Prezident Şahin Mustafayevi danladı: “Siz gərək bunu dəqiq biləsiniz…”

0
91

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2019-cu ilin ilk 9 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirlərlə bağlı müzakirələr davam edir.

RealMedia.az xəbər verir ki, müşavirədə diqqət çəkən məqamlardan biri də prezidentin iqtisadiyyat naziri Şahin Mustafayevi tənqid etməsi olub. Belə ki, maliyyə naziri Samir Şərifov öz çıxışı zamanı bildirib ki, büdcə qaydasına uyğun olaraq, növbəti ilin icmal büdcə xərcləri əvvəlki ilin xalis maliyyə aktivləri əsasında formalaşır: “Eyni zamanda, burada digər vacib göstəricilərdən biri də ondan ibarətdir ki, növbəti ilin icmal büdcəsinin yuxarı xərcləri əvvəlki ilin icmal büdcəsinin yuxarı xərclərinin 103 faizindən yuxarı olmamalıdır. Hazırda təklif olunur ki, həmin göstəriciyə biz inflyasiya prizması baxımından yanaşaq və beləliklə, inflyasiya meyilləri nəzərə alınmalıdır, yəni, real artımdan söhbət gedə bilər.
Prezident İlham Əliyev: Bəli, düzdür.
Maliyyə naziri Samir Şərifov: Bununla əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnoz nəzərə alınmış, həmin proqnoza görə növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulub. Bu proqnoz nəzərə alınmaqla biz icmal büdcənin yuxarı həddinə yenidən baxmışıq və artıq müəyyən hədəf nəzərdə tutulur.
Prezident İlham Əliyev: Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni, sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox?
İqtisadiyyat naziri Şahin Mustafayev: Bəli, cənab Prezident, əsasən doğruldur.
Prezident İlham Əliyev: Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq.
Nazir Şahin Mustafayev: Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir.
Prezident İlham Əliyev: Artım?
Nazir Şahin Mustafayev: Bəli, 3 faiz görürük. Qeyri-neft sektoru üzrə 3,8 faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir.
Prezident İlham Əliyev: Əlbəttə, investisiya proqramı da burada önəmli rol oynayır.
Nazir Şahin Mustafayev: Bəli, bu, birbaşa təsir edən amillərdən biridir və digər amillər də var. Biz üç aydan bir düzəliş veririk.
Prezident İlham Əliyev: Amma biz çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünki bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?
Nazir Şahin Mustafayev: Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.
Prezident İlham Əliyev: Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin