“Prezidentlə xanımı dərhal məsələni nəzarətə götürdü” – Tahir Salahovun qızı+Video

0
37
Ötən həftə vəfat edən Azərbaycanın Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova “Qafqazinfo”ya müsahibə verib.
O, müsahibəsində atası ilə bağlı xatirələrini bölüşməklə yanaşı, tanınmış rəssamın həyatının son illəri ilə bağlı da məlumat verib.
A.Salahovanın sözlərinə görə, atası həyat yoldaşının ölümündən sonrakı son yarım ildə Moskvada yaşayıb:
“Mən onunla yaşayırdım və atamla yaxın söhbətdən böyük zövq alırdım. Həmişə dünyanın müxtəlif yerlərində olurduq, o Bakıda, mən İtaliyada, hərdən Moskvada görüşürdük. Qısa ünsiyyətimiz olurdu, 1-2 gün. Əlbəttə ki, pandemiya dövründə onunla görüşmək çox çətin idi. Bir dəfə keçən il görüşdük, o Berlində olanda mən İtaliyadan avtomobillə gəlmişdim. Həmin il təkcə yanvarda, avqustda bizim çox yaxın və yaxşı ünsiyyətimiz olurdu. Möhtəşəm idi, onunla çox maraqlı idi. Mən buna görə çox xoşbəxtəm”.
Aydan Salahova müsahibəsində atasını müayinə üçün Berlinə yola salmasından, elə o şəhərdə vəfat etməsindən də danışıb:
“Axırıncı dəfə getməzdən əvvəl mən İtaliyaya, o isə müayinələr üçün Berlinə gedirdi, onda onun heç bir problemi yox idi. Getməzdən əvvəl biz Moskvadakı Bakı Bulvarı restoranında nahar etdik. Sonra mən onu hava limanına yola saldım. Daha sonra onu mayın 20-si gördüm. Onda İtaliyadan Berlinə gəlmişdim. O zaman  artıq özünü yaxşı hiss eləmirdi. Məni tanıdı və nəsə demək istəyirdi. Onunla söhbət elədim, sakitləşdirdim. Hər şeyin yaxşı olduğunu və sabah səhər tezdən gələcəyimi dedim. Təəssüf ki, o gecə vəfat etdi”.
Atası ilə bağlı xatirələrini bölüşən rəssam Salahova bunları deyib:
“Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda müəllimlik etdiyi vaxtlara dair xatirələr var. Biz əlbəttə ki, ondan çox qorxurduq. Məsələn rəsmi bir aya hazırlayırdın, sonra o gəlib deyirdi: Belə, mənə qara boyanı verin. Bu, ən qoruxulu an idi. Və düzəlişlər eləməyə başlayırdı. Fiquru sola çəkirik, bunu sağa, buranı qısa edirik, buranı isə uzun.
Və bundan sonra çəkmək üçün daha bir ay lazım olurdu. 10 gün sonra isə baxış olacaqdı. Bu anda hamı qorxurdu. Ancaq sonra o hər şeyi yenidən qurduğu üçün başa düşürdük müəllim haqlıdır və necəsə hər şeyi yenidən sürətlə çəkirdik. Ancaq onun qara boyanı istədiyi an ən qorxulu an idi, fırçanı götürürdü və o an baş verəcək dəhşətə görə hamının ürəyi dayanırdı.
O möhtəşəm bir müəllim idi. Yəni o heç vaxt rəssam ata kimi əsərin konsepsiyasına qarışmırdı, həmişə görüntü üzrə düzgün məsləhətlər verirdi. Ancaq rəssamı məhdudlaşdırmamaq üçün heç vaxt ideyaya qarışmırdı. Yəni həm ciddiyyət, həm də azadlıq var idi”.
Aydan Salahova Xalq rəssamının vəfat etməsindən sonra təşviş içində olduğunu bildirib. O, həmin an nə edəcəyini bilmədiyini söyləyib. Rəssam qızının narahatlığı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində aradan qalxıb. O, buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib:
“Atam rəhmətə gedəndə bütün baş verənlər dəhşət, çaşqınlıq, faciə idi. Mən tək Berlində və vəfat etmiş atam… Bu, ən qorxulu an idi. Nə edəcəyinizi bilmirsiniz. İlk ağlıma gələn şey Polad Bülbüloğluna zəng eləmək oldu.
Dərhal Prezident İlham Əliyev və Mehriban xanım məsələni nəzarətə götürdü və tapşırıqlar verdi. Və müvafiq olaraq bütün sistem hərəkətə keçdi, kömək gəldi. Mən həqiqətən heç nə ilə məşğul olmadım.
Dövlətin bu cür köməyi və dəstəyi inanılmazdır. Prezident İlham Əliyevə, Mehriban xanıma, dövlətə və millətə çox minnətdaram ki, milli dəyərinə münasibətdə hər şey bu cür təşkil olundu. Hər ölkə milli qürur mənbəyi olan insanı bu cür qiymətləndirə bilmir. Başa düşürsünüz?! Bu, çox möhtəşəmdir. Və onun dəfn oluncağı yer, ümumiyyətlə, hər şey…
Biz hələ onun büstü barədə fikirləşməmişik, hələ ki, ailə üzvləri arasında müzakirə olunmayıb. Bu haqda yavaş-yavaş düşünməyə başlayırıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin