Prokurorun hamam macəralarında adı keçən qadın məhkəmə salonunda həbs edildi

0
542

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə sabiq prokuror  Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Noyabrın 25-də keçirilən prosesə təqsirləndirilən Sahilə Məmmədovanın gəlməyib. Bildirilib ki, onunla əlaqə saxlanılıb və 10 dəqiqəyə məhkəməyə çatacaq. Hakim Sahilə Məmmədovanın gözlənilməsi üçün 10 dəqiqə fasilə elan edib. Fasilədən sonra davam etdirilən prosesdə hakim bildirib ki, bundan əvvəlki proses də təqsirləndirilən xanımın məhkəməyə gəlməməsi səbəbindən təxirə salınıb. Hakimin deyib ki, hazırkı məhkəməyə də təqsirləndirilən şəxs gecikib və barəsində həbs qəti imkan tədbirinin seçilməsini təklif edib.
Prokuror qəti imkan tədbiri seçilməsi üçün məsələni məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Zərərçəkmiş Tariyel Qurbanovun nümayəndəsi Adəm Məmmədov deyib ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmir, məhkəmənin işini pozur. O, təqsirləndirilən şəxsin barəsində həbs qəti imkan tədbirinin seçilməsinin istəyib.
Sahilə Məmmədovanın vəkili isə deyib ki, müdafiə etdiyi şəxsin azyaşlı uşağı var, onun bağışlanmasını istəyib.
Müşavirə otağına yollanan hakim heyəti Sahilə Məmmədovanın barəsində həbs-qəti imkan tədbiri seçildiyini elan edib. Sahilə Məmmədova prosesə gələndən sonra məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Sahilə Məmmədovanın barəsində istintaq zamanı ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda, həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər. Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

E.Məmmədəliyev

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin