Putin niyə Nazarbayev yolu getmədi? – Ömürlük prezidentlik seçiminin detalları

0
570

Martın 11-də Rusiya Dövlət Dumasında konstitusiyaya düzəlişlər səsverməyə çıxarılarkən, Yaroslav vilayətindən deputat, ilk qadın kosmonavt Valentina Tereşkova tribunaya qalxır və konstitusiyaya təklif edilən düzəlişlər paketinin ya indiki prezidentə yenidən prezident seçilmək imkanı yaradılmasını, ya da prezidentlik müddəti üçün qoyulan məhdudiyyətin sıfırlanmasını təklif edir. Alqışlar qopur.

Yanvarda konstitusiya düzəlişləri ortaya çıxanda deyirdilər ki, hazırkı prezident Vladimir Putin hakimiyyətdə qalmağın hüquqi yollarını axtarır. Bir neçə variant vardı: Dövlət Şurasının sədri, genişləşdirilmiş səlahiyyətli Duma spikeri və sair. Amma Tereşkovanın gözlənilməz təklifindən məlum oldu ki, Putin hakimiyyət iddiasını dolayısı ilə deyil, birbaşa ortaya qoymağa qərar verib.

Tereşkovanın təklifini dəyərləndirən Putin deyir ki, iki dəfəlik müddət qalsın, amma onun prezident yarışında yenidən iştirakının önünün açılmasına etirazı yoxdur. Bir şərtlə ki, Konstitusiya Məhkəməsi ali qanuna zidd olmadığını bəyan etməlidir. Yaxın günlərdə Konstitusiya Məhkəməsinin hansı qərar verəcəyini biləcəyik, Moskvada isə “ömürlük prezident”ə qarşı aksiyalar başlayıb, həbslər var.

Putin hakimiyyətdə qalmaq istəməsini birmənalı bəyan etməyib, amma onun əbədi prezident olacağı barədə artıq Qərbdə də, Şərqdə də danışırlar.

Tofiq Abbasov: ile ilgili görsel sonucu

Tofiq Abbasov: “Rusiya üçün güclü hakimiyyət vacib amildir, köklü dəyişikliklər baş verməyəcək”

Siyasi analitik Tofiq Abbasovun “Yeni Müsavat”ın bildirdiyinə görə, Rusiyadakı proseslərin müqəddəratı referendumda həllini tapacaq. Onun fikrincə, Putinin Nazarbayev yolu gedəcəyi gözlənilirdi, lakin proqnozlar özünü doğrultmur: “Rusiya prezidenti açıq mövqe ilə çıxış elədi. Qazaxıstandakı dəyişikliklər, Nazarbayevin prezidentlikdən könüllü getməsi, elbaşı səviyyəsinə qalxması ilə bağlı proqnozlar varıydı. Digər dövlətlər və o cümlədən Rusiya bu yolla gedə bilərdi. Hətta iddialar səslənirdi ki, Nazarbayev Putinlə məsləhətləşəndən sonra varis elan edib. Ola bilsin ki, bu söhbətlər həqiqətə uyğun olmayıb. Sadəcə, Nazarbayev Putinə inandığı üçün niyyətini danışıb. Çünki Qazaxıstan-Rusiya münsibətləri sıxdır. Amma Rusiya hər zaman güclü mərkəzi hakimiyyətə söykənib. Yəni Rusiya üçün güclü hakimiyyət vacib amildir”.

T.Abbasov qeyd etdi ki, çoxluq Rusiyada güclü mərkəzin qalmasını məqbul sayır: “Rusiyada liberallar, müxtəlif fikirli siyasətçilər var. Onların arasında Qərbdən müəyyən meyllərin gəlməsini, məsələn, həmcinslərin evlənməsi tərəfdarı olanlar var. Bu isə Rusiyanın mentalitetinə uyğun deyil. Qərbdən Rusiyaya təsirlər var, liberal düşüncəli adamlar nəzarət mexanizminə azadlıq istəyirlər. Amma köklü dəyişikliklər baş verməyəcək, Rusiyada prezident üsul-idarəsi qalacaq, Putin üçün yenidən ”yaşıl işıq” yandırılacaq”.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Ramiyə Məmmədova: “Putin prezident səlahiyyətlərinin bölüşdürülməsindən ehtiyat etdi”

Politoloq Ramiyə Məmmədova isə hesab edir ki, Putin prezident səlahiyyətlərinin bölüşdürülməsindən ehtiyat edib: “Putinin konstitusiyaya dəyişikliklər təklifindən sonra hökumətin istefaya getməsi Rusiyada yeni idarəetmə modelinin gələcəyini göstərirdi. Konstitusiya islahatları parlamentin aşağı palatasına, Dövlət Dumasına, baş nazir və kabinetin təyin edilməsi üçün daha böyük məsuliyyət verilməsini özündə ehtiva edir. Hətta rus analitiklərin fikrincə, hakimiyyət Federasiya Şurası, Duma və Dövlət Şurası arasında bölüşdürüləcəkdi. Onun Dövlət Şurasının fəaliyyətini gücləndirmək və qanunlarda əxz etdirmək ideyası vardı. Amma deyəsən, Putin belə riskə getmək istəmədi, çətin yol seçmək fikrindən daşındı və artıq ömürlük prezidentlik yolu açılır”.

Siyasi şərhçinin sözlərinə görə, Konstitusiyaya Məhkəməsi indiki düzəlişləri nəzərdən keçirib qərar verməlidir: “Konstitusiya Məhkəməsinin də həmin variantı dəstəkləməsi şübhə doğurmadığından Putin Rusiyanı uzun illər idarə edə bilər. Bu gün Moskvanın üzləşdiyi problemlər, geosiyasi şərait, Suriya, Liviya məsələləri, ABŞ-la olan ”soyuq müharibə” və s. faktorlar Putinin hələ bir müddət də hakimiyyətdə qalmasını diktə edir. Yəni Rusiyada alternativ lider görünmür”.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin mayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci il seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Emil SALAMOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin