABŞ şöbəsində 80-90 nəfər yüksək səviyyəli piar mütəxəssisi çalışır. Maaş fondu burda çox yüksəkdir – ildə təxminən 1 milyon dollar. Ceyhunun öz maaşı ayda 120 min rubl həcmindədir.

KİÇİK HAŞİYƏ: Ceyhun şirkətə gəldikdən sonra, facebookda saxta 500 akkauntun reklamına 2015-dən 2017-nin mayına qədər 100 min dollar pul xərclənib. Xərclər özünü doğruldub. ABŞ, uzun fasilədən sonra yenidən irqi qarşıdurmalara sürüklənib.

Ceyhunu Kataloniya böhranının müəllifi sayanlar da var. İddia olunur ki, bu böhran da Piterdəki Savuşkin 55 ünvanından idarə edilir.

troll6.jpg (10 KB)

***

ABŞ əks-kəşfiyyatı, təbii, biganə qalmır Ceyhun Aslanovun bu təxribatlarına qarşı. Şirkətə qarşı öz ilk əks-əməliyyatını elə düşmən ərazisində-Rusiyada təşkil edir. Lyudmila Şevçuk adlı bir gənc jurnalisti göndərir bu ünvana. Qız bir gözüylə Ceyhunu möhkəmcə güdür əvvəlcə. Digəri ilə şirkətdəki iş rejimini, işçilərini qeydə alıb bildiklərini ötürür okeanın o tayına-ABŞ-a.  “Dojd” telekanalı da biganə qalmır mövzuya. Şirkətdən fərarilik etmiş Maksim adlı bir jurnalistdən geniş müsahibə alıb aləmi qatır bir-birinə.

Sonrakı qızğın müzakirələrə ağır çəkili digər jurnalistlər də qatılır. İnişil “New York Times Magazine”də nəşr edilmiş “The Agency” (agentlik) adlı bir məqalədən sonra açılır sandıq, tökülür pambıq. Müəllif-tanınmış jurnalist  Adrian Çen neynir orda? Heç nə. Ceyhun Aslanovun abrını bükür ətəyinə. Söhbətini başlayır Putinin aşpazı Priqojindən. Deyir: “Stalin barədə vaxti ilə bir ifadə vardı – bu şəxs çox acı xörəklər bişirəcək. Eyni sözü mən indi Sankr-Peterburq, Savuşkin 55-də qeydə alınmış bu troll şirkət barəsində söyləyərdim”.

***

Ceyhun Aslanova qarşı mümkündür ki, ABŞ-da cinayət araşdırması başlansın. Savuşkin 55 ünvanında yerləşən Rusiya troll kompaniyasına qarşı ABŞ-da cinayət tədqiqatı aparılır. Ceyhun siyahıda bəklə də birinci sıradadır. O, özü kimi digərləri ilə birgə, gör bir nədə – ABŞ-da prezident seçkilərinə kobud müdaxilədə ittiham edilir!

ABŞ Senatında müvafiq dinləmələr artıq start götürüb. Ağır çəkili facebook, google və twitter şirkəti nümayəndələri artıq bu dinləmələrə dəvət alıblar.

troll7.jpg (12 KB)

Trampın seçki kampaniyasından Pol Manafort artıq özünü dövlətə təslim edib. Qeyri-rəsmi məlumatlara  görə ona, habelə sövdələşmənin digər iştirakçısı Rik Qeytsə qarşı ciddi ittihamlar irəli sürülüb. Bu hələ, necə deyərlər, “jurnal”dı. “Kino” isə irəlidədir.

Manfortun  sabiq Ukrayna prezidenti Yanukoviçə işləməyi artıq faktdır. Qalır indi onun Putinlə Ceyhun Aslanovla əlaqələrini axtarıb tapmaq.

Araşdırmalara linqvist-dilçilər də cəlb edilib. Kolumbiya Universitetinin filoloqları  facebook, Instagram, twitterdəki minlərlə saxta mesajı öyrənib qərara gəliblər – “Statusların, kommentlərin müəllifləri ingilisdilli ABŞ vətəndaşları deyil. Əsl müəlliflər zır ruslardı. 120 belə şəbəkə artıq ifşa edilib. Bərpa edilmiş gizli serverlərin qeydiyyat nömrəsi  Rusiya kodu ilə, yəni ”+7″ nömrəsi ilə başlayır”.

***

Ceyhun Aslanovun ruslar gərək bir gün qızıldan  heykəlini töksün. Altı aya ABŞ-da 40-a yaxın dövlət əleyhinə nümayiş hazırlamaq, razılaşın, hər adamın işi deyil. Desəm nə qədər pul xərclənib, buna ruslar tərəfindən bişmiş toyuğun gülməyi gələr lap. Cəmi (!) 5 milyon rubl, yəni aşağı-yuxarı 80 min dollar!!!

Ancaq elə düşünməyin oxşar məxfi troll şirkətləri NATO ölkələrində yoxdur. Var. Rusiya trolları ilə mübarizə mərkəzi Riqada, NATO strateji kommunikasiyalar mərkəzində yerləşir. Eyni məzmunlu mərkəzlər Estoniyada, Ukraynada da az deyil. Pentaqon oxşar təbliğata ildə 27 min öz əməkdaşını cəlb edir. 4 milyard 700 milyondan çox dollar xərcləyir ildə özünün bu layihəsinə.

“The Gardian” qəzetinin verdiyi son məlumatlara görə ABŞ ordusu tezliklə xüsusi bilgisayar proqramı ilə təchiz olunacaq. Bu, əks-təbliğata geniş imkan yaradacaq.

Zərbənin ana hədəfi düşmənin real deyil, bilgisayarlardakı virtual əraziləridir. Gələcəyi gözləyək. Görək Ceyhunla amerikalıların virtual savaşları bu dəfə kimin qələbəsi ilə nəticələnir.

Bu gün real ərazilər deyil, virtual ərazilər ölkələrin gələcək  taleyini həll edir.

Azərbaycan da bu barədə düşünüb öz virtual ordusunu yaratmalıdır.

Həmid HERİSÇİ

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin