Prezidentdən sahibkarlara çağırış: “Vəsaitlərinizi xaricə aparmayın!”

0
1465

İlham Əliyevin “indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir” bəyanatını ekspertlər şərh etdi

Koronavirus pandemiyasının yaratdığı böhran şəraitində bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadiyyat investisiyalara kəskin ehtiyac duymaqdadır. Ölkənin böhrandan çıxması, iqtisadiyyatda bərpa prosesinin sürətlənməsi üçün ciddi maliyyə qoyuluşlarının olması ən vacib şərtdir. Nəzərə alsaq ki, pandemiya bütün dünyada böhrana səbəb olub, bu halda xaricdən investisiya cəlb etməyin çox çətin olacağını görə bilərik. Bu halda diqqət ölkə daxilinə – böyük şirkətlərə, maliyyə imkanları geniş olan sahibkarlara yönəlir.

Avqustun 24-də Biləsuvar və Saatlı rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edən Prezident İlham Əliyev bu məsələyə geniş toxunub. Bildirib ki, özəl sektorun inkişafı sərmayə tələb edir: “Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır – neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır”.

Prezident qeyd edib ki, bu şəraitdə əsas ümidimiz yerli investorlaradır: “İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR

İ.Əliyevin sözlərinə görə, Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır: “Hesab edirəm ki, biz ”Doing Business” proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır”.

Qeyd edək ki, Azərbaycana qoyulan birbaşa xarici investisiyalar 2016-cı ildən etibarən kəskin şəkildə azalıb. Yalnız 2019-cu ildə cüzi artım qeydə alınıb. Belə ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları 4,3 milyard dollar təşkil edib. Mərkəzi Bankın məlumatına görə, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,1 milyard dollar(28,1 faiz azalma) təşkil edib. Beləliklə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcmi 4,9 faiz artıb.

Xarici investisiyaların mühüm hissəsi neft-qaz sektoruna yönəldilib. Belə ki, 2019-cu il üçün tədiyə balansına görə, bu dövrdə birbaşa xarici investisiyaların 78,3 faizi neft-qaz sektorunun payına düşüb. Ötən il ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 930,1 milyon dollar (azalma 3,8 faiz), xüsusi çəkisi 21,7 faiz təşkil edib.

Maraqlıdır ki, ötən il Azərbaycandan xaricə qoyulan xarici investisiyalarda kəskin artım baş verib. İl ərzində Azərbaycan şirkətləri xaricə 2 milyard 431,7 milyon dollar (artım 38,1 faiz), o cümlədən neft-qaz sektoruna 978,8 milyon dollar (artım 54,5 faiz), digər sektorlara 1 milyard 452,9 milyon dollar (artım 28,9 faiz) məbləğində birbaşa investisiya yatırıb. Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyalar azalır, amma Azərbaycandan xaricə eyni sektora yatırımlar isə 30 faizə yaxın artıb. Bu, hələ rəsmi qeydə alınan investisiyalardır. Nəzərə alsaq ki, dolayı yollarla biznes fəaliyyəti ilə məşğul olan məmurların böyük əksrəyyəti əldə etdikləri vəsaitləri bilavasitə gizli yollarla xaricə yatırırlar, onda ölkədən kənara axan sərmayənin həcminin daha yüksək olduğunu söyləyə bilərik.

Dövlətin yardım ödənişləri hər bir müəssisənin bank hesabına ...

Vüqar Bayramov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, Azərbaycanın regionlarında əsas infrastruktur işləri, demək olar ki, başa çatıb: “Regionların inkişafı proqramları çərçivəsində infrastrukturun formalaşdırılması başa çatıb. Bu proses 2015-ci ildən regionlarda investisiyaların cəlbi üçün infrastruktur baxımından əlverişli şərtlərin yaradılması ilə sonuclanıb. 2015-ci ildən sonra Azərbaycanda aparılan islahatlar birmənalı şəkildə formalaşmış infrastrukturun dəyərə çevrilməsinə hesablanmışdı. Bu səbəbdən də regionlara həm yerli, həm xarici investisiyaların cəlbi əsas prioritetlərdən birinə çevrilib. Regionlara investisiyaların cəlbində yerli icra hakimiyyətlərinin mühüm rolu var, dövlət başçısı da hər dəfə bu hakimiyyətlərin rəhbərlərinə bunu xatırladır. Regionlara investisiyaların cəlbi müasir texnologiya və texnoloji yeniliklərin də ora çatması deməkdir. Bu, həm də yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması deməkdir”.

Millət vəkili deyir ki, dövlət maliyyəsi ilə son illərdə regionlarda sənaye müəssisələrinin yaradılması üçün addımlar atılır: “Amma özəl investisiya olmadan inkişafa nail olmaq mümkün deyil. Bunun üçün dövlət müxtəlif stimullaşdırma tədbirləri həyata keçirməlidir. Regionlara sərmayə qoyan sahibkarlar üçün əlavə təminatlar verilməli, onların kreditlərə çıxış imkanları genişləndirilməlidir”.

İqtisadçı-ekspert Pərviz Heydərov isə bildirir ki, sahibkarın vəsaiti investisiya şəklində hansı sahəyə, hansı ölkəyə yatırması onun biznes marağına, iqtisadi mənfəətinə və şəxsi istəyinə bağlı məsələdir: “Heç bir sahibkara öz vəsaitini hər hansı biznes sahəsinə, o cümlədən daxildə və ya xaricdə yatırması məsələsində maneə yaratmaq mümkün deyil. Bu, iqtisadi azadlıqlar prinsipinə zidd olar. Lakin əlbəttə ki, sahibkarların öz ölkəsinə vəsait yatırması daha məqsədəuyğundur: həm iqtisadi artıma, həm yeni iş yerlərinin açılmasın, nəhayət, Vətəninin inkişafına töhfə vermiş olurlar. Bu mənada dövlətin üzərinə düşən əsas vəzifə sahibkarları, biznesi ölkə daxilinə investisiya yatırmağa stimullaşdırmaq, onlara iqtisadi və biznes maraqlarına cavab verəcək mühit yaratmaqdır. Bu, heç şübhəsiz, yerli sahibkarların öz vəsaitlərini yerli iqtisadiyyata yatırmasına gətirib çıxaracaq”.

Ekspert: "SOCAR-ın əməliyyat effektivliyi əvvəlki səviyyədə qalıb"

Pərviz Heydərov

Ekspertin sözlərinə görə, yerli sahibkarları cəlb edəcək mühit formalaşan zaman xarici investorlar da Azərbaycana sərmayə qoymağa maraqlanacaqlar: “Yəni əlverişli mühit dərhal xarici investorları da cəlb edəcək və beləliklə də, iqtisadiyyat zəruri həcmdə qan – maliyyə əldə edə biləcək. Biz neft-qaz sektorundan kənar sahələrə investisiya cəlbini artırmaq yolunu seçmişik və bu seçimi reallaşdırmaq üçün zəruri olan mühiti formalaşdırmalıyıq. Düşünürəm ki, Azərbaycan sahibkarlarının xarici ölkələrə daha çox investisiya qoyması milli iqtisadiyyatın inkişafı baxımından əlverişli hal deyil. Lakin bu, niyə belə olur? ”Niyə yerli sahibkarlar milli iqtisadiyyata vəsait qoymağa can atmırlar?” kimi sualların cavabını da tapmaq və aşkarlanan nöqsanları aradan qaldırmaq lazımdır. Aydın məsələdir ki, normalda sahibkarlar vəsaitlərini olduqları ölkənin iqtisadiyyatına yatırmaqda daha çox maraqlı olurlar. Lakin bunun üçün onlara əlverişli şərait yaradılmalıdır. Bu şərait daha əlverişli biznes mühiti, ədalətli məhkəmə sistemi, hamıya bərabər imkanlar yaradan qanunvericilik, nəhayət, stimullaşdırıcı vergi-gömrük siyasəti deməkdir. İnzibati yollarla sahibkardan pulunu ölkə daxilinə qoymağı tələb edib, onu məcbur etməyə çalışmaqla heç bir nəticəyə nail olmaq mümkün deyil. Əksinə, yalnız onları xaricdə cəlb edən şərtləri, oyun qaydalarını, mühiti burada təmin etməklə ölkə daxilinə investisiyaların artmasını təmin etmək olar. Ölkə başçısı da bildirib ki, sahibkarlara hansısa hüquqi baryer yaradılmayacaq. Prezident özü onlara təminat verərək vəsaitlərini ölkə daxilinə yatırmağa çağırıb. Düşünürəm ki, bunun ardınca dövlətin stimullaşdırıcı tədbirləri həyata keçirilməyə başlanacaq”.

Dünya SAKİT

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin