Prezidentin Soçi uğuruna Aşqabad “möhürü” – Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır

0
146

44 günlük Vətən müharibəsi ilə öz ərazisinin işğalına son qoyan, Ermənistana kapitulyasiya aktı imzalatdıran Azərbaycan hərbi qələbəsini diplomatik qələbəyə və siyasi kapitala çevirməyə, maddiləşdirməyə uğurla davam edir. Aşqabadda Prezident İlham Əliyevin də qatıldığı İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı bu xüsusda növbəti mühüm və yadda qalan hadisə sayıla bilər.

Rəsmi Bakı getdikcə daha böyük siyasi arealda və diplomatik meydançalarda, mötəbər tribunalarda öz haqq sözünü deyir, mövqeyini bəyan edir. Təkcə demir, eyni zamanda, get-gedə daha geniş və birmənalı güclü dəstək, tərəfdaş qazanır. Özü də konkret sənədlər və qətnamələr şəklində və həm də Ermənistanın formal müttəfiqləri sayılan ölkələr tərəfindən. 10 ölkəni (Azərbaycan, Türkiyə, Pakistan, İran, Əfqanıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan) birləşdirən və baş katibliyi Tehranda yerləşən (baş katib Xusrav Noziri – Tacikistan) İƏT də istisna olmadı.

Qeyd edək ki, 1992-ci ildə quruma üzv olan Azərbaycan onun fəal üzvlərindəndir və digər üzv dövlətlərlə birgə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Məsələn, hazırda ölkəmiz Qoşulmama Hərəkatının dönəm sədridir və sədrlik dönəmində bu qurum Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra mühüm ilklərə, o sırada pandemiya ilə mübarizədə tarixi təşəbbüslərə imza atıb. Həmin təşəbbüslər BMT səviyyəsində xüsusi sessiyalarda müzakirəyə çıxarılıb. Müxtəlif səviyyələrdə qərarlar qəbul olunub. Yeri gəlmişkən, COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan dünyada haqlı olaraq, artıq nümunəvi dövlətlərdən biri kimi tanınır. Ölkəmiz bu bəla ilə nəinki sırf öz resursları hesabına uğurla mübarizə aparır, habelə Prezidentin Aşqabad çıxışında vurğuladığı kimi, onlarla ölkəyə maddi yardım edib.

Azərbaycan həmçinin qardaş Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstanla birgə Türk Dövlətləri Təşkilatında təmsil olunur. Bu xüsusda İƏT-ə sədrliyin bu gün Türkmənistandan Özbəkistana keçməsi əslində prinsipial önəm daşımır. O mənada ki, Azərbaycan Türkmənistan kimi Özbəkistanla da çox yaxın dostluq münasibətlərinə malikdir.

Ən əsası, Azərbaycanın bu qurumların hamısında məxsusi, vazkeçilməz, hətta açar rolu var. Bu, təkcə ölkəmizin coğrafi mövqeyinə və ya Türk dünyası üçün, böyük bir coğrafiya üçün ötürücü, təşəbbüskar roluna, energetik önəminə görə deyil, həm də onun siyasi rəhbərliyinin illərdir apardığı ağıllı, ölçülü-biçili, uzaqgörən və balanslı siyasətinin nəticəsi olaraq belədir. Bu kontekstdə Aşqabad sammitində tezliklə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağının qabardılması rəsmi Bakının siyasi aktivinə yazılacaq gəlişmədir.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyev hələ 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin martında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Demək, Azərbaycanın açar ölkə statusu, siyasi və logistik mərkəz qismində rolu daha da möhkəmlənmiş olacaq ki, bu da post-müharibə dönəmində beynəlxalq arenada milli maraqlarımızın daha effektli müdafiəsi üçün əlavə zəmin yaradacaq, Qarabağda böyük quruculuq prosesinə yeni təkan, stimul verəcək. Soçi görüşünün ardınca İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan etməsi, bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyini söyləməsi qənaətimizi bir daha təsdiqləyir.

Artıq qeyd olunduğu kimi, son illər Azərbaycan faktiki surətdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması ilə bölgənin nəqliyyat sektorunda sözsüz ki, yeni imkanlar açılacaq və bundan təkcə İƏT, Türk Dövlətləri Təşkilatı yox, 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatının bir çox başqa üzvləri də faydalana biləcək. İqtisadi bağların qarşılıqlı şəkildə artması isə ölkələrimiz arasında siyasi bağları da artıracaq ki, bu da öz növbəsində üzv ölkələrin milli və energetik təhlükəsizliyini möhkəmlədəcək.

Azərbaycan Prezidenti Aşqabad sammitində, habelə ərazilərimizin işğaldan azad olunmasından sonra bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlandığını və Azərbaycan bunu sırf özünün maliyyə resurslarına arxalanaraq həyata keçirməkdə olduğunu söylədi. Hər şeyin sıfırdan başlanaraq, yeni şəhər və kəndlərin salınmasına start verildiyini vurğuladı. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” bölgələri elan olunub. Məhz bu kimi uğurlu layihələrə və işlərə, təşəbbüslərə görə Azərbaycan lideri haqlı olaraq artıq İƏT-də də “qurucu lider” kimi tanınıb.

İlham Əliyev Aşqabaddakı çıxışında həmçinin erməni işğalı altında olmuş ərazilərdə bütün şəhər və kəndlərimizin, mədəni-dini irs abidələrimizin Ermənistan tərəfindən yerlə-yeksan edilməsini, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlərin dağıdılmasını, orada donuz və inək saxlanmasını, qəbiristanlıqları görünməmiş vandalizmə məruz qoyulmasını bir daha yada salaraq, sammit iştirakçılarının diqqətinə çatdırdı. Bununla belə, Prezidentin Soçi sammitində də bəyan elədiyi kimi, Azərbaycan tarixin bu səhifəsini çevirmək istəyir və suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında qalib ölkə kimi məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət edir. Soçi görüşündən sonra Ermənistanda bu çağırışa artıq müsbət reaksiyalarının müşahidə edilməsi müəyyən ehtiyatlı optimizmə əsas yaradır.

Aşqabad sammitinə gəlincə, Zirvə Görüşündə qəbul edilən sənəddə milli maraqlarımıza tamamilə səsləşən bir sıra müddəalar əksini tapıb. O sırada sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Özü də təbrikə imza atan ölkələrdən üçü – Qazaxıstan, Qırğızıstan və türkdilli olmayan Tacikistan  Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir.

Bu da çox mühümdür ki, İƏT ölkələri Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılıb. Qurum çərçivəsində qəbul olunan hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin əksini tapması isə Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda da uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsi sayılmalıdır. İƏT sammiti və orada İlham Əliyevin çıxışı, edilən çağırış və verilən mesajlar, qəbul olunan yekun sənədlər və oradakı mühüm tezislər Prezidentin Soçi uğuruna Aşqabad akkordu qismində “möhür” vurulması kimi də qiymətləndirilə bilər…

Siyasət şöbəsi

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin