“Prezident seçkilərini “Zəfər seçkisi” də adlandırmaq olar” – “Xalqımız Ali Baş Komandanın gücünə güc qatacaq”

0
143

Məlum olduğu kimi Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirir ki, növbədənkənar Prezident seçkilərini “Zəfər seçkisi” də adlandırmaq mümkündür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etmiş halda seçki marafonuna başlayacaq: “Müstəqillik tariximizdə bu, ilk dəfə olacaq. Prezident seçkiləri ölkəmizin bütün ərazisində, o cümlədən azad olunmuş ərazilərimizdə keçiriləcək. Biz bu uğura Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olmuşuq. 44 günlük Vətən müharibəsində düşməni tam kapitulyasiyaya uğradaq ərazi bütövlüyümüzü bərpa etdik. Bu ilin sentyabr ayında bir sutkadan da az müddət ərzində keçirilən antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərqərar oldu. Separatizm kitabı birdəfəlik bağlandı. Bununla da Azərbaycan həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıq fonunda növbədənkənar prezident seçkilərinin təyin olunması tarixi Zəfər qazanan ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir”.

Millət vəkili vurğulayıb ki, növbədənkənar seçkilərin keçirilməsində qeyri-adi heç nə yoxdur və dünyanın siyasi praktikasında qəbul olunmuş siyasi təcrübədir. “Bununla bağlı saysız-hesabsız faktlar sadalamaq mümkündür. Seçkilərin müəyyən səbəblərdən təxirə salınması və ya növbədənkənar keçirilməsi normal siyasi praktikadır”, – o qeyd edib.

Komitə sədri buna misal kimi hazırda müharibənin davam etdiyi Ukraynada hərbi vəziyyətlə bağlı seçkilərin təxirə salındığını xatırladır: “Bəzi hallarda isə seçki vaxtından əvvəl keçirilir və bu fakt vətəndaşların demokratik qaydada siyasi iradəsini göstərməsinə heç bir problem yaratmır. Azərbaycanda da seçkilər növbədənkənar keçiriləcək və vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Növbədənkənar prezident seçkilərinin təyin edilməsi Prezident İlham Əliyevin özünə inamının göstəricisidir. Qalib xalqın Qalib Prezidenti xalqın Ona olan dəstəyindən əmindir. Xalqımıza tarixi Zəfər qazandıran, Şuşada, Xankəndidə, Ağdərədə, Xocalıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda üçrəngli bayrağımızı ucaltmaqla 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqımızın sevgisi, dəstəyi hədsizdir. Bu gün öz doğma yurd-yuvalarına qayıdan insanların gözlərindəki sevinc Ali Baş Komandana xalq məhəbbətinin ən təbii göstəricisidir. Ölkəmizin digər bölgələrində olduğu kimi azad olunmuş ərazilərdə də həyata keçirilən abadlıq-quruculuq işləri, artıq start verilin Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin strateji hədəflərə doğru inamla addımladığının təsdiqidir. Xalqımız ona tarixi Zəfər qazandıran Prezidentini bu seçkidə də təbii ki fəal şəkildə dəstəkləyəcək, Ali Baş Komandanın gücünə güc qatacaq”.

Sadiq Qurbanov hesab edir ki, hər seçkidə olduğu kimi, bu dəfə də bütün siyasi qüvvələrə bərabər imkan yaradılacaq. Onun sözlərinə görə, Seçki Məcəlləsinə uyğun olaraq bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. “Ədalətli seçki şəraiti tam olaraq təmin edilib”, – deputat əlavə edib.

Sadiq Qurbanov daha bir məqama diqqət çəkib: “Ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi yekunlaşıb. Növbədənkənar seçkilər bu prosesin yekunlaşmasından sonra reallaşdırılır. Bu fakt da təsdiq edir ki, bütün tərəflərə bərabər şərait yaradılır və ədalətli mübarizə aparmaq imkanı təmin edilir. Bu isə siyasi qüvvələr üçün çox unikal fürsətdir. Potensialı olan istənilən siyasi qüvvə ədalətli seçki mühitinin təmin edildiyi prosesdə iştirak etməkdə maraqlı olmalıdır. Bunun əksinə mövqe ortaya qoyanlar birmənalı şəkildə qərəzlidir və bununla minimum sayda elektorat potensialına malik olduqlarını təsdiqləyirlər. Əgər özlərinin iddia etdiyi kimi böyük potensialları və xalqdan dəstəkləri varsa, seçki prosesində iştirak etməkdə maraqlı olmalıdırlar. Bu, onlara iddialarını isbat etmək üçün əla imkandır”.

Komitə sədri hesab edir ki, normal siyasi mübarizədən çəkinib qərəzçilik edənlər əslində bununla məğlub olacaqlarını etiraf etmiş olurlar. “Cəmiyyətimiz həmin radikalların heç bir dəstəyinin olmadığını, xalqla onların arasında dərin uçurum olduğunu yaxşı bilir. Elə həmin qüvvələrin özləri də xalqın nəzdinə etibarlarını çoxdan itirdiklərini və məğlubiyyətə məhkum olduqlarını yaxşı bilirlər”, – millət vəkili vurğulayıb.

(AzPolitika.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin